Şamaxı rayonu Həmyəli kənd i.ə.d.-nin mərkəzi. Pirsaat çayının sahilində, Çabanı yaylasında yerləşir. Əhalisi 1102 nəfərdir (2009), 205 təsərrüfatı var. Əsasən maldarlıq və əkinçiliklə məşğul olurlar. 1886 ildə əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qəbiristan sahəsində Həmyəli kəndi (53 ailə, 470 nəfər) qeydə alınmışdır.
Keçmiş adı Ərəb Həmyə olmuşdur. Yaşayış məntəqəsi bura köçürülmüş ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. Həmyə sözünun ərəb dilindəki həmyun (müdailə etmək, himayə etmək) sözündən olması ehtimal edilir. Görünür, sözün ilkin mənası “müdafiəçi ərəblər” mənasında olmuşdur.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 226
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.130