MƏLCƏK
Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 487 nəfərdir (2009), 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.
MƏLHƏM
Şamaxı r-nu Məlhəm i.ə.d.-də kənd. Rayon mərkəzindən 8 km şimalda, dağ ətəyindədir. Əhalisi 1392 nəfər, təsərrüfatlarının sayı 414-dür (2009). Taxılçılıq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
MƏLİKÇOBANLI
Azərbaycan Respublikası ərazisində palçıq vulkanı. Şamaxı rayonu ərazisində, Məlikçobanlı kəndi yaxınlığındadır. 1967 ildə püskürmüşdür.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.491
MƏLİKÇOBANLI
Şamaxı r-nu Məlikçobanlı kənd i.ə.d.-nin mərkəzi. Zoğalava çayının sahilində, dağ ətəyindədir. Əhalisi 1882 nəfərdir (2009), 347 təsərrüfatı var. 19 əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik Cobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasında və Şamaxı qəzasında maldarlıqla məşğul olan məlik cobanı eli olmuşdur.
MƏLİKOV Əhməd Qulu oğlu
(18.9.1961, Şamaxı r-nunun, Leninabad k.) – texnika üzrə fəlsəfə doktoru (1990), 2015 ildə “Azərbaycanın milli unlu məmulatları istehsalında texnoloji proseslərin intensivləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir.
MƏLİKOV Fərhad Faiq oğlu
MƏLİKOV Güləhməd Yusif oğlu
(23.5.1952) – riyaziyyatçı, riyaziyyat üzrə fəlsəfə doktoru (1988), dosent (1995). Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmiş, həmin dövrdə tətbiqi riyaziyyat fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur (1974-89).
MƏLİKOV Telman Qulu oğlu
(5.1.1950, Bakı) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (2005), professor (1992). Bakı Dövlət Universitetini bitirmişdir. 1976-77 illərdə Gəncə Dövlət Universitetində, 1977-2013 illərdə Azərbaycan Texnologiya Universitetində çalışmışdır. 1990-2005 illərdə ali riyaziyyat kafedrasının müdiri, 2000-13 illərdə universitetin rektoru olmuşdur. Hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir.
MƏMMƏDLİ Tahir Yadigar oğlu
(2.1.1957, Şamaxı ş.) – Azərbaycan seysmoloqu, geologiya-mineralogiya elmləri doktoru (2007). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının “Geofizika” Elmi Mərkəzinin Təcrübi-Metodiki Ekspedisiyasının “Şamaxı” seysmik stansiyasında texnik, baş texnik, baş mühəndis vəzifələrində çalışmışdır.