AXUNDOV Әbdülxalıq Haсı Abdulla oğlu
(1863, Şamaxı ş. – 1944) – həkim, publisist, tərcüməçi. Almaniyanın Erlangen Universitetini bitirmişdir. Derpt Universitetində doktorluq disertasiyası müdafiə etmişdir (1893). Bakıda Həkimlər Cəmiyyətini təsis edənlərdən biri olmuşdur. 1892 ildə Əbu Mənsur Hərəvinin 11 əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə edərək ölkəmizdə tibb tarixinin araşdırılmasının təməlini qoymuşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 108
AXUNDOVA-BAĞIRBƏYOVA Sona Əbdul qızı
(23.8.1896, Şamaxı – 27.1.1982, Bakı) – Azərbaycan oftalmoloqu, tibb e.d. (1952), professor (1954), Azərbaycan SSR əməkdar elm xadimi (1964) və əməkdar həkimi (1960). 1923 ildə II Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Bakıda göz xəstəxanalarında həkim (1923-38), baş həkimin müavini (1938-46) vəzifələrində çalışmışdır.
AYAZAXTARMA
Şamaxı r-nu ərazisində, Qobustanda, Gicəki dağında palçıq vulkanı. Hün. 45-50 m. Gicəkaxtarma da adlanır.
Azərbaycan dövlət Rəmzləri
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)
- Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
- Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN ŞAMAXI FİLİALI
Ali təhsil müəssisisəsi. Ümummilli lider Heydər Əliyevin 2000 il 13 iyun tarixli 349 saylı qərarı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları yaradılmışdır. AMİ-nin Şamaxı filialı həmin dövrdən fəaliyyət göstərir. Hazırda filiala f.e.f.d. T.V.Yusifova rəhbərlik edir. AMİ-nin Şamaxı filialı ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsi, onun elmi-metodiki səviyyəsinin artırılmasında xüsusi rol oynayır.
AZƏRBAYCANDA ERMƏNİ VƏHŞİLİKLƏRİ – ŞAMAXI SOYQIRIMI (1918 İL)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının həyata keçirdiyi layihə. Layihə çərçivəsində 2011-13 illərdə Şamaxıda bir beynəlxalq, Bakı və Şamaxıda iki elmi praktik konfrans keçirilmişdir.
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI (AVCİYA)
2004 ildə yaradılmış və qeydiyyatdan keçmiş qeyri – hökumət təşkilatı. Yaradılmasında əsas məqsəd tərkibinə daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir.
AZMƏMMƏDOV Nadir Mirzə oğlu
(3.2.1953, Şamaxı ş.) – aktyor, rejissor, Əməkdar mədəniyyət işçisi (2017), hazırda təqaüdçüdür. Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1972-76) və Moskva Gənc Kinematoqrafçıların Ali Kursunu (1980) bitirmişdir. “Alman klinikasına şəxsi səfər” (Arşak Qukasov), “Qara Volqa” (Səfərəli), “Sonuncu fəsil” (Mamed), “Asif, Vasif, Ağasif”, “Birisigün, gecəyarısı…”, “Biz qayıdacağıq”, “Gecə qatarında qətl”, “Qəribə adam”, “Nəsimi”, “Tənha narın nağılı” və s. filmlərdə aktyor kimi çəkilmiş, “Od içində”, “Anlamaq istəyirəm”, “Gecə qatarında qətl”, “Qara Volqa”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Yaşa, qızıl balıq” və s. filmlərinin isə assistent və ikinci rejissoru olmuşdur.