Azərbaycanın iqtisadi rayonlarından biri. 4 inzibati rayondan – Şamaxı, Qobustan, Ağsu və İsmayıllı inzibati rayonlarından ibarətdir. İqtisadi rayonda 4 şəhər, 4 rayon, 8 qəsəbə, 106 kənd inzibati ərazi dairəsi və 275 kənd yaşayış məntəqəsi vardır. Dağlıq Şirvan iqtisadi rayonunda 121 bələdiyyə fəaliyyət göstərir.
Dağlıq Şirvan iqtisadi rayonunun ərazisi 6,06 min km2 – dir ki, bu da respublika ərazisinin (86,6 min km2 ) 7 % təşkil edir. 1 yanvar 2012 ilin əvvəlinə olan məlumata əsasən Dağlıq Şirvan iqtisadi rayonunun əhalisi 292 min nəfər və ya ölkə əhalisinin 3,2 % təşkil etmişdir. İqtisadi rayonun əhalisinin 31,3 % şəhərlərdə, 68,7 % isə kəndlərdə yaşayır. Rayon cənubdan Aran (Kür-Araz), şimal-qərbdən Şəki-Zaqatala, şimal və şimal-şərqdən Quba-Xaçmaz və şərqdən Abşeron iqtisadi coğrafi rayonları ilə həmsərhəddir. Bu rayon digər iqtisadi rayonların tərkibində olan Qəbələ, Quba, Xızı, Abşeron, Salyan, Sabirabad, Hacıqabul, Kürdəmir, Göyçay inzibati rayonları ilə əhatələnmişdir. Ərazinin sahəsinin nisbətən böyük olması baxımından ərazidə təsərrüfat və sosial obyektləri daha çox və bir-birinə mane olmadan yerləşdirmək, ərazini daha geniş həcmdə mənimsəmək və ondan istifadə etmək xeyli əlverişlidir. Respublikanın sənaye və kənd təsərrüfatı cəhətdən inkişaf etmiş rayonları ilə həmsərhəd olması onun iqtisadi coğrafi mövqeyini daha da əlverişli edir. Bu özünü təsərrüfat əlaqələrində daha aydın göstərir. Rayonun respublikanın digər inzibati-iqtisadi rayonlarında yerləşən əsas energetika mərkəzləri olan Mingəçevir, Bakı, Şirvan şəhərləri ilə nisbətən yaxınlıqda yerləşməsi rayona daha əlverişli şərtlərlə elektrik enerjisinin nəql edilməsinə imkan verir. Bu, eyni dərəcədə rabitə, telekommunikasiya və s. veriliş xətlərinə də aiddir. Dağlıq Şirvan iqtisadi rayonunun coğrafi mövqeyinin əsas üstünlüyü isə onun respublikanın əsas ictimai-siyasi mərkəzi olan Abşeron iqtisadi rayonu ilə, xüsusilə Bakı və Sumqayıt şəhərləri ilə yaxınlıqda yerləşməsidir. Bu da rayonun ən ucqar yaşayış məntəqələrindən belə 3-4 saata respublikanın paytaxtı, əsas sənaye, elm təhsil, səhiyyə, mədəniyyət mərkəzi, ən mühüm nəqliyyat qovşağı olan Bakı şəhərinə getməyə imkan verir. İqtisadi rayonun sərnişin və yük dövriyyəsinin çox hissəsinin Bakı şəhəri ilə bağlılığı mühüm əhəmiyyət kəsb edir. Bu coğrafi mövqe yük daşımalarının maya dəyərinin aşağı olmasına, sərnişin nəqliyyat xərclərinin xeyli azalmasına və vaxta qənaət edilməsinə imkan verir. İqtisadi rayonun Bakı, Sumqayıt, Şirvan, Kürdəmir, Göyçay və s. bu kimi iri yaşayış məntəqələrinin yaxınlığında yerləşməsi rayonun istirahət-rekreasiya ehtiyatlarından istifadənin həcmini xeyli artırır. Rayonun gözəl mənzərəyə, sərin iqlimə, keyfiyyətli şirin və mineral sulara, dağ meşələrinə və s. malik olan bir çox əraziləri yuxarıda qeyd edilən şəhərlərin, xüsusilə də Bakının əhalisinin sevimli istirahət yeridir. Dincəlmək üçün əhalinin rayona axını istirahət günlərində, tətillərdə, xüsusilə də yayda güclənir ki, bu da rayonun sosial-iqtisadi inkişafına, o cümlədən nəqliyyata, xidmət sahələrinə, yerli əhalinin sosial durumuna müsbət təsir göstərir. Dağlıq Şirvan iqtisadi coğrafi rayonu çox əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Havanın orta illik temperaturu bütün ərazi üçün müsbətdir. Onun ən yüksək göstəricisi 14,5ºC olmaqla rayonun düzənlik hissələrində, xüsusilə Qobustanda (şimal-qərb və şimal hissələrinin alçaq və orta dağlıq hissələri istisna olmaqla), Şamaxı və Ağsu rayonlarının cənubunun çox hissəsində müşahidə olunur. Bu zonanın nisbi yüksəkliyi 200-300 m təşkil edir. Bu zonadan dağlıq zonaya tərəf getdikcə temperatur tədricən aşağı düşür, dağətəyi və alçaq dağlıq zonada orta illik temperatur (xüsusilə Babadağ zonasında) 0ºC qədər azalır. Rayon ərazisində orta yanvar və orta iyul temperaturlarının paylanması müxtəlifdir. İyul ayının orta temperaturu rayonun düzənlik hissələrində 24-25ºC olduğu halda orta dağlıqda 20-15ºC, yüksək dağlıqda isə 10-5ºC- ə qədərdir. Yanvar ayının orta temperaturu rayonun düzən ərazilərində 0-4ºC arasında, dağətəyi zonada 0-3ºC arasında, orta dağlıqda 5-6ºC arasında, yüksək dağlıq qurşaqda isə 6ºC ilə 14ºC arasında dəyişir. Rayonun düzənlik ərazilərində mütləq maksimum temperatur 40-41ºC, dağətəyi zonada 37-40ºC, orta dağlığın aşağı zonasında 30-37ºC, 1500-2000 m yüksəklərdə 27-30ºC, yüksəkdağlıqda (3000-3500 m-ə qədər) 20-30ºC-yə qədər qalxır. Bir qayda olaraq mütləq maksimum temperatur rayonun çox hissəsində iyul ayının ikinci yarısına təsadüf olunur. Dağlıq Şirvan iqtisadi rayonunun faydalı qazıntılar ehtiyatı nisbətən aşağıdır. Lakin, qeyd etmək lazımdır ki, rayonun, xüsusilə onun dağlıq zonasının geoloji öyrənilməsi hələ tam deyil. Cənub şərqi Qobustanda neft və təbii qaz yataqları (Hilmilli, Cabanı və s.) aşkar olunub. Neft bəzi yerlərdə hidrogenli sularla qarışıq (Donuzdağ çuxuru və s.) çıxır. Çox yerdə qaz təbii halda (Nabur, Hilmilli, Cəyirli, Şorsulu, Ərəbqədim, Qoturdağ və s.) çıxır. Bundan başqa rayonda mineral boyaq, bitium, mərmər, əhəngdaşı, gillər, çökmə duz və s. növ faydalı qazıntı yataqları da məlumdur. Rayonun hidrokarbonatlı mineral suları böyük əhəmiyyət daşıyır. Bunlardan Zərgəran, Çağan, Qaleybuğurd, Çuxuryurd suları daha məşhurdur. Ən əhəmiyyətlisi Çuxuryurd bulaqlarıdır (suyun temperaturu 15º-17º, gündəlik debiti 200000 litr). Bu suların böyük müalicəvi əhəmiyyəti olduğundan əhali onlardan bir çox xəstəliklərin müəlicəsində geniş istifadə edir. Rayonda faydalı qazıntı hasilatının həcmi yüksək olmasa da yerli xammal əsasında yerli əhəmiyyətə malik olan asfalt, kərpic, əhəng istehsalı və s. müəssisələr fəaliyyət göstərir.
Əd.: Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun rəsmi saytı (www.ier.az)