(29.3.1941, Şamaxı r-nunun Məlikçobanlı kəndi) – Azərbaycan fılosofu, fəlsəfə e.d. (1988), professor (1991). Azərbaycan Dövlət Universitetini bitirmişdir (1962). Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1982 ildə Bakı Ali Partiya Məktəbində fəaliyyətə başlamış, fəlsəfə kafedrasının dosenti, fakültə dekanı, daha sonra isə yenicə yaradılan “Kulturologiya” kafedrasının müdiri olmuşdur. 1991 ildə keçmiş İttifaqın digər ali partiya məktəbləri ilə birlikdə Bakı Ali Partiya Məktəbi Sosial İdarəetmə və Politologiya İnstitutuna çevriləndən sonra əvvəlcə “Kulturologiya” kafedrasının müdiri, daha sonra isə tədris işləri üzrə prorektor vəzifəsini icra etmiş, 1995 ilin sentyabrından 1999 ilin əvvəllərinədək həmin institutun rektor əvəzi vəzifəsini yerinə yetirmişdir. 1999 ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaranan vaxtdan indiyədək həmin Akademiyanın I (tədris işləri üzrə) prorektoru, habelə “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının professoru vəzifələrində çalışır.
Müstəqilliyəqədərki dövrdə onun elmi marağının əsas istiqamətini milli münasibətlər sahəsində dövlət siyasəti, xüsusilə də milli-dil siyasəti məsələləri təşkil etmişdir. Müstəqillik illərində apardığı elmi araşdırmalar isə Azərbaycanda demokratik institutların formalaşması, dövlət idarəçiliyi, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar və insan hüquqları problemlərinə həsr olunmuşdur. Bakı, Tbilisi, Vilnüs, İstanbul, Əskişəhir, Moskva, Sankt-Peterburq, Statslayning, Vyana, Afina və digər şəhərlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Əsərləri Azərbaycan, rus, türk, ingilis dillərində nəşr olunmuşdur.
Əd.: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəsmi saytı (www.dia.edu.az)