İBRAHİMBƏYLİ Məmmədibrahim Əhməd oğlu
(1899, Şamaxı ş. – 1970) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru. Ailəsi 1902 ildə baş vermiş Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşdür. M.İbrahimbəyov öz pedaqoji fəaliyyəti dövründə indiki Tusi adına ADPU – da, BDU-da coğrafiyadan dərs demiş, Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuş, keçmiş SSRİ EA Azərbaycan filialının Coğrafiya sektorunda elmi katib işləmiş, Azərbaycan ali məktəblərində coğrafiya fakültələrinin təşkilində fəal iştirak etmişdir.
İBRAHİMBƏYOV Fuad Əhməd oğlu
(29.12.1901, Şamaxı ş. – 30.6.1985, Bakı.) – Azərbaycan psixoloqu, Azərbaycan SSR-in əməkdar həkimi, pedaqoji elmlər namizədi (1933), tibb elmləri namizədi (1939). Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir (1925). 1926 ildə respublikada ilk eksperimental psixoloji laboratoriyanı yaratmış və burada özünün dərin elmi axtarışlarına başlamışdır. 1948 ildə sovet repressiyalarının qurbanı olmuş, 1953 ildə əfv edilmişdir. 1954 ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun psixologiya kafedrasının müdiri seçilmişdir.
İBRAHİMOV Fərhad Əlibaba oğlu
(25.9.1931, Şamaxı r-nunun Əngəxaran k. – 12.9.2001 Bakı) – arxeoloq, tarix üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filoloji fakültəsini bitirmişdir. 1959 ildən Azərbaycan EA Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi vəzifəsinə götürülmüşdür. 1965-68 illərdə SSRİ EA Leninqrad bölməsində tanınmış alim A.L.Yakobsonun rəhbərliyi ilə arxeologiya ixtisası aspiranturada oxumuşdur. O, Örənqala arxeoloji qazıntılarında (1959-69) aşkara çıxarılmış bütün metal məmulatlarını hərtərəfli tədqiq edərək, “9-13 əsrlərdə Azərbaycan şəhərlərində metalişləmə sənəti (arxeoloji və etnoqrafık materiallar əsasında)” adlı dissertasiya yazmış və 1969 ildə müdafiə etmişdir. 1988 ildə həmin mövzunu daha geniş işləyərək monoqrafiya kimi nəşr etdirmişdir. Örənqala və Şirvan arxeoloji ekspedisiyasının Şamaxı, Ağsu, İsmayıllı dəstələrinin çöl-tədqiqat işlərində yaxından iştirak etmişdir. 1969 ildən Bakı arxeoloji ekspedisiyasında dəstə rəisi, rəis müavini işləmiş və 1976 ildən bu ekspedisiyanın rəhbəri olmuşdur. 4 kitabın və 100-dən çox elmi məqalənin müəllifıdir. 3 kitabı və 60 məqaləsi bilavasitə Bakının orta əsr arxeologiyasına həsr edilmişdir.
İBRAHİMOV Kamil Fərhad oğlu
(8.6.1962, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq, tarix üzrə fəlsəfə doktoru, professor. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının və Türkiyə Akdeniz Universitetinin professorudur. Bakı Dövlət Universitetini bitirmişdir. 20 ildən artıq bir müddət ərzində Azərbaycanın bir çox ərazilərində, o cümlədən Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyalarda yaxından iştirak etmiş, 2001-07 illər ərzində Bakı arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur.
İLHAM NAMİQ KAMAL
İlham Namiq-Kamal oğlu Əhmədov, (9.1.1949, Bakı) – Azərbaycan aktyoru, teatr rejissoru, “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri, professor, Azərbaycanın xalq artisti (2002). Əslən Şamaxıdandır. Azərbaycan Dövlət Teatr İnstitutunda SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycanın xalq artisti Rza Təhmasibin kursunda təhsil almışdır. 1971 il noyabrın 25-dən 1972 il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, fevralın 3-dən isə Akademik Milli Dram Teatrında çalışmışdır.
İMANOV Sədi Şahsətdin oğlu
(14.4.1924, Şamaxı r-nunun Əngəxaran k. – 4.10.2011, Bakı) – Azərbaycan pedoqoqu, fizik, metodist. Pedaqoji e.d. (1973), professor (1975), SSRİ Pedaqoji EA müxbir üzvü (1985), 1955 ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmişdir. 1975 ildən fizikanın tədrisi metodikası kafedrasının müdiri olmuşdur.
İMANOVA Rəna Sədi qizi
(6.7.1958, Bakı) – filoloq, filologiya üzrə fəlsəfə doktoru (2002), dosent (2008). Sədi İmanovun qızıdır. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1981 ildən Bakı Dövlət Universitetində, 1991 ildən həmin universitetin humanitar fakültələr üzrə rus dili kafedrasında işləyir. 23 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir. Elmi konfrans və simpoziumların iştirakçısıdır.
İSAYEV Ağasəmid Babasəmid oğlu
(5.11.1961, Şamaxı r-nunun Ovculu k.) – tibb elmləri doktoru (2009), professor (2012). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1986 ildə həmin institutun Elmi Şurasının qərarı ilə “İnsan anatomiyası” kafedrasında baş laborant kimi əmək fəaliyyərinə başlamışdır. 2012 ildən həmin kafedranın professorudur.
İSAYEV Fikrət Kamal oğlu
(20.7.1935, Şamaxı r-nunun, Dilman k.) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1986), Azərbaycan Respublikasının əməkdar müəllimi (2010). Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1969 ildən Azərbaycan Dövlət Tibb Universitetinin tibbi fizika və informatika kafedrasında çalışır.