(18.1.1940, Bakı) – Azərbaycan musiqişünas-alimi, sənətşünaslıq doktoru (2005), professor (2004). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədardır. Müasir Azərbaycan alətşünaslığının əsasını qoymuşdur. Azərbaycan xalq çalğı alətləri üçün orkestrləşdirmənin metodik əsaslarını işləmişdir. Ali və orta musiqi məktəblərinin tələbə və mütəxəssisləri tərəfindən istifadə olunan kitabların müəllifidir. 80-dən çox məqaləsi xalq musiqisi və çalğı alətlərinə həsr olunmuşdur. “Türk xalqlarının musiqisi” (Almatı, 1994), “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” (Bakı, 2004), “Muğam aləmi” (Bakı, 2009, 2013), “Türk xalqlarının musiqi alətləri” (Bakı, 2010) Beynəlxalq elmi simpozium və konfranslarında məruzə ilə çıxış etmişdir. Elmi kadrların hazırlanmasında xidməti var.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1 cild, Bakı, 2009, s.39