Şirvan əhalisinin ənənəvi geyimlərinə dair yazılı məlumat olduqca azdır. Vaxtilə Şirvanda olmuş xarici səyyahların ekzotik səciyyəli qeydlərində geyim tiplərinin (arxalıq, köynək, tuman, qurşaq, papaq, başmaq və s) adlarına və bəzi ipək parça növlərinə aid məlumata təsadüf olunur. Şirvanda natural və yarım natural təsərrüfat həyatının uzun müddət davam etməsi ənənəvi geyimlərə dərin təsir göstərmişdir.
Bu şəraitdə geyim materialları demək olar ki, hər bir ailənin özündə hazırlanırdı. Etnoqrafik materiallar göstərir ki, Şirvan əhalisinin geyim materialları içərisində yun və ipək parçalar əsas yer tutur. Azərbaycanın başqa zonalarından fərqli olaraq buada yun parça-şal yer hanasında deyil, xüsusi mühərrik dəzgahda toxunurdu.
Kişi geyimi. Ənənəvi əyin geyimləri köynək, dizlik, nifəli şalvar, canlıq, arxalıq, çuxa, yapıncı, əba və sairədən ibarət idi. Keçmişdə kişilər ictimai mənsubiyyətindən asılı olaraq başlarına papaq, təsək, araqçın və s. qoyar, ayaqlarına məst, uzunboğaz çəkmə, dolaq, patava, ayaq şalı və s geyərdilər. Bundan başqa, kişi libası toqqa, təkbənd, qurşaq, xəncər və s ilə tamamlanırdı.
Qadın geyimi. Şamaxı qadınlarının geyim kompleksi tipoloji cəhətdən Ümumazərbaycan səciyyəsi daşıyır. Məhəlli xüsusiyyətlər ayrı-ayrı elementlərdə nəzərə nəzərə çarpırdı. Bu cəhət özündə ən çox üst geyimlərində və bəzəklərdə biruzə verirdi. Milli qadın geyimlərinə köynək, tuman, arxalıq, ləçək, örpək, kəlağayi, başmaz, corab, kəmər, çust və s daxil idi. Üst geyim kompleksinə köynək, tuman, arxalıq, küləcə, önlük, kəmər və s daxil idi. Alt köynəyi kimi köynəyi də çox vaxt tunikvari biçim olmaqla üsulu ilə tikilirdi. Varlı qadınların köynəyinin ətəyinə çox vaxt qızıl və ya gümüşdən romb formasında düzəldilmiş kəsmə adlı bəzək vurulurdu.
Ənənəvi baş geyim tiplərinin demək olar ki, hamısı Şirvan qadınlarına tanış idi. Yalnız rübənd burada nisbətən az yayılmışdı. Kübar qadınlara məxsus olan rübəndə əsasən Şamaxı şəhərində təsadüf olunurdu. Qadln baş geyimləri “geymə” və “örtmə” olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərmə cütcü və təsək daxil idi. Qurama baş geyimi olan dinkə və çalma xüsusi qaydada başa bağlanırdı. Şamaxı qadınlarının baş örtüklərinə örpək, ləçək, kəlağayi, şal, top v s daxil idi. Şamaxı qadınlarının baş geyimi əsasında kəlağayi başlıca yer tuturdu.
Oturaq məişət tərzi keçirən kəndlərdə başmaq xarakterik qadın ayaqqabısı olmuşdur. Başmaqçılar onu 3 ölçüdə-“zənənə”, “miyanə” və “qız başmağı” tikirdilər. Şəhər qadınları evdə adətən nəleyin geyərdilər. Başmaqdan fərqli olaraq nəleyinin dabanı alçaq olurdu. Cust xüsusilə ortabab kəndli ailələri üçün səciyyəvi ayaqqabı növü idi. Yoxsul kəndlilər isə hətta onu da tapıb ala bilmirdilər. Elat qadınları arasında çarıq geyənlər də az deyildi. Lakin varlı qadınları çox vaxt qaytarmaburun uzunboğaz çəkmə geyərdilər. Miniklə yol getmək üçün uzunboğaz çəkmə ən münasib qadın ayaqqabısı sayılırdı.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s. 60-81