MİKAYILOVA Mehriban Nurqələm qızı
(1.1.1960, Bakı) – memarlıq üzrə fəlsəfə doktoru (1987), dosent (2000). Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu bitirmişdir. Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunda elmi işçi (1985-93), Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında baş müəllim (1993-2000) vəzifəsində çalışmışdır.
MİRƏLƏMOV Mirələm Fərman oğlu
(1988, Şamaxı ş.) – xanəndə. Asəf Zeynallı adına Musiqi Kollecini (Zabit Nəbizadənin sinfini) bitirmişdir. 2011 ildə Heydər Əliyev Fondunun muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə keçirdiyi Televiziya Muğam Müsabiqəsinin və 2013 ildə “Muğam Aləmi” 3-cü Beynəlxalq Muğam Festivalının Qalibi olmuşdur.
MİRSƏLİMOV Mirmehdi Mirmövsüm oğlu
MİRZƏ AĞA TƏBİB
Mirzə Ağa ibn Ağa İbrahim ibn Hacı Ağababa Şəmaxi (1800, Firdağ ş.) – təbib, şair, filosof. İlahiyyatı babasından və atasından, təbabəti isə İran alimlərindən öyrənmiş, mütaliə sayəsində bu qabiliyyətlərini daha da təkmilləşdirmişdir.
MİRZƏ CƏFƏR ŞAMAXILI
(? – ?) – 19 əsr Azərbaycan rəssamı və nəqqaşı. Həmçinin şair kimi də tanınmışdır. 19 əsrin ikinci yarısında Şamaxıda yaşamışdır.
MİRZƏ GÜLLƏR
(19 əsr, Cavad k. – 1914 ildən sonra, Şamaxı) – xanəndə. 19 əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın. O dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir. 1890 illərdən Şamaxıda xanəndəlik etmiş, xanəndə Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmiş, Şamaxı musiqi məclislərində iştirak etmişdir.
MİRZƏ MƏHƏMMƏDHƏSƏN İSMAYIL OĞLU
(1851, Şamaxı – 1917, Şamaxı) – xanəndə, şair. Onun formalaşmasına Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərinin (bax: Şamaxı Muğam məclisləri) böyük təsiri olmuşdur. Onun ilk muğam müəllimi Kərbəlayı Əkbər Mahmud ağanın sarayında xanəndə idi. Gənc Məhəmmədhəsən dini mərasimlərdə iştirak etmiş, Kərbəlayı Əkbərdən muğam və təsnifləri dərindən öyrənmişdir. Onun istedadını dəyərləndirən Mahmud ağa onu öz sarayına dəvət etmişdir. O, burada püxtələşərək, dövrünün mahir xanəndələrindən biri kimi tanınmış, hətta muğam məclislərində Hacı Hüsü, Əbdülbaqi Zülalov kimi ustad xanəndələrlə yarışa girmişdi; muğamatı və poeziyanı dərindən bildiyinə və özü də şeirlər yazdığına görə onu “Mirzə” çağırırdılar.
MİRZƏLİYEV Abgül Ərzulla oğlu
MOLLA QƏDİR NACİ ŞİRVANİ
(? – ?) – şair. Şirvanda xanlıq dövrünün Şirvani təxəllüslü şairlərindəndir. F.B.Köçərlinin yazdığına görə, Mirzə Nəsrullah Bahar, Əndəlib Kaşani, Seyyid Şirvani və digərləri ilə Şamaxıdakı məşhur Hacı İbrahim bəy bağında məclis qurar və yaradıcılıq müzakirələrilə məşğul olarmış.