Şamaxı r-nu Məlhəm i.ə.d.-də kənd. Rayon mərkəzindən 3,5 km şimalda, Şamaxı-Dəmirçi şosse yolu kənarında, Baş Qafqaz silsiləsinin cənub-qərb ətəyindədir. Әhalisi 856 (2009) nəfərdir, 196 təsərrüfatı var. Doqquzillik məktəb, kitabxana var. Əngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanlıq mövcuddur.
19 əsrin bir mənbəsində Şamaxı qəzasında Əngəxaran adlı kənd (87 ailə, 640 nəfər) qeydə alınmışdır. Kəndin əhalisi indiki əraziyə təqr. 300-400 il əvvəl Şamaxının 50 km. şimal-qərbindəki eyniadlı kənddən köçüb gəlmişdir. Yerli əhali arasında keçmiş Əngəxaran kəndinin ərazisi Binə Əngəxaran adı ilə tanınır. Zarat Xeybəri kəndindən şimal-qərbdə, Yeddi qardaş platosundadır.
Kəndin adı ehtimal ki, ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Toponimi tat dilindəki əng (arı) sözündən və an şəkilçisindən ibarət “arı saxlanılan yer” mənasında da yozurlar. Kəndin ərazisində eyniadlı dağ və min. bulaqlar var.
Əd.: ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 184
N.Bəndalıyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.158