Şamaxı və Qobustan rayonları sərhədində, hər iki rayonun ərazisinə məxsus dağ. Çigil çayla Qozlu çayın arasında yerləşir (Suayrıcıda hün. 1238 m.). Duzan dağın adını təşkil edən “duz” və “an” birləşməsindən ibarət söz ilk baxışdan “duz” və “an” olan yer kimi (yəni duz olan dağ) anılmalıdır. Lakin Duzan dağın ərazisini nəzərdən keçirdikdə bura yaylavari düzən sahədir. Duzan ərazisi ona görə də əkin yeri kimi Qızmeydan və Hilmilli kəndlərinə məxsusdur. Rus dilli əhalinin bu ərazidə (19 əsrin) yerləşdirilməsindən sonra Düzən adlandırılan sahə rusların tələffüzünə uyğun olaraq, Duzan şəklinə düşmüşdür. Dağın adında relyefin xüsusiyyəti əksini tapmışdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.200