Şamaxının gənclər paytaxtı adını almasını Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiasiyasının (AVCİYA) vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, tarix üzrə fəlsəfə doktorları Könül Əsədli və Fariz Xəlilli, filologiya üzrə fəlsəfə doktoru Zaur Babayev, psixologiya üzrə fəlsəfə doktoru Azər Mustafayev, Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynovla müzakirə etdik.
Fuad Babayev: “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq 2019-cu ilin gənclər paytaxtı Şamaxıdır. 2017-ci ildə Balakən, 2016-cı ildə Şəmkir, 2015-ci ildə İsmayıllı, 2014-cü ildə Quba, 2013-cü ildə Biləsuvar, 2012-ci ildə Gəncə gənclər şəhəri seçilib.
Fariz müəllim Azərbaycanı, xüsusilə də Şamaxı – Ağsu bölgəsini qarış-qarış gəzir. Necə bilirsiniz, bir şəhərə, bir rayona, bir yaşayış məntəqəsinə ilin gənclər paytaxtı olmaq nə verə bilər?
Fariz Xəlilli: Şamaxının gənclər şəhəri seçilməsində yerli gənclər çox aktiv iştirak ediblər. Yəni, həmin vaxt çox böyük faizlə Lənkəran şəhəri öndə idi, Şamaxı gəncləri tez bir vaxtda onları üstələyə bildilər. Xüsusilə 30 min üzvü olan Şamaxı facebook səhifəsi çox aktiv idi.
Fuad Babayev: Yaxın rəqiblər kim idi?
Fariz Xəlilli: Şamaxı aktivləşməyə başlayanda, Lənkəran hardasa on faiz qabaqda idi. Şamaxının seçilməsi məsələsi sırf gənclərin aktivliyindən irəli gəldi. Onların bir çoxu ilə münasibətdəyəm, bilirəm ki, il ərzində bu layihədən gözləntiləri çoxdur. Sosial şəbəkələrdə də bu haqda çox müzakirələr aparırlar. Şamaxının indiki başçısı da gənc adamdır. Onunla bir neçə görüşdə olmuşuq və bilirəm ki, gənclərin şəbəkəsinin yaradılmasında və könüllülərin fəaliyyətinin stimullaşdırılmasında Tahir müəllim yaxından iştirak edəcək. Bu istiqamətdə özünün də təşəbbüsü var və özü də qələbəyə çox sevinirdi.
Fuad Babayev: Əməlli başlı bir yarış atmosferi olub.
Fariz Xəlilli: Bəli, çünki Şamaxı on faiz geridə qalmışdı, yalnız son saatlarda Lənkəranı qabaqlaya bildi. Şamaxı gəncləri bütün sosial şəbəkələrdə – facebook, instagramda aktiv idilər, yəni, gənclər bunu ürəkdən istəyirdilər. Bəlkə də stimulu başçı özü vermişdi. İndi biz bunun davamı olaraq baş verəcəkləri gözləyirik. Düzdür, zəlzələ bir balaca araya girdi. Amma həm mədəni irs abidələri, həm turizm baxımından Şamaxıda çox geniş işlərin görüləcəyi haqda məlumatımız var və biz inanırıq ki, bu sahədə gənclər də aktiv rol oynayacaq.
Fuad Babayev: Azər müəllim, bu cür qələbə atmosferi psixoloji nöqteyi nəzərdən də yəqin nəyisə vəd edir.
Azər Mustafayev: Mən Azərbaycan gəncliyini regional cəhətdən lokalizasiya etməyin əleyhinəyəm. Hər il bir şəhərin qalib olması fikrimcə, Azərbaycan gənclərinin ümumi fəallığıdır. Bu müsbət haldır. İstərdim ki, Şamaxı, Bakı, ümumilikdə bütün Azərbaycan gəncləri konkret əməldə özlərini təsdiq edə bilsinlər. Bu il Şamaxı gənclərindən gözləntilərimiz çoxdur. Çox istərdim ki, Amerikada, Avropada oxuyan gənclərimiz özlərinə aid olan bütün sahələrdə fəal olsunlar.
Fuad Babayev: Etiraz etməsəydiniz, skype vasitəsilə Şamaxı ilə bağlantı qurardıq, Dəyanət müəllim Şahmar müəllimin dostu kimi ondan müsahibə alardı.
Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynovla canlı bağlantı:
Dəyanət Musayev: Şahmar müəllim ilk olaraq hamının adından Şamaxının gənclər paytaxtı seçilməsi münasibəti ilə sizi təbrik edirik. Necə deyərlər, bayram bayrama qarışıb. Bu il həm də əslən şamaxılı olan Nəsiminin 650 illiyidir. Bunlarla bağlı yəqin ki, tədbirlər olacaq. Şamaxının gənclər paytaxtı seçilməsi ilə bağlı rəmzi açarı da artıq sizə təqdim ediblər. Xahiş edirəm, bununla bağlı bizə bir qədər məlumat verəsiniz.
Şahmar Hüseynov: Təşəkkür edirəm, Dəyanət müəllim. Bu gün Şamaxıda doğrudan da bayram-bayrama qarışıb. Mən deyərdim ki, Şamaxı ictimaiyyəti, Şamaxı insanları öz qismətinin bir mübarək anını yaşayır və gənclər paytaxtı olmaq heç də bizim üçün təsadüfi olmadı. Bunu böyük bir sevinc hissi ilə qarşıladıq. Fürsət olsa, qələbəyə gedən yol haqqında bir neçə kəlmə deyərdim. Bilirsiniz ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş, bu gün cənab Prezidentimiz tərəfindən ardıcıl olaraq verilən dövlət gənclər proqramları uğurla həyata keçirilir. Şamaxı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində onlayn qaydada keçirilən səs vermə yolu ilə Azərbaycanın gənclər paytaxtı adlanacaq. Və artıq Gənclər və İdman Nazirliyi tərəfindən yanvar ayında müəyyən təlimatlar verilib. Mübarizə dövrü 25 yanvar -31 yanvar tarixlərini əhatə edib və bu dövr ərzində biz Şamaxıda öz fəallarımızı toplayaraq təbliğat qrupunu təşkil etmişik. Onlayn səsvermənin qaydasına görə, hər kəs bir səs verməlidir. Nəticədə səslərin 30,1 faizini Şamaxı yığdı. Fevral ayının birində cənab Prezidentin də iştirak etdiyi Azərbaycan gəncliyi ilə böyük bir tədbiridən sonra fevralın iksində gənclər paytaxtının simvolik açarı Şamaxı gənclərinə təqdim olundu. Açarı qəbul etmək elə bir sevinc hissidir ki, insan həm kövrəlir, həm qürur, həm fəxarət hissi duyur. Bizim Şamaxı gənclər paytaxtının simvolik açarını əldə etmək kimi bir missiyamız var idi, ondan ötrü biz öz strategiyamızı, taktimazı düzgün qurduq və nəticə etibari ilə 2019-cu il üçün Şamaxının gənclər paytaxtı adlanmasına nail olduq.
Dəyanət Musayev: Şahmar müəllim, maraqlıdır, Şamaxının gənclər paytaxtı olması ilə bağlı nə kimi tədbirlər nəzərdə tutulur?
Şahmar Hüseynov: Rayon icra hakimiyyətinin başçısı tərəfindən böyük bir tədbirlər planının nəzərdə tutulduğu sərəncam imzalanıb. Vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik və dünyəvilik prinsiplərini əsas tutaraq dörd mövzu üzrə tədbirlərin il ərzində həyata keçirilməsi nəzərdə tutulub; vətənə sədaqət, tariximiz, milli adət -ənənə, dövlət dili. Artıq dövlət, eləcə də qeyri-hökumət sektorundan müraciətlər var. İnanırıq ki, 2019-cu il Şamaxı gəncləri ilə keçirdiyimiz tədbirlərin kütləviliyi geniş rezonans doğuracaq. Keçirəcəyimiz tədbirlərə Şamaxı şəhərinin gənclərini, kənd və qəsəbələri, həmçinin region gənclərini də dəvət etməyi nəzərdə tutmuşuq. Çox istəyirik ki, gənclərimizin sosial bazasını, fiziki, mənəvi, zehni qüvvəsini dövlətimizin inkişafına sərf edək.
Fuad Babayev: Çox sağ olun, minnətdarıq sizə Şahmar müəllim. Buyurun Könül xanım:
Könül Əsədli: Şamaxı milli mənəvi dəyərləri özündə cəmləşdirən rayonlardan biridir. XXI əsrin əvvəllərində mədəni dəyərlərin qorunub saxlanması zərurəti bu sferada elmi tədqiqat işlərinə diqqəti nəzərə çarpacaq dərəcədə artırıb. Şamaxı Azərbaycanın tarixi etnoqrafik bölgələri içərisində Şirvan bölgəsinin mərkəzidir. Şamaxının nəinki Azərbaycan mədəniyyətinin, həm də Qədim Şərq mədəniyyətinin formalaşmasında rolu olub. Gənclərə bizim mədəni irsimizi tanıtmaq baxımından bu qərar doğrudan da təqdirəlayiqdir. Şamaxının maddi və mənəvi irsini canlandırmaq baxımından gəncləri bu məsələlərə cəlb etmək olar və bu mövzunun aktual detallarından biridir. Bu məsələdə Universitetlər, məktəblər, kitabxanalar və muzeylər ötürücü rol oynaya bilər. Yəni, mədəni irsimizi qorumaq, tanıtmaq baxımından bu qərar təqdirəlayiqdir.
Fuad Babayev: Zaur müəllim, Sizin fikrinizcə, burada Azərbaycan mediası nə etməlidir? Məsələn, biz 2014-cü ilin martında press-tur təşkil edərək Şərədilə getmişdik. Orada hələ də yüz il bundan əvvəl daşnaklara qarşı mübarizə aparan türk əsgərlərinin tüfənglərindən açılan güllələrin gilizləri qalıb. 1905.az portalı da həmin gün Şamaxıda millət vəkili Elxan Süleymanovun qərargahında təqdim edilib. Fikrinizcə, hadisələri daha dolğun çatdırmaq üçün media nə etməlidir?
Zaur Babayev: Biz sadəcə olaraq bir Şamaxı ziyalıları olaraq şəhərimizin gənclər paytaxtı seçilməsi kimi fürsətdən istifadə etməliyik. Jurnalistlər üçün, həm elmi işçilər, həm ictimaiyyət üçün fürsətlərin nədən ibarət olduğunu müəyyənləşdirib situasiyadan maksimum faydalanmaq lazımdır. Məsələn, Gənclər və İdman Nazirliyinə, eləcə də başqa nazirliklərə Şamaxıda yayda bir neçə gənclər düşərgəsinin yaradılması üçün müraciət etmək olar. Onlar sonradan daimi formata keçə bilər. Biz yerli olduğumuza görə, rayon ərazisini daha yaxşı tanıyırıq. Məsələn, Çuxuryurd kəndində, Kirovkada xeyli mənzərəli, maraqlı yerlər var. Və ya Qızmeydan təbiətinə görə çox səfalı, gözəl yerdir. Həm də, ordakı insanlar üçün digər yerlərdən gəlmiş gənclərlə təmas çox maraqlı olar. Yeri gəlmişkən, Çuxuryurdda hələ də molokanlar yaşayır, danışıqda əsasən rus dili istifadə edilir. Mövcud layihə çərçivəsində qəsəbəni xeyli abadlaşdırmaq, gənclər üçün yeni layihələr tətbiq etmək olar. Əsas missiya həm də mövcud problemlərin ictimai rəyə çatdırılmasıdır. Çünki ictimai rəyə dövlət qulaq asır, eşidir. Bunu həyata keçirmək də jurnalistlərin üzərinə düşür və bu baxımından komandamız mövcud layihələrin həyata keçirilməsində fəal iştirak edə bilər. Şamaxıdakı idman kompeksində müxtəlif ümumrespublika və ya beynəlxalq yarışlar keçirmək olar.
Fuad Babayev: Minnətdaram. Mən bir informasiyanı diqqətə çatdırmaq istəyirəm. 2010-cu ildə Elxan Süleymanov Şamaxının millət vəkili seçildi. Gənclərlə bağlı xeyli iş görülüb bu illər ərzində. Bu il 9-cu dəfə keçiriləcək Sabir qiraət müsabiqəsi, yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüdün verilməsi, Ərçiman və Məlcək kəndlərində iki məktəbin inşası və s. İstərdim Dəyanət müəllimi dinləyək. O, Elxan müəllimin rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiasiyasının (AVCİYA) vitse-prezidenti olmaqla yanaşı, həm də Elxan müəllimin bölgədə səlahiyyətli nümayəndəsidir.
Dəyanət Musayev: Çox sağ olun Fuad müəllim. İki məktəbdən əlavə Dəmirçidəki kənd məktəbinin dam örtüyünü dəyişmişik, bir neçə xırda məktəblərin isə cari təmirlərinə kömək etmişik. 2010-cu ildə Elxan müəllim millət vəkili seçiləndə ilk olaraq maraqlandığı məsələ Mirzə Ələkbər Sabirlə bağlı idi. Həmin vaxt məlum oldu ki, altıncı ildir Sabirlə bağlı Şamaxıda heç bir tədbir keçirilmir. Onda Elxan müəllim Sabir şeirlərinin müsabiqəsini keçirməklə bütün məktəbləri cəlb etmək təklifini irəli sürdü. Motivasiya üçün qərara alındı ki, qaliblər təqaüdlə təltif olunacaqlar. Artıq biz doqquzuncu Sabir bədii qiraət müsabiqəsinə hazırlaşırıq və bizim bu günkü günə qədər müsabiqə çərçivəsində təqaüd alan tələbələrimiz var. Müsabiqədə Şamaxı ərazisinindəki 72 məktəb, eləcə də Azərbaycan Pedoqoji Universitetin Şamaxı filialı və Şamaxı Regional Humanitar kolleci iştirak edir. Bundan başqa 2011-ci ildən rayonun ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış tələbələri aylıq təqaüd alırlar. Güman edirik ki, Şamaxının gənclər paytaxtı olması ilə bağlı qazancı bu olacaq ki, rayonda gənclər evi tikiləcək. Bildiyim qədər onunla bağlı bir müddət yer axtardılar, lakin münasib yer tapılmadı.
Fuad Babayev: Şamaxıda gənclər evinin tikilməməsinin əsas səbəbi yerin tapılmamasıdır?
Dəyanət Musayev: Düzgün yerin təklif olunmaması deyək buna.Yəqin ki, sadalananlar həyata keçəcək. Ötən illərdə gənclər paytaxtı olmuş rayonlar haqda məlumat azdır. Bununla bağlı məsuliyyət tək jurnalistikanın deyil, həm də vətəndaş cəmiyyəti, ictimai birliklərin üzərindədir. Biz özümüz də təkliflər verməliyik və həmin təkliflərin həyata keçməsində rolumuz olmalıdır ki bunu geniş işıqlandıraq.
Ülviyyə Tahirqızı: Şamaxı orta əsrlərdə Şərqin sanballı Universiteti sayılıb, dünyada tanınan mütəfəkkirlər yetişdirib. Rayonun ərazisindən keçən prospektdə yol boyu divara şamaxılı şair və yazıçıların adları yazılmış büstləri vurulmuşdu. Yoldan ötənlər üçün maarifləndirici xarakter daşıyırdı. Bildiyimə görə, hazırda həmin büstlər ordan yığışdırılıb.
Dəyanət Musayev: Büstlərin bir neçəsi avtoqəzada sındığından orda boşluq yaranıb. Əslində çox yaxşı ideya idi. Hər şairin şeirlərindən bir parça da verilmişdi.
Fariz Xəlilli: Mən Şamaxı şəhərinin qoruq olması ilə bağlı kampaniya başlatmışam. Bu çox vacibdir. Avropa gənci əşyalarını götürür, məsələn, deyək gəlir Gürcüstana, keçir Azərbaycana, çıxır Rusiyaya. Belə iki həftə, bir ay ərzində gəzir və o ərazilərin tarixi, mədəni irsini öyrənir. Şamaxının ən böyük problemi odur ki, maddi, mədəni irs abidələri və turizm obyektləri insanların kütləvi ziyarət edə biləcəyi şəkildə deyil. Mən yeni icra başçısına da məktubla müraciət etmişəm ki, Şamaxı şəhəri qoruq elan olunsun. Əvvəla, bölgəni gəzməyə gələn ilk növbədə baxır bu ölkədə hansı abidələr YUNESKO nun siyahısındadır ki, onları ziyarət etsin. Azərbaycanda da cəmi iki abidə, İçərişəhər – yəni, Şirvanşahlar sarayı ilə Qız qalası, bir də Qobustan həmin siyahıda yer alıb. Bu yaxınlarda Şəkini həmin siyahıya salmaq istədilər, amma təqdimat doğru olmadığına görə alınmadı. Ən böyük problemlərdən biri də mədəni irs abidələrinin təqdimat formasında olmamasıdır. Yenə deyirəm, Şamaxı şəhəri qoruq elan olunmalıdır.
Fuad Babayev: Qoruqda və yaxud yasaqlıqda tutaq ki, ov eləmək, ağac kəsmək olmaz. Şamaxının qoruq elan olunması özündə nəyi ehtiva edir?
Fariz Xəlilli: Şəhərdə davamlı zələzələlər olub.1100 cü ildə olan zəlzələnin təbəqəsi üzərində 1200-cü ilin Şamaxısı salınıb, 1300-cü ildə monqollar gəlib şəhəri dağıdıb, o da alt qatda yerləşir. Yəni bütün bunların hamısı Şamaxının alt təbəqəsində yerləşir. Üstündə binalar yerləşir, altında isə qaya daşlarından olan kəsmələrlə boşluqlar var.
Fuad Babayev: Romanın altında da qədim dövr Roması var.
Fariz Xəlilli: Bəli. Biz bu gün Romaya gedib XIX əsrdə tikilmiş və şəhərin alt təbəqəsindən aşkar edilmiş evlərə baxmaq istəyirik. Eləcə də heç bir turist gəlib 1824-cü ildən sonra tikilən Şamaxıya baxmaq istəmir. Mirzə Ələkbər Sabirin ev muzeyi təzə bərpa olunanda onun altında beş metrə qədər qədim təbəqə və üzərində yazılar olan qəbir daşları tapıldı. Və yaxud Xınıslı, Padar camaatının həyətlərindən saray sütun altlıqları tapılmışdı. Biz bu məsələni yenidən aktualllaşdıranda etiraz edənlər oldu. Guya mən Şamaxını dağıtmaq istəyirəm. Bizim dediyimiz isə odur ki, ey insanlar, ey azərbaycanlılar, ey şamaxılılar, ey ağsulular, ey bakılılar, bir şeyi yadınızda saxlayın ki, bu ölkənin torpağının altı qızıldır. Bu, təkcə qara qızıl deyil, həm də mədəni irs qızılıdır. Sizin, bizim, hamımızın borcu Vətən torpağının üstü kimi altını da qorumaqdır. Şamaxının Xınıslı kəndinin altı ilk tunc dövrü təbəqəsidir. Buradan antik dövrə aid sütun altlıqları çıxır ki, bu da şəhər mədəniyyətindən xəbər verir. Ordan 1958-ci ildə iki mertdən yuxarı daş heykəl çıxıb. Rəhmətlik Cabbar Xəlilovun apardığı qazıntı nəticəsində böyük bir çuxur əmələ gəldi, sonradan oranı zibilxana etdilər. Özü də bu təkcə Şamaxıda baş vermir. Gəncə, Beyləqan, Ağsu, eləcə də digərlərinin hamısı belədir.
Fuad Babayev: Mən sadəcə təklifin mahiyyətini anlamaq istəyirəm. Məsələn əgər Şamaxıdakı beş nömrəli məktəbin həyətindən arxeologiya əhəmiyyətli nəsə tapılarsa, biz məktəbi sökməliyik?
Fariz Xəlilli: Yox, məktəb də, ev də hamısı qalır yerində. Tutaq ki, həyətinizdən əhəmiyyətli tapıntı tapılır, qoruq əməkdaşları gəlib bütün ərazini ölçüyə götürəcək və siz artıq heç bir yerə toxuna bilməzsiniz, yəni eviniz qoruq ərazisi sayılır.
Fuad Babayev: Bu artıq mülkiyyət hüquqları ilə əkslik təşkil etmirmi?
Fariz Xəlilli: Yox, elə deyil. Norveçin Oslo, İtaliyanın Roma, Türkiyənin İstanbul şəhəri qoruqdur. Hamısının alrtında daha böyük şəhərlər var. Şamaxının altında da şəhər var, hətta burdan dəfinələr də tapılıb. Məsələn, Şirvanşah Beşinci Məhəmmədin pulunu kəsildiyi sonuncu dəfinə tapılanda anlaşıldı. Bunlar heç kimin atasının malı deyil, xalqın malıdır.
Təmkin Məmmədli: Kampaniya çərçivəsində təklifin həyata keçməsi üçün maksimim nə qədər səs toplanmalıdır?
Fariz Xəlilli: Nə qədər çox olsa o qədər.
Fuad Babayev: Bombardman nəticəsində dağıdılmış evi indiyə kimi Tallinin mərkəzində tarixi fakt kimi saxlayıblar. Hər halda balaca bir şeydən başlamaq olar.
Fariz Xəlilli: Mənim ilk muzey təcrübəsində olduğum ölkə Norveç idi. Orada A-dan Z-yə bütün fermerlərin ərazisində yoxlamalar aparılaraq hesabatlar tərtib edilib. Norveç ərazisi bütöv olaraq arxeoloqlar tərəfindən öyrənilib. Hər bir fermer ərazisində təsərrüfatla məşğul ola bilər, amma orada heç nə tikə bilməz. Bunun üçün ilk növbədə dövlətə xəbər verilməlidir, arxeoloqlar ərazini yoxlamalı və qərar verməlidirlər.
Ülviyyə Tahir: Bu bütöv Azərbaycan üçün əhəmiyyətli bir məsələdir. Məsələn, Bakının Zirə qəsəbəsi ərazisində həyətlərdən çıxan nə qədər küp qəbirlər dağıdılıb. Pirallahı ilə yarımadanı birləşdirən yolun altında əhəmiyyətli tapıntılar qalıb. Və ya Şağan mühafizə qalası şəxsi həyətdədir. Yəni, demək istəyirəm ki, təklif Azərbaycanın bütün ərazisi üçün aktualdır.
Fariz Xəlilli: Bəli, bu cür problemlər tək Şamaxıda deyil, Azərbaycan üzrə harada nə olduğunu göstərən mədəni irs abidələrinin xəritəsi tərtib olunmalıdır.
Fuad Babayev: Şamaxının gənclər paytaxtı olması Fariz müəllimin təklifinin aktual müstəviyə çıxması üçün çox əlverişli bir il ola bilər.
Könül Əsədli: Fikrimcə, Şamaxının həm maddi, mənəvi, həm də sənətkarlıq məsələlərini üzə çıxarmaq və gəncləri bu işə təşviq etmək lazımdır. Məsələn, Şamaxının muğam, aşıq sənətinə diqqət yetirmək lazımdır.
Fuad Babayev: Əlbəttə. Arzu edirəm ki, ilin sonunda bu heyətlə birlikdə görüş təşkil edək. Çox minnətdaram.
Hazırladı: Ülviyyə Tahirqızı, 1905.az