(Hacı Abdulla Məcid Əfəndi Hacı Mustafa Əfəndi oğlu Əfəndizadə, 1829, Şamaxı ş. – 21.2.1908, Şamaxı ş.) – din xadimi, Şamaxı Quberniya Müsəlman Məclisinin sədri, Şamaxı quberniya qazısı. İlk təhsilini Şamaxıda, atasının mədrəsəsində almışdır. 1846 ildə İstanbulda Ali Ruhani Məktəbinə daxil olur və dörd il ərzində dini və dünyəvi elmlər üzrə təhsil almışdır. “Əfəndi” titulu aldıqdan sonra, Bağdadda Ali Ruhani Universitetinə daxil olur. Buranı müvəffəqiyyətlə bitirərək “müfti” titulu qazanmışdır. Bağdadda təhsil alarkən Məkkəyə getmiş və müqəddəs Kəbəni ziyarət etmişdir. Bağdaddan birbaşa Albaniyaya, Tirana şəhərinə yollanmışdır. Üç ilə qədər də orada illahiyat elmləri üzrə ciddi elmi-tədqiqat işləri aparmışdır. Ali rütbəli münsiflər heyəti qarşısında elmi əsərini müdafiə edərək “Şəriət alimi” elmi dərəcəsinə yüksəlmişdir. Alimlik diplomu aldıqdan sonra 1858 ildə Şamaxıya qayıtmışdır. Şamaxıda açılmış yeni üsullu məktəblərdən birində dərs demiş və az müddətdən sonra həmin məktəbə rəhbərlik ona tapşırılmışdır. 1858 ildə Şamaxının Cümə məscidinə Baş imam təyin edilmişdir. Ömrünün sonuna qədər Cümə məscidinin baş imamı, şəhərin süniməzhəb qazısı, Şamaxının quberniya qazısı, Şamaxı məclisinin sədri, Bakı Quberniya Müsəlman Məclisinin sədri və Tiflisdə Zaqafqaziya müsəlman mərkəzi ruhani idarəsinin üzvü olmuşdur. Şirvanda xeyriyyəçi, ziyalıların və maarifin himayədarı, yetim, dul və əlsiz-ayaqsızların yardımçısı kimi tanınmışdır.
Əd.: B.Niyazlı “Mövlanə Hacı Məcid Əfəndi (özü, zəmanəsi, müasirləri)”, Bakı, “Nurlar”, 2014