“Şirvan ədəbi mühiti”- dedikdə, onu əlahiddə bir ada kimi deyil, Şimallı-Cənublu Ümumazərbaycan kontekstində, özünəməxsus keyfiyyətləri üzə çıxarmaq istəmişik. Şirvan tarix boyu özünün Söz sərvətilə tanınıb. Bütün sənətlərdə olduğu kimi, ədəbiyyatda da peşəkar və həvəskar səviyyələri var. Peşəkar dedikdə, heç də, işi-peşəsi ancaq yazmaq olan adamları yox, sözə həssas, yaradıcılıq qüdrəti uca olan sənətkarları düşünürük. Biz, şeirinin cövhərində elm və irfan olmayan, ancaq maddi dünyanın həzz və iztirablarını korşalmış naşı qələmiylə yazan həvəskar səviyyəli şairləri 1000 illik ədəbi mühiti ehtiva edən bu kiçik həcmli icmalda xatırlatmamağa çalışdıq. Şirvan ərazicə o qədər geniş olmasa da, dünyaya verdiyi ruh və fikir nəhənglərinin sayı və keyfiyyətinə görə lider olaraq qalır. Yetirdiyi dahi şairlər baxımından, söz sərrafları, Şamaxını ancaq İranın Şiraz vilayətilə müqayisə edirlər. İsalamdanqabaqkı dövrlərdə Şamaxının ədəbi mühiti haqqında hələ ki, söz demək üçün əldə tutarlı faktlar yoxdur. Arxeoloji asari-əntiqə burada antik dövrdə və ilk orta əsrlərdə ticarətin və sənətkarlığın, bir sözlə, iqtisadi vəziyyətin yüksək səviyyəsindən xəbər verir. Təkcə bu fakt, Şamaxıda o vaxtlar söz və saz sənəti bazasının olduğu fikrini demək üçün kifayət edər.
Ətraflı oxu