Şamaxı r-nu Çuxuryurd kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 9 km şimalda, Şamaxı – Dəmirçi avtomobil yolu kənarında, dağ ətəyindədir. Çuxuryurd çökəkliyindədir. Əhalisi 1048 (2009) nəfərdir, 794 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, klub, kitabxana, kinoqurğu, xəstəxana, ambulatoriya, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.Yaşayış məntəqəsi 19 əsrin birinci yarısında rus ailələrinin köçürülməsi nəticəsində yaranmışdır. Əvvəllər yaylaq yeri olmuş bu ərazi çuxurda, çökəklikdə yerləşir. “Çökəklikdə yurd yeri” mənasındadır.
Çuxuryurdda Tunc və ilk Dəmir dövrlərinə (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid kurqanlardan müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Orta əsrlər dövrü üçün səciyyəvi olan şirli və şirsiz qab qırıqları, həmçinin qara rəngli şüşə bilərziklər tapılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 144