ƏLİZADƏ Məmmədtağı Hacı Əbdülsəməd oğlu
(10.1.1858, Şamaxı – mart, 1918, Şamaxı) – ictimai-siyasi xadim, iqtisadçı alim, publisist; Birinci Dövlət Dumasının deputatı. Şamaxı məhəllə məktəbində (1864-68), Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki altısinifli məktəbdə (1868-74), Bakı realnı məktəbində (1874-78) oxumuşdur. Moskvada Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasını aqronom və iqtisadçı ixtisası üzrə bitirmişdir. Təkmilləşmək üçün Avropaya getmiş, bir il Fransa və Almaniyada yaşamış, Sileziya vilayətinin iqtisadiyyatına dair elmi əsər yazıb nəşr etdirmişdir. Rusiya imperiyası maliyyə nazirliyinin rüsum və töycü şöbəsində işləmişdir (1883-88). Nazir Rixtenin islahat layihələri bürokratiyanın müqaviməti ilə qarşılaşarkən, digər mütərəqqi məmurlarla birlikdə istefa verib Şamaxıya qayıtmış, xeyriyyə işləri ilə məşğul olmuşdur. İrana səyahət etmiş, müşahidələri əsasında Z.Marağayinin “İbrahim bəyin səyahətnaməsi” romanına bənzər bir əsər yazmışdır.
ƏLVƏNDİ
Məlikov Məhəmmədbəy (1872, Şamaxı – 1918) – Azərbaycan aktyoru. Səhnə fəaliyyətinə 1890 illərdə Bakıda başlamışdır. Sonralar, əsasən, “Nicat” cəmiyyəti nəzdindəki teatr truppasında çıxış etmişdir. Rolları: Heydər bəy (“Hacı Qara”, M. F. Axundov), Әşrəf bəy, Rüstəm bəy (“Yağışdan çıxdıq, yağmura düşdük”, “Müsibəti-Fəxrəddin”, N. B. Vəzirov), şah Təhmasib (“Nadir şah”, N. Nərimanov), Murtuzaqulu xan (“Ağa Məhəmməd şah Qacar”, Ә. B. Haqverdiyev), Qəhtan (“Dəmirçi Gavə”, Ş. Sami), Osip (“Müfəttiş”, N. Qoqol), Yaqo (“Otello”, V. Şekspir), təbib (“Zorən təbib”, J. Molyer) və b. Әlvəndinin yaratdığı obrazlar həyatiliyi, bədii dolğunluğu ilə fərqlənirdi.
ƏSƏDLİ Könül Xanqulu qızı
(2.10.1979, Ağsu r-nun Çaparlı k.) – tarixçi, tarix üzrə fəlsəfə doktoru (2008). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsində çalışır (2002). Hazırda həmin institutun böyük elmi işçisidir. 1 monoqrafiyası, bir sıra məqalə və tezisləri nəşr olunmuşdur.
ƏSGƏROV Firudin Həsən oğlu
(25.5.1933, Ağdaş ş. – 3.3.2005, Bakı ş.) – geoloq, geologiya-mineralogiya elmləri namizədi (1968), Beynəlxalq Ekoenerji Akademiyasının professoru (1993). Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Neft Akademiyasında, Əlcəzairin Bumərdəs şəhərinin Sanye Universitetində müəllim işləmişdir.
ƏSKƏROV Tahir Tanqah oğlu
ƏTŞAN ŞİRVANİ
Molla Əliabbas Ətşan Şirvani (?, Şamaxı ş. – 1918, Gəncə ş.) – şair, müəllim. Şair Abbas Səhhətin atasıdır. Ərəb və fars dillərini mükəmməl bilmiş, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Bu əsərlər məhəbbət mövzusunda qəzəllər, dini mövzuda mərsiyələr, ailə-məişət mövzusunda satirik şeirlər idi. Şeirlərinin az bir qismi məlumdur. Uzun müddət müəllimlik etmişdir. Oğlu Abbas Səhhətlə eyni gündə Gəncədə vəfat etmiş və orada dəfn olunmuşdur.
ƏYYUBOVA Mələkxanım
(5.11.1962, Şamaxı ş.) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Muğam sənətinin sirlərini Qulu Əsgərovdan öyrənmişdir. 1980 ildə yeni yaradılmış “İrs” folklor ansamblına dəvət olunmuş və qədim xalq mahnılarını böyük ustalıqla ifa etmişdir. 1984 ildə Azərbaycan Dövlət Televiziya və Radiosuna solist kimi cəlb edilmişdir. S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin müşayiəti ilə yazdırdığı bir sıra bəstəkar mahnıları və zərb muğamları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
ƏZİZBƏYOV Şamil Əbdürrəhim oğlu
(16.2.1906, Şamaxı – 14.5.1976, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya e.d. (1943), prof. (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960), Azərbaycan SSR EA vitse-prezidenti və Azərbaycan SSR EA geologiya-kimya elmləri və neft bölməsinin sədri (1945-47), Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik katibi (1959-76) eyni zamanda Geologiya İnstitutunda petrologiya laboratoriyasının rəhbəri (1947-76) olmuşdur. Әzizbəyov Qafqazın geologiyasına, maqnetizminə və metallogeniyasına dair bir sıra aktual problemləri həll etmişdir.
ƏZİZBƏYOVA Zibeydə Salam qızı
(30.12.1915, Şamaxı – 10.5.1985, Bakı) – bitki fizioloqu, biologiya e.d. (1965). 1967 ildən Azərbaycan SSR EA L.M. Komarov adına Botanika İnstitutunda bitkilərin duza davamlığı laboratoriyasının müdiri olmuşdur. Әsas tədqiqatı bitkilərin duza davamlığını öyrənməyə həsr edilmişdir. Әzizbəyovanın elmi kadrlar hazırlanmasında da xidməti var.