Əbu Bədil Əfzələddin İbrahim İbn Əli Nəccar İbn Osman İbn İbrahim Həqaiqi Həssanül-Əcəm Xaqani Şirvani, (1126, Şamaxı – 1199, Təbriz) – Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir, Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi. Nizamiyə qədər ədəbiyyata güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq gətirmişdir. Azərbaycan ədəbiyyatında ilk poemanın müəllifi olmuş, çoxəsrlik tarixə malik qəsidə janrını əlçatmaz bir yüksəkliyə qaldırmışdır. Onun əsərləri çoxcəhətli humanist məzmunu ilə seçilir. İlk dəfə Xaqani irsində şərin ehtiraslı inkarına, xeyrin, gözəlliyin odlu-alovlu təsdiqinə rast gəlinir. Əsərləri dünya ədəbiyyatının, xüsusən İntibah dövrü sənətkarlarının ən yüksək yaradıcılıq nümunələri ilə yanaşı durmağa layiq və qadirdir. Şərqin Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş, ondan təsirlənmiş, bəzi əsərlərinə cavablar yazmışlar. 15-20 il Nizamidən əvvəl yaradıcılığa başlayan Xaqaninin əsərlərində artıq Nizami poeziyasının nəfəsi duyulur. 12 əsr Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yüksəlmişdir.
Əsərlərində dönə-dönə Şamaxı şəhərində, hörmətli bir ailədə doğulduğunu yazan şairin babası toxucu, atası dülgər, əmisi və əmisi oğlu isə həkim və alim idilər. Şairin anası Rabiə müsəlmanlığı qəbul etmiş xristian qızı idi. Anasının atası sərkərdə, babası isə Kiçik Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası, oğlu İbrahimi də dülgər etmək istəyir, onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.
Əmisi Kafiəddin Ömər ibn Osman onu körpəlikdən öz himayəsinə alır, Quranı, fəlsəfə, riyaziyyat və başqa elmləri öyrədir. 15-16 yaşlarında şeir yazmaqda mahir olduğunu görən əmisi ona Həssanül-Əcəm (yəni Əcəm Həssanı) təxəllüsü verir. Təxminən, 18 yaşında saraya dəvət olunan sənətkar əvvəlcə sevinir, şadlanır, mədhiyyələr yazır. Sonradan onun mənəvi aləmində bir oyanma baş verir. Şırvanşahlar sarayından can qurtarmaq üçün yollar arayır. Xorasana, İraqa getmək istəyir, ömrü boyu Xorasana can atan sənətkar bu arzusuna nail ola bilmir. İki dəfə Ərəb və Əcəm İraqını səyahət etmək üçün Kəbə ziyarətinə gedir. İki dəfə həbsxanaya düşür. Həbsxanada olduğu vaxtlarda məşhur “Həbsiyyə şeirləri” silsiləsini yaradır. 1151 ildə əmisi Kafiəddin Ömər vəfat edir. Əmisinin ili çıxandan sonra 1152 ildə bir kəndli qızı ilə evlənir. Əbdülməcid və Rəşid adlı oğlanları, bir neçə qızı olur. 1176 ildə Kəbə ziyarətindən sonra vətənə qayıtmır, ömürlük Təbrizdə məskən salır. Şamaxıda 25 il bir yerdə ömür sürdüyü sevimli arvadını, 20 yaşlı oğlu Rəşidi, əmisi Kafiəddin Öməri, əmisi oğlu Vəhidəddin Osmanı və başqa yaxın adamlarını itirən sənətkar bir də oraya qayıtmaq istəmir. Axsitan, Qızıl Arslan və başqaları onu saraylara dəvət edirlərsə də, dahi sənətkar heç bir saraya getmir, müxtəlif bəhanələrlə dəvətləri rədd edir. Təbrizdə olarkən iki dəfə evlənir. Şair 1199 ildə Təbrizdə vəfat edir. Məqbərətüş-şüərada dəfn olunur. Qəbri indi də durur.
Təbrizdə yaşadığı müddətdə Şərqin bir çox ölkə və şəhərlərində yaşayan dostları, qohumları ilə yazışırdı. Hələ birinci Kəbə səfərindən sonra Dərbənd və Gəncədə bir növ sürgündə olan şair, orada çoxlu dostlar qazanır, 1159 ildə Gəncədə ikən qızdırma xəstəliyinə tutulur və Gəncəli Şəmsəddin Təbib tərəfindən müalicə edilir. Ehtimal ki, onda 18-19 yaşlarında olan Nizami Gəncəvi ilə də görüşür, dostlaşır. Ona görə də Xaqani ölən zaman Nizami ona mərsiyə yazır. Həmin mərsiyədən hələlik aşağıdakı bir beyt məlumdur:
Qomanəm bud Xaqani driğaquye-mən başəd
Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,
Driğa, mən şodəm əknun driğaquye-Xaqani
Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.
Xaqani Şirvani əslən bir oğuz türkü ailəsində doğulmuşdur. “Töhfətül-İraqeyn”də bununla bağlı yazır: “Bir Əcəm türküyəm, dəricə deyən, yalvac tanıyanam, Tanrı istəyən”. Buradakı Əcəm türkü ifadəsi eynilə bugünkü Azərbaycan türkü, Azərbaycanlı sözlərinin sinonimi kimi qəbul edilə bilər. Maraqlıdır ki, şair Allah sözü yerinə onun türk qarşılığı kimi Tanrı və peyğəmbər sözünün də qarşılığı olan “yalvac” sözünü işlədir.
Zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, “Töhfətul-İraqeyn” poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbiidir ki, bunlar Xaqani irsinin hamısı deyildir. Özünün də dönə-dönə xatırladığı kimi, şairin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan Xaqaninin yaradıcılığının əsasını dərin və güclü hümanizm təşkil edir. “Uşaqlıqdan adətim bu olmuşdur ki, inciyim, ancaq incitməyim”. Bu sözlərin sahibi olan şair heç də şərə qarşı laqeydlik, mərhəmət göstərməmişdir. O, həmişə xalqın, həqiqətin, gözəlliyin tərəfdarı olmuş, hər cür şəri isə ehtirasla rədd etmişdir. Şair dünyagörüşü etibarilə əvvəllər Ərəstü – İbn Sina fəlsəfəsinə rəğbət bəsləmiş, hikməti-məşşani qəbul etmiş, lakin çox erkən də bu mövqedən uzaqlaşmış və əxilik mövqeyinə keçmişdir. Onun yaradıcılığındakı humanizmi, yunan fəlsəfəsinə tənqidi münasibəti də məhz bu əxilik dünyagörüşü ilə bağlılıq nıüəyyənləşdirir. Sufızmə, məlamiliyə, qələndəriyyəyə rəğbət göstərən sənətkar əxilik ideyaları cəbhəsində daha inamla dayanmışdır. Əxilik onun yaradıcılığına sağlam və dərin humanizm, xəlqilik, demokratiklik bəxş etmişdir.
Xaqaninin divanında və ümumiyyətlə yaradıcılığında qəsidə janrı mühüm yer tutur. Yaxın və Orta Şərqin İntibah dövrü ədəbiyyatında qəsidə janrının ən görkəmli nümayəndəsi məhz Xaqanidir. Firdovsi və Nizaminin poema janrında, Hafiz və Füzulinin qəzəldə, Ömər Xəyyamın rübaidə göstərdiyi möcüzəni Xaqani qəsidə janrında göstərmişdir. Onun qəsidələri dərin və çoxcəhətli məzmun, yüksək sənətkarlıq baxımından diqqəti cəlb edir. Bu qəsidələrin mövzuları, yazılma səbəbləri, həcm və səviyyələri müxtəlifdir. Bunlarda mədhiyyə, mərsiyə, fəxriyyə də var, ictimai-əxlaqi, fəlsəfi məzmunda olanlar da. Xaqaninin mədh yazması tamamilə təbiidir. O, özünü Xaqani-əzəm adlandıran Şirvanşah Mənuçöhrün fərmanı ilə Xaqani (yəni xaqana məxsus olan) təxəllüsü göturmüş, Şirvanşah Mənuçöhrə, onun oğlu ilə Axsitana, Qızıl Arslana və başqa hökmdarlara və əsilzadələrə xeyli mədhiyyə yazmışdır. Ləyaqətli şəxslərə həsr ediləndə, hamını maraqlandıran mühüm hadisələrlə əlaqədar olanda bu mədhlər yerinə düşürdü. Baqlani bəndinin tikilməsi, Axsitanın düşmənlə mübaribədə qazandığı qələbə münasibəti ilə yazılan şeirlər buna misal ola bilər.
Ayrı-ayrı şahlara kor-koranə mədh yazmaq dövrü Xaqani yaradıcılığında çox az davam edır. Artıq 23 yaşına qədəm qoyanda şairin mənəvi aləmində bir oyanma baş verir, o, məddahlığım 1157-58 illərdə yazdığı “Töhfətül-İraqeyn” poemasında çox ayıq şəkıldə qiymətləndirərək yazır:
Əvvəllər şahları mədh etdiyimçün,
Dilim bulanmışdı çirkaba bütün.
Məddahlığa bu ayıq münasibət şairi ömrü boyu izləmişdir. Şair vaxtilə mədh etdiyi adamları divlər adlandırır, peşman olduğunu, mədhiyyəçiliyi rədd etdiyini bildirir:
Həyatım bir müddət divlərlə soldu.
İyirmi iki il ömrüm puç oldu.
Elə ki, özümü qapına saldım,
O ötən ömrümü geriyə aldım.
Anladım səhvimi, oldum peşiman,
Rədd etdim o keçən mənliyi, inan.
Şirvanşahlar sarayından qaçmağa çalışması, iki dəfə həbsə düşməsi, 1176 ildə Təbrizə köçüb, saraylardan uzaq həyat keçirməsi, müxtəlif hökmdarların dəvətini rədd etməsi də şairin söz və fikirlərində ardıcıl olduğunu təsdiq edir. Xaqani ömrü boyu həyat həqiqətlərini güzgü kimi əks etdirməyə çalışmış, məddahlığını isə yalançılıq hesab edib ondan üz döndərmişdir:
İlhamım yalanla xarab olmuşdu,
O, civə rəngində şərab olmuşdu.
İndi hər sözümdə bir həqiqət var,
O, güzgü, məhək tək olmuşdur meyar.
Xaqaninin qəsidələri arasında ictimai, fəlsəfi şeirlər daha çoxdur. Əsrin narahat, əsəbi həyəcanlarını, yeri-göyü titrədən ürək ağrılarını, fəryadlarını əks etdirən bu qəsidələr müasirliyi ilə seçilir. Xaqaninin bu tıpli qəsidələri əsrin başı üzərində şimşək kimi çaxır, ildırım kimi gurlayır. Ümmanda başlayan güclü bir tufan kimi səslənir. Belə şeirlərdən biri “Mədain xərabələri” adı ilə məşhur olan qəsidədir. İran dövlətinin keçmiş paytaxtı olan Mədain xərabələri şairi dərin, sarsıdıcı, ibrətli düşüncələr aləminə aparır. Şairin nəzərində Mədainin xərabələri ibrət aynasıdır. Bu ayna qarşısında həyəcanlanmamaq, sarsılmamaq, göz yaşı tökməmək mümkün deyil:
Bir vaxt bu eyvanın astanasını üzlər,
Saldıqları nəqş ilə etmişdi nigaristan.
Burda nökər olmuşdur Babil şahi illərlə
Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.
Etmiş buradan bir gün şiri-fələkə həmlə
Cürətlə o aslan ki, yonmuşlar onu daşdan.
Zənn eylə o əyyamdır, fikr ilə nəzər sal, gör,
Dərgah haman dərgah, meydan haman meydan.
Bu əzəmət və qüdrətin sarsılmasını, heçliyə varmasını Xaqani ancaq özünəməxsus əzəmi bir şeriyyətlə ifadə edir. Fili aciz edən şahların şahmatda mat qalması, Nuşirəvanın qanını Hörmüzün qafa tasında şərab kimi torpağın içməsi, Kəsranın narıncının, Pərvizin tərxununun torpağa çevrilib unudulmasını Xaqani hərarətlə xatırlayır. Pərvizin bədənindən küp düzəldilir, Şirinin ürək qanı meyə çevrilir. Təbiətin bu amansız qanunu şairi həm kədərləndirir, həm sevindirir. Ona görə ki, Mədaini bu günə qoyan amansız qanunlar zalım şahları, onların zülm ərşə dayanan saraylarını da amansızlıqla məhv edəcək, heçə çevirəcəkdir. Xaqani Mədainin məhv olması səbəbini araşdırır, öz-özünə sual verir:
Sarsıtdı kim əflakə qalxan belə eyvani,
Göylərdəki qüvvətmi, etdi ya fələk viran?
Qəsidə butünlüklə bu sualın dərin poetik cavabından ibarətdir. Şairin böyüklüyü ondadır ki, o, Mədainin məhvində bir qanuna-uyğunluq görür:
Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə
İzlər bu cahan içrə, olma buna gəl heyran
Sordun hara getmişdir indi o böyük şahlar,
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.
Udmuş nə qədər bilsən zalımları bu torpaq,
Lakin yenə doymaz bu acgöz adam udmaqdan.
Beləliklə, Xaqani mütəfəkkir şair kimi Mədainin məhvini, Kufə və Bağdadın yüksəlişini dialektikcəsinə izah edir, bülbülü bayquşun, nəğməni növhənin əvəz etdiyini heyranlıq və təəccüblə yox, ibrətlə qarşılayır, bu ibrət güzgüsündə Şərq intibahının ideallarını, İntibah ziyalılarının müdrikliyini, ürək ağrılarını, insan haqqında düşüncələrini görməyə çağırır:
İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an
Eyvani-Mədaini ayineyi-ibrət san.
Xaqani şeiri coşqun, ehtiraslı poeziyadır. Bu poeziyada gözəllik ehtirasla təsdiq olunduğu kimi eybəcərlik, şər, zülm də eyni ehtirasla inkar edilir, üstəlik onda inkar daha güclüdür. Xaqaninin ən iri həcmli əsəri “Töhfətül-İraqeyn” poemasıdır. Azərbaycan ədəbiyyatı tarixində ilk poema olan bu əsəri, bəziləri yanlış olaraq mənzum səfərnamə hesab edir, onun iki İraqa – Əcəm və Ərəb İraqına səyahətdən alınan təəssürat əsasında yazıldığını düşünürlər. Halbuki, poemaya “Töhfətül-İraqeyn” adı sonra verilmişdir. Xaqani əsərini, Yəhya Qərib nəşrindəki dibaçədən də aydın olur ki, “Töhfətül-xəvatir və zibdətül-zəmair” adlandırmışdır. Seyyid Hüseyn Amuzqar isə onu “Töhfətül-xəvatir və zibdətül-nəvazir” adı ilə çap etdirmişdir. Bir həqiqətdir ki, poema ancaq səfərnamə, yaxud səfər xatirələri deyil. Şair əsəri yazana qədər keçirdiyi həyat, qarşılaşdığı adamlar haqda xatirələrini, müxtəlif məsələlər ətrafında düşüncələrini əks etdirir. Şirvan və onun əhalisi haqqında düşüncələr əsərdə iki İraqdan az yer tutmur. Burada şairin birinci Məkkə səfəri ərəfəsində, xüsusən Şirvanla bağlı keçirdiyi hisslər əsasdır.
Güclü humanizm, cəsarətli inkar, işığa ehtiraslı meyl Xaqani poemasının əsas məziyyətidir. Şair sadə zəhmət adamları olan babasından, atası Əli Nəccardan, anası Rabiədən, təbib və alim əmisindən, əmisi oğlundan məhəbbətlə söz açır, özünü onlarla müqayisə edir:
Sənətcə toxucu olmuşdur babam,
Mən də yavaş-yavaş söz toxuyuram.
Mənəm bax bu günün əziz insanı,
Mənəm söz toxuyan şair Xaqani.
Əmisi Kafiəddin Ömər ibn Osman haqqında şair dərin məhəbbətlə bəhs edir. Ərəstu, Əflatun, Hermes kimi antik alimlərlə əmisini müqayisə edən Xaqani əmisinin onun şair kimi yetişməsindəki xidmətindən geniş söz açır:
Gördü söz mülkünün hakimi mənəm,
Adıma söylədi Həssani-Əcəm.
Qəlbimin ayağı xəznəyə batdı,
Ömrümsə iyirmi beş ilə çaldı.
Bildi söz mülkünə mənəm hökmran,
Qarşımda fərəhdən əmim verdi can.
Şair uşaqlıq və gəncik illərinin sevincli çağları ilə həyatının sonrakı dövrünü müqayisə edir; bir yanda yüksək istedad, əks tərəfdə düşmən mühit. Bir yanda Xaqani dühası, əks qütbdə Şirvan şəri. Bir yanda hünər, bir yanda paxıllıq. Bu təzad şairi incidir, kədərləndirir. Dahi şair özünü Şirvanda məhbus sayır. Gözəl Şamaxı onun gözündə zindana oxşayır. Nə qədər acı da olsa, vətənin şairə, zindana çevrildiyi etiraf edilir. Qəlbinin və ruhunun bütün gücü ilə sənətkar saraylara nifrətini, sadə təmiz insanlara isə məhəbbətini əks ctdirir. Üzük və Xızırla söhbət epizodlarında Xaqaninin üsyankar, əyilməz təbiəti, insansevər ruhu aşkar olur.
Xaqani irsinin mühüm qismini qəzəllər təşkil edir. Onun qəzəl yaradıcılığı o biri əsərlərindən müəyyən dərəcədə seçilir. Şair bu janrın tələblərinə riayət edir, məhəbbət motivini ön plana çəkir. Əsasən, aşiqanə qəzəl yazan şair sözarası ictimai hadisələrə də toxunur, dövrdən narazılığını bildirir. Türk alimi Əhməd Atəşin qənaətinə görə, artıq Xaqani irsində qəzəl bir janr kimi sabitləşir. Bu dövrdə başqa şairlərdə olduğu kimi, Xaqani qəzəlləri də mövzuca bütövdür. Onlarda nikbinlik duyğusu vardır. Xaqani də Şərq intibahının başqa şairləri kimi eşqi ən ülvi bir hiss olaraq tərənnüm edir.
Xaqani yaradıcılığında qitə şəkli də mühüm yer tutur. Onun qitələrində ya olmuş hadisə və fakta münasibət əks olunur, ya da ictimai, əxlaqi, fəlsəfi bir məsələ ətrafında fikir yürüdülür, hər qitənin də əsasında bir fakt, bir fikir, ideya durur. Əgər qəsidələrdə şair müxtəlif məsələlər ətrafında geniş, rəngarəng düşüncə və fikirlər silsiləsi yaradırsa, qəzəllərdə daha çox insan qəlbinin ülvi, yüksək duyğularını əks etdirirsə, qitələrində ancaq bir mətləb izlənilir, bir neçə beyt əsasında həmin mətləb ifadə olunur. Bu ümumi keyfiyyətlə bərabər, Xaqani qitələrində konkretlik özünü aydın göstərir.
Xaqani dedikdə həmişə güclü, coşqun bir inkar yada düşür. Şairin əsərlərində, hər şeydən əvvəl, bu inkar diqqəti cəlb edir. Xaqaniyə 12 əsrin ən böyük inkarçısı desək, səhv etmərik. Bu inkar nəyə qarşı yönəlmişdir? Şair nəyin xatirinə inkar edir? Bu iki suala cavab vermək, onun Azərbaycan intibah mədəniyyətindəki yerini müəyyənləşdirmək, şairin hansı cəbhədə durduğunu, hansı ideallarla yaşadığını aydınlaşdırmaq deməkdir.
İnkarçı Xaqaninin böyüklüyü özünü xəlqani, yoxsullar sirdaşı və məhrəmi saymasındadır. Qoy düşmən onun başına döysün, onun düşüncələrini başından çıxarmağa çalışsın, məst filin yadından Hindistan – humanist ideallar, arzular dünyası çıxmaz, o, orta əsrlərlə bağlanmaz. “Eşşəklərin belinə yun palan qoyan, itlərin boğazına qızıl xalta bağlayan” zəmanəni şair Xaqani qəbul edə bilməz. Onun poeziya bayrağında yazılan şüar budur: “Rədd olsun orta əsrlər! Onun qanunları, cahilliyi, sədaqətsizliyi, acgözlüyü!”
Onun inkarı orta əsri, şimşək kimi caxıb, ildırım kimi gurlayırsa, İntibah gülüstan üçün mehriban bahar yağışına, ətirli səhər nəsiminə çevrilir, onu təsdiq edir. Xaqaninin böyüklüyü məhz bundadır. Azərbaycanda Xaqani irsinin öyrənilməsi ilə H.Araslı, M.Quluzadə, M.Sultanov, Q.Kəndli məşğul olmuşlar. M.Sultanov Xaqani irsinin nəşri və tərcüməsi sahəsində xeyli iş görməklə bərabər, onun haqqında ilk monoqrafiyanı da qələmə almışdır. Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuş, ölkəmizdə və xaricdə şair haqqında bir sıra samballı məqalələr dərc etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini “Xaqani Şirvani: həyatı, dövrü və mühiti” adı ilə nəşr etdirmişdir. Zəngin faktik material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin öyrənilməsində yeni hadisədir. Xaqani poeziyası öz dövrundən başlayaraq bu günə qədər Şərqin, o cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək, nümunə olmuşdur. Əmir Xosrov Dəhləvi, Əbdurrəhman Cami, Məhəmməd Fizuli kimi sənətkarlar bu dahi şairin “Şiniyyə”sinə cavab yazmış, Seyid Əzim Şirvani özünü onun naibi saymış, Sabir bəzi mənaları ondan iqtibas etmişdir. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir.
Əd.: ASE, X cild, Bakı,1987, s. 20
Xaqani Şirvani. Seçilmiş əsərləri (ön söz X.Yusifli). Bakı, “Lider Nəşriyyat”, 2004, s.4-20