FATMA BƏYİM ŞİRVANİ
(1778, Şəki ş. – 1825, Kürdəmir) – şairə. Şəki xanı Məhəmmədhüseyn xan Müştaqın qızı, Hacı Çələbi xanın nəticəsi, Şirvan xanı Mustafa xan Ağası xan oğlunun həyat yoldaşı. 1801-10 illərdə Fitdağ və Köhnə Şamaxıda, sonra isə ömrünün sonuna kimi Kürdəmirdə, Mustafa xanın bağışladığı malikanədə yaşamışdır.
FAZİL ŞİRVANİ
Fəridəddin Əbülhəsən ibn Əli ibn Əbdülkərim, (1057/60, Şamaxı ş. – 1146) – alim, astronom. Şirvanın qaynar elm mərkəzində dostu Kafiəddin Ömərlə çiyin-çiyinə çalışmışdır. Bəzi mühakimələrə görə, 11 əsrin axırlarında Dədəgünəş astronomiya mərkəzinin başçısı idi. Bu mərkəz Kafiəddin Ömər Şirvaninin başçılıq etdiyi akademiyanın strukturunda mühüm elmi mərkəzlərdən biri idi. 30 il ərzində ulduzların hərəkətini öyrənmək sahəsində tədqiqat aparmışdır. Ulduzların hərəkətinə dair tərtib etdiyi cədvəli 1146 ildə tamamlaması və həmin ildə 89 yaşında vəfat etməsi barədə əsaslı məlumat vardır.
Əd.: E. Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.55-56
FƏLƏKİ ŞİRVANİ
əsl adı Məhəmməd, (1126 Şamaxı, – 1159 Təbriz) – 12 əsr Azərbaycan şairi. Ancaq Fars dilində yazmışdır. Xaqani Şirvaninin müasiri olmuş, Әbül-üla Gəncəvidən şeir-sənət dərsi almış, Şirvanşahların mötəbər saray şairlərindən sayılmışdır.
FƏRİBÜRZ I
(? – təqr. 1096) – Şirvanşah [1063 – 96]. Salar ibn Yəzidin oğlu. Atasının sağlığından dövləti idarə edirdi. Onun dövründə Şəddadilər (1063 – 64) və Səlcuqlar (1066) dəfələrlə Şirvana soxuldu.
FƏRİBÜRZ II
(?-?) – Şirvanşah [1200/01-1204], II Əfridunun oğlu, Kəsranilər sülaləsindən idi. Bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində dini rəmz və xəlifə ən Nasir-lidin-Allahın adı, əks tərəfində isə “əl-məlik, əlo-adil Cəlal əd-Dünya və-d-din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah” sözləri həkk olunmuşdur.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s. 172
FƏRİBÜRZ III
(? – ?) – Şirvanşah [1225 – 1243], I Gerşasbin oğlu, Kəsranilər sülaləsindən idi. I Gerşasb taxtdan salınandan sonra Şirvanın hakimi olmuşdu. Hakimiyyəti dövründə Şirvana gürcülərin basqınları, Xarəzmşahın və monqolların hücumu kimi kədərli hadisələr baş vermişdi. Numizmatik məlumatlar təsdiq edir ki, ölkə monqollar tərəfindən işğal olunsa da, Şirvanşah onlardan tam asılı deyildi. Şirvanın epiqrafik abidələrində də Fəribürzün adı çəkilir.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s.180-184
FƏRRUX ŞİRVANİ
(1125-1176), – 12 əsr Azərbaycan şairi. Şirvan şahı III Mənuçöhrə qəsidələr yazmışdır. Dərin fəlsəfi şeirləri vardır. Bir müddət Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərmişdir.
Əd.: E. Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.62
FƏRRUX YASAR
(?-1500) – Şirvanşah [1462 – 1500], I İbrahimin oğlu. Dərbəndilər sülaləsindən idi. Qardaşı I Xəlilüllahın ölümündən sonra hakimiyyətə keçmişdi. 1488 ildə Şeyx Heydərin başçılığı ilə Qızılbaşların Şirvana hücumu zamanı Gülüstan qalasına çəkilən Fərrux Yasar qohumu və müttəfiqi Ağqoyunlu Sultan Yaqubdan kömək istədi. Süleyman bəy Bicənoğlunun başçılıq etdiyi Ağqoyunlu dəstələri və Şirvanşah qoşunu ilə döyüşdə Şeyx Heydər öldürüldü. 1500 ildə I İsmayılın başçılığı ilə Qızılbaşlar yenidən Şirvana hücum etdi. Gülüstan qalası yaxınlığındakı döyüşdə Fərrux Yasar həlak oldu. F. Yasarın dövründə Şirvanın Rusiya ilə diplomatik və ticarət əlaqələri genişləndi. Ölkədə geniş quruculuq işi aparıldı.
Əd.: ASE, IX cild, Bakı, 1986, s. 538
FƏRRUX YASAR II
(? – ?) – Şirvanşah [1527/28 – 1527/28], Şeyxşahın oğlu, Dərbəndilər sülaləsindən idi. 1527/28 ildə bir neçə aylığa hakimiyyəti qardaşı II Xəlilüllahdan tutub almış və bu müddət ərzində öz adından sikkə zərb etdirə bilmişdir. Xəlilüllah tərəfindən qovulduqdan sonra, onu Müzəffər Mirzə adlandıran Hürşahın məlumatına görə, Dağıstana, qohumu olan “Şamxal ölkəsi”nə qaçmış və onun himayəsində yaşamışdır.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s. 318