Evliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (25.3.1611, İstambul – 1679, 1682 və ya 1685) – türk səyyahı, coğrafiyaşünas. Mədrəsədə təhsil almış, ərəb, fars, latın, yunan, tatar və s. dilləri mükəmməl öyrənmişdi. Bir müddət sarayda, sonralar isə süvari qoşununda xidmət etmişdir. 1640 ildən başlayaraq ömrünün təqribən 50 ilini səyahətdə keçirmiş, gah səyyah, gah rəsmi nümayəndə, gah da hərbi yürüş iştirakçısı kimi Yaxın Şərq, Afrika, Avropa ölkələrini, habelə Moldaviyanı, Krımı, Ukraynanı, Volqa boyunu, Şimali Qafqazı və Cənubi Qafqazı gəzmişdir. Dəfələrlə (1640-44, 1646-48, 1655-56) Azərbaycanda olmuşdur. Gəzdiyi ölkələr haqqında on cildlik “Səyahətnamə” əsərində geniş məlumat vermişdir. “Səyahətnamə” Şərqi və Cənub-Şərqi Avropa, Ön Asiya, Şimal-Şərqi Afrika xalqlarının coğrafiya, etnoqrafiya və tarixinin öyrənilməsində mühüm mənbədir. Azərbaycanın şəhərləri, o cümlədən də Şamaxının əhalisi, yolları, tarixi abidələri, təsərrüfat həyatı, yerli adətləri haqqında məlumatları xüsusilə qiymətlidir.
Əd.: ASE, III cild, Bakı, 1979, s.572