(30.12.1915, Şamaxı qəz. Rəncbər k. – 2007, Bakı) – Azərbaycan kimyaçısı. Kimya elmləri doktoru (1959), professor (1963), Azərbaycan SSR EA müxbir üzvü (1980). Azərbaycan SSR əməkdar elm xadimi (1979). Azərbaycan EA Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri olmuşdur.
Əsas tədqiqatları karbohidrogenlərin katalitik çevirmələrini fiziki-kimya, kimyəvi-fizika, neft kimyası, kinetika və kataliz əsasında öyrənməyə həsr olunmuşdur. Neft məhsullarından mühərriklər üçün ilk dəfə iki növ səmərəli yanacaq (Naftil-1 B və Ditsil) və aşağı molekullu doymuş karbohidrogenləri hidrogensizləşdirmək üçün yeni katalizator (6 A – 24 C) təklif etmiş, parafin sırası karbohidrogenlərini izomerləşdirmək üçün 3 yeni tip katalizator almışdır. Beynəlxalq simpoziumlarda məruzə ilə çıxış etmiş, Almaniya, Rumıniya və Çexoslovakiyada elmi məzuniyyətdə olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var.
Əd.: ASE, X cild, Bakı, 1987, s.594.