(Düma ata) (24.7.1802, Viller Kope, En departamenti – 5.1.1870, Pyüş, Aşağı Sena departamenti) – fransız yazıçısı. Ədəbi irsi zəngindir (300-ə yaxın əsər). Yaradıcılığa 1825 ildə dramaturq kimi başlamışdır. “III Henrix və onun sarayı” (1829), “Antoni” (1831), “Hel qülləsi” (1832), “Kin” (1836) pyesləri romantik teatr tarixində mühüm yer tutur.
Dümanı məşhurlaşdıran “Üç müşketyor” (1844), “İyirmi ildən sonra” (1845), “Vikont de Brajelon” (1848-50), “Kraliça Marqo” (1845), “Xanım Monsoro” (1846), “Qırx beş” (1847-48) tarixi-macəra romanları olmuşdur. Həmin əsərlərdə tarixi hadisələrə sərbəst yanaşılmış, onlar bir çox hallarda şəxsi münaqişələrlə izah edilmişdir. “Qraf Monte Kristo” (1845-46) macəra romanının mövzusunu yaşadığı dövrdən götürmüşdür. Romanları maraqlı və dinamik süjet xəttinə malikdir. Onların nikbin, cəsur, zirək qəhrəmanları hər cür maneələri dəf etməyə qadirdirlər. Bunlar Dümanın yaradıcılığına dünya şöhrəti qazandırmışdır. 1858 ildə Rusiyada, Qafqazda, o cümlədən Tiflisdə, Bakıda və Şamaxıda olmuş, bu münasibətlə “Parisdən Həştərxana” və “Qafqaz” kitablarını nəşr etdirmişdir. Ehtimala görə, Tiflisdə M.F.Axundovla görüşmüşdür. Bakıda X.Natəvanla görüşmüş və şairə əl işlərindən Dümaya hədiyyə vermişdir. “Qafqaz” kitabında Bakının tarixi və mədəni abidələrindən, Bakı neftindən geniş bəhs olunur. Düma Şamaxıda Mahmud ağanın qonağı olmuş, öz kitabında Şamaxının tarixi, adət-ənənələri haqqında dəyərli məlumatlar vermişdir. “Üç müşketyor” romanı Azərbaycan dilinə tərcümə edilmiş, “Qanlı qala” pyesi Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur (1924).
Əd.: Əd.: ASE, III cild, Bakı, 1979, s.556
A.Düma “Qafqaz”, Bakı, “Qafqaz”, 2010, s.218-227