ŞİRVAN AŞIQLARI
Azərbaycan Aşıq sənəti məktəbləri içərisində Şirvan aşıqları özünəməxsusluqla fərqlənir. Bu fərq çöl mədəniyyəti ilə şəhər mədəniyyətinin fərqləri miqyasındadır. Şirvan aşıq mədəniyyəti muğam sənətilə sıx bağlıdır, bütün ifalar “pişrəv”lə (öndəgedər) başlayır. Pişrəvlərin hamısı muğam cümlələrindən ibarət olur. Bu da Şirvan aşıq məktəbinin şəhər mədəniyyətilə sıx bağlılığından xəbər verir. Zurna, balaban (bir ifacı), nağara və saz ifası böyük bir ansamblı xatırladır. Aşıq sözləri muğam oxuma sənətinə yaxın tərzdə aydın tələffüz edir. Saz ilə heca vəznində, tar ilə isə əruzda yazılan şeirlər ifa olunur. Şirvan aşıqları uzun əsrlər boyu ənənəni yaşadıb günümüzə çatdırmışlar.