(26.5.1887, Şamaxı – 21.4.1938) – Azərbaycanın sovetləşməsində fəal iştirak etmiş partiya və dövlət xadimi.1903 ildən fəhlə hərəkatına qoşulmuş, marksist dərnəklərdə iştirak etmişdir. 1904 ildə Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasına (RSDF(b)P) daxil olmuşdur. “Hümmət” bolşevik Əfəndizadə”, “Məhbus”, “Səma” və b. imzalarla mətbuatda yazıları dərc olunmuşdur. İnqilabi fəaliyyətinə görə 1907 ildə həbs olunaraq, Kazan quberniyasına sürgün edilmişdir. Kazan universitetinin tibb fakültəsini bitirdikdən sonra (1915) Nijni-Novqorod və Həştərxan quberniyalarında həkimlik etmişdir. Fevral inqilabından (1917) sonra Bakıya qayıdaraq, Bakı Fəhlə Deputatları Sovetinə üzv seçilmiş, onun nəzarət heyətinin tərkibinə daxil olmuşdur. 1917-18 illərdə RSDF(b)P BK bürosunun və “Hümmət”in Mərkəzi Komitəsinin tərkibinə, “Hümmət” qəzetinin redaksiya heyətinə daxil idi. Oktyabr çevrilişindən (1917) sonra hakimiyyəti ələ alan Bakı Sovetinin iclasında (2 noyabr) iştirak etmiş, yeni seçilən Sovetin İcraiyyə Komitəsinin tərkibinə daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi fəaliyyətini Həştərxanda davam etdirmiş, 1919 ilin mayında Azərbaycanda və Qaf-
qazda vəziyyət haqqında məlumat vermək üçün Rusiya Kommunist (bolşeviklər) Partiyası (RKP) Mərkəzi Komitəsinə ezam olunmuş, Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Milli İşlər Komissarlığında çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının Moskvada keçirilən birinci (1918, noyabr) və ikinci (1919, noyabr-dekabr) Ümumrusiya qurultaylarının hazırlanması və keçirilməsində iştirak etmişdir. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmış, bolşevik işğalına qarşı Gəncə üsyanının yatırılmasında iştirak etmişdir. 1920 ilin iyunundan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Gəncə quberniyasında fövqəladə müvəkkili və quberniya fövqəladə komissarı olmuşdur. Birinci Ümumazərbaycan Sovetlər qurultayında (1921, may) Azərbaycan Xalq Komissarları Sovetinin tərkibinə seçilmiş və xalq torpaq komissarı təyin edilmişdi. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) və Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) təşkilinin fəal iştirakçısı olmuş, 1922-37 illərdə müxtəlif məsul partiya və dövlət vəzifələrində çalışmış, 1938 ildə repressiya olunmuşdur.
Əsərləri.: Seçilmiş əsərləri, B., 1977; yenə onun, Seçilmiş əsərləri, c.1-2, B., 1988-1990.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 324