Azərbaycanın ən qədim mədəniyyət, elm, incəsənət və dini mərkəzlərindən biri olan Şamaxı irfan sahibləri, müqəddəs məkanların vətənidir. Şirvanşahlar dövlətinə paytaxt olmuş zəngin mədəniyyətə malik bu müqəddəs diyar haqqında görkəmli yazıçı Y.V. Çəmənzəminli belə yazır: “Şirvan ötədən bəri möcüzələr və əfsanələr mərkəzi kimi tanınmışdır”. İslamiyyətin gəlişindən sonra da Şamaxının zəngin elmi, dini və mədəni mərkəzə çevrilməsi təbii və qanunauyğundur. Şamaxı Azərbaycan mədəniyyətinin və elminin intibah dövrü sayılan 11-12 əsrlərdə əsl elm məbədinə çevrilmişdi.
Şamaxıda ilk məscidin tikilməsi tarixi 8 əsr (743 il) olaraq qeyd edilsə də burada fəaliyyət göstərən dini tədris mərkəzlərinin ilk dəfə nə vaxt təsis olunduğu dəqiq məlum deyildir. Deməli, Şamaxıda ilk təhsil ocaqları olan mədrəsələrin tarixinin 8 əsrdən başladığını qeyd edə bilərik. 9-10 əsrlərdən bizə gəlib çatan bir çox əsərlərdə Şamaxı mollaxana, xanəgah və mədrəsələri, hətta orada çalışan insanlar haqqında müəyyən məlumatlara rast gəlmək mümkündür. Mənbələrdən məlum olur ki, 12 əsrdə Şamaxıda anadan olmuş Fələki Şirvani, İzzəddin Şirvani, Zülfüqar Şirvani və b. kimi onlarla şair, filosof ilk əvvəl bu şəhərdə mollaxanada, sonra isə mədrəsədə oxumuş, elm, sənət dünyasının incəliklərinə yiyələnmişdirlər.
Orta əsrlərdə Şamaxıda mədrəsə sistemi içərisində din, irfan alimi kimi şöhrət tapmış alimlər çoxluq təşkil edir. Ancaq təəssüflər olsun ki, orta əsrlərdə Azərbaycanın elm və mədəniyyət beşiyi olmuş, sadəcə Şamaxıda deyil, Yaxın Şərqdə, Orta Asiyada, Balkanlarda, Afrikada, Uzaq Şərqdə belə davamçıları, müridləri olan din alimlərinin, irfan əhlinin əksəriyyəti haqqında məlumatlar, onların yetişdikləri elm ocaqlarının izləri silinmiş, qələmə aldıqları qiymətli əsərlərin hamısı dövrümüzə qədər gəlib çatmamışdır. Gün işığına çıxan əlyazmalar və onlar haqqındakı araşdırmalar həmin əsərlərın tarixi gerçəkliklərə işıq tutması baxımından nə qədər dəyərli və əvəzsiz mənbələr olduğundan xəbər verir.
Şamaxılı din alimlərinin hamısının haqqında burada geniş məlumat vermək imkanı olmadığı üçün onlardan ən məşhurları, xüsusilə, özündən sonra dini, irfani məktəb qoyub getmiş bir neçə irfan alimi haqqında bəhs etmək daha məqsədəuyğun olardı.
Şamaxıda doğulub, boya-başa çatmış, elm, irfan sahibi Seyid Yəhya Şirvani, Qivamuddin İbrahim Şirvani, Şeyx Kəmaləddin Muhamməd Əş-Şəmaxi Şirvani, Şeyx Ziyaəddin Yusif Şirvani, Əbdürrəhman bin Abdullah əş-Şəmaxi Şirvani, Şeyx Əli Əkbər bin Mustafa Şirvani, Şərif Şirvani, Əbdülmöhsün bin Əbdülmömin Şirvani, Ayətullah Seyid Mehdi Təbatəbai Şirvani, Hacı Məcid Əfəndi və bu kimi çoxsaylı din alimlərinin də Şamaxının elm və mədəniyyət tarixində müstəsna yeri vardır.
İslam mədəniyyəti içərisində 9-10 əsrlərdə başlayan sufi cərəyanlarının Azərbaycanın elm və mədəniyyət tarixində böyük təsiri olmuşdur. 11 əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkkül etməyə başlamış Xəlvətiyyə təriqətinin əsası lənkəranlı İbrahim Zahid və onun davamçısı şirvanlı Pir Ömər tərəfindən qoyulmuşdur. Təriqətin həqiqi qurucusu, ikinci piri isə XIV-XV əsrlərdə yaşamış əs-Seyyid Cəmaləddin Yəhya bin əs-Seyyid Bəhaəddin əş-Şirvani əş-Şəmaxi əl-Bakuvi olmuşdur.
Tədqiqatçıların fikrincə, hələ 17 əsrdə Şamaxı şəhərində 10-a qədər məscid və hər bir məscidin də öz mollaxanası, 7 mədrəsə və 47 məhəllə məktəbi olmuşdur. İstər məscid nəzdində, istərsə də müstəqil şəkildə fəaliyyət göstərən mədrəsələrdən 19 əsrə qədər sadəcə tanınmış din alimləri deyil, eyni zamanda məşhur təbib, şair, filosof, xəttat, rəssam və başqa sənət sahibləri çıxmış, adlarını tarixə yazdırmışlar. Təsadüfi deyil ki, A. Bakıxanov Şirvanı “din böyüklərinin məskəni, arif və alimlərin vətəni” adlandırmışdır.
1860 illərdə Şamaxıda və ümumiyyətlə Şirvanda miladın 15 əsrindən başlayaraq formalaşmış olduqca mürəkkəb bir sosial-ictimai və dini-etnik durum mövcud idi. Təkcə 19 əsr Şamaxısında yaşayan 20 mindən artıq əhalinin dini-etnik tərkibi olduqca müxtəlif idi. Burada son 3 dinin, kitabi dinin nümayəndələrindən ibarət üç dini icma (müsəlmanlar, xristianlar və yəhudilər) yaşayırdı. Şəhər əhalisinin 90 faizini müsəlmanlar təşkil edirdi. Lakin iki böyük məhəllədə xristianlar (ermənilər, ruslar, malakanlar), bir məhəllədə yəhudi tatlar yaşayırdı.
Mahir Həmidov,
filologiya elmləri üzrə fəlsəfə doktoru
Əd.: Çəmənzəminli Y. V. Əsərləri. 3-cü cild, Bakı, 1977; Mehrəliyev E. Şirvan Elmlər Akademiyası. Çaşıoğlu, Bakı, 2000; Əhmədov H. XIX əsr Azərbaycan məktəbi. Bakı, 1985; Cəfərzadə Ə., Qəniyev S., Alışov R., Rəsulov S. Şamaxı. Səda, Bakı, 1994; Niyazlı B. Mövlanə Hacı Məcid Əfəndi. Bakı, 2004; Muradov M. Paytaxt şəhərlərinin memarlığı. Bakı, 1982; Nemət M. Azərbaycan pirləri. Bakı, 1992; Tahir M. Osmanlı müellifleri. Meral yayınevi, İstanbul; Bakıxanov A. Gülüstani-İrəm. Möminin nəşriyyatı, Bakı, 2001; Rıhtım M. Seyid Yəhya Bakuvi. Elm və təhsil, Bakı, 2013; Süleymanova N. Orta əsr Azərbaycan hüquq məktəbi və onun nümayəndələri. Nurlan, Bakı, 2011; Nəsirov E. Orta əsrlərdə yaşamış Azərbaycanlı alimləri. Nurlar, Bakı, 2011; Şirvani Y. Şəfa əl-Əsrar. Nəşrə hazırlayan: Rıhtım M. Elm, Bakı, 2013.