Ət və xəmirdən hazırlanan xörək. Yağlı qoyun və ya mal əti soğanla birgə ətçəkən maşında çəkilib qovrulur, duz, istiot, darçın vurulur, xırda doğranmış axta zoğal və ya sumaq qatılır. Mayalı xəmir yoğrulur (1 kq una 1 yumurta, bir qədər süd və su). Xəmir gələndən sonra 12-14 kündə tutulur.
Hər kündə nazik yayılır və bir-birinin üstünə qat-qat yığılır. 4-5 kündə yayılandan sonra qatlar 10-12 sm-lik kvadratlara kəsilir, hər kvadrat burulub kiçik masqura şəklinə salınır, içinə bir xörək qaşığı ət qoyulub şəkərbura kimi bükülür və qırağı burulur, tavada qaynar yağın içində qızardılır (yağ çudunun üstünü örtməlidir). Qızarmış Ç.-lar kəfgir ilə yağdan çıxardılıb siniyə düzülür və üstünə çoxlu sumaq səpilir. Bir qədər soyuduqdan sonra üstünə şəkər kirşanı ələnir. Ç.-nun xəmirini çay sodası ilə də yoğurmaq olar. Bu vaxt xəmirin gəlməsini gözləmək lazım deyil.
Əd.: “Azərbaycan kulinariyası”, Bakı, “Şərq-Qərb”, 2007, s.43