(25.1.1897, Şamaxı – 22.3.1952, Moskva) – Azərbaycan epidemioloqu, tibb e.d. (1937), professor (1939). Almaniyada Münhen Universitetinin tibb fakültəsini bitirmişdir (1925). Hamburq Tropik Xəstəliklər İnstitutunda professor Martininin yanında işləmişdir (1925-28). Azərbaycan Tropik Xəstəliklər İnstitutunda entomoloji şöbənin müdiri (1929-46), eyni zamanda Azərbaycan Tibb İnstitutunda ölkə patologiyası kafedrasının dosenti (1931-42), Bakı Tropik Stansiyasının direktoru (1934-39), Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda tropik xəstəliklər kafedrasının müdiri (1939-40), səhiyyə nazirliyinin malyariya ilə mübarizə şöbəsinin rəisi (1943-52) vəzifələrində çalışmışdır. 1941-43 illərdə Zaqafqaziya hərbi dairəsinin baş epidemioloqu olmuşdur. 1943 ildə Azərbaycan Dövlət Tibb İnstitutunda epidemiologiya kafedrasını yaratmış və ömrünün sonuna kimi onun müdiri işləmişdir. Tədqiqatları malyariyanın və tropik xəstəliklərin epidemiologiyası və profilaktikası problemlərinə həsr edilmişdir. 40-dan çox elmi əsərin müəllifidir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.218,
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 107