(22.3.1893, Şamaxı – mart, 1938, Bakı) – Azərbaycan aktyoru, rejissoru, teatr xadimi. Azərb.SSR xalq artisti (1936) Müəllim ailəsində doğulmuşdur. Atası Seyid Әzim Şirvaninin “Üsuli-cədid” məktəbində dərs demiş, teatrla maraqlanmışdır. Şərifzadənin teatr aləminə yaxın olan əmisi Mirzə Məhəmmədtağı onu ilk dəfə səhnəyə həvəsləndirmişdir. 1895 ildə Şərifzadənin ailəsi Şamaxıdan Bakıya köçmüşdür.
O, 1906 ildə ibtidai məktəbi bitirəndən sonra gimnaziyaya qəbul edilmiş, lakin xəstələndiyindən təhsilini yarımçıq buraxmışdır. Şərifzadə hələ məktəbli ikən həvəskar teatr tamaşalarının iştirakçısı olmuşdur. 1908 ildən taleyini həmişəlik teatrla bağlayan Şərifzadə ilk dəfə səhnədə “Zorən təbib” (J. B. Molyer) tamaşasında “lal qız” rolunda çıxış etmişdir. Çox keçmədən o, H. Әrəblinski məktəbinin şagirdi və davamçısı kimi şöhrətləndi.
1910 ildən Şərifzadə “Səfa”, “Nicat” xeyriyyə cəmiyyətlərinin teatr truppalarında çıxış etmiş, 1913 ildən Azərbaycanın rayonlarına, Orta Asiya, Şimal Qafqaz, Volqaboyu, İrana qastrol səfərinə çıxmışdır. Şərifzadə bacarıqlı rejissor kimi də tanınmışdır. 1916 ildə o Ü. və Z. Hacıbəyov qardaşlarının truppasına rejissor kimi dəvət olunmuşdu. 1917 ildə N. Nərimanov, M. Әzizbəyov və S. M. Әfəndiyevin köməyi ilə Bakıda yaradılan Müsəlman artistləri ittifaqına sədr seçilmişdi. İttifaqın nəzdində teatr studiyası yaratmaqla Şərifzadə Azərbaycanda teatr təhsil sahəsində ilk təşəbbüs göstərmiş oldu.
1920 ildən Şərifzadə Azərbaycan Dövlət Teatrında (indiki M. Әzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı) fəaliyyət göstərir, milli teatrın təşəkkülünə çalışırdı. Şərifzadə kino sənəti ilə də yaxından maraqlanırdı. Onun “Bayquş” (1924, rej. Q. Kravçenko) filmində yaratdığı “xan” rolu kinoda ilk işlərindəndir. Sonralar kinoda rejissor kimi fəaliyyət göstərmiş, “Bismillah” (1925), “Hacı Qara” (1929), “Məhəbbət oyunu” (1934) bədii filmlərini və “Azərbaycana səyahət” (1926) sənədli filmini çəkmişdir. Dram teatrı və kino ilə yanaşı opera teatrında da bir çox tamaşaların quruluşunu vermişdir. Şərifzadə 1928 ildə Azərbaycan Dövlət Opera Teatrının baş rejissoru olmuş, “Əsli və Kərəm”, “Aşıq Qərib” və “Şah İsmayıl” operalarını tamaşaya qoymuşdur.
Realist aktyor olan Şərifzadə 30 illik səhnə fəaliyyəti ərzində milli, eləcə də dünya klassiklərinin əsərlərində müxtəlif rollar oynamış, zəngin obrazlar qalereyası yaratmışdır: Aydın, Oqtay, Elxan (“Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini”, C. Cabbarlı), Şeyx Sənan, İblis, Səyavuş, Knyaz (“Şeyx Sənan”, “İblis”, “Səyavuş”, “Knyaz”, H.Cavid), Qacar (“Ağa Məhəmməd şah Qacar”, Ә. B. Haqverdiyev), Kavə (“Dəmirçi Kavə”, Ş. Sami), Gülab (“Şahnamə”, M. Canan), Karl Moor (“Qaçaqlar”, F. Şiller), Otello, Hamlet, Makbet (“Otello”, “Hamlet”, “Makbet”, V. Şekspir), Huinplen (“Gülən adam”, V. Hüqo), Don Juan (“Don Juan”, J. B. Molyer), Uriel Akosta (“Uriel Akosta”, K. Qutskov), Dubrovski (“Dubrovski”, A. Puşkin), Kreçinski (“Kreçinskinin toyu”, A. Suxovo-Kobılin), Baron (“Həyatın dibində”, M. Qorki), Zer-Siban (“Zaqmuk”, A. Qlebov) və s.
V.Şekspirin qəhrəmanları Şərifzadənin aktyorluq istedadının zirvəsidir. O, bu rolları olduqca plastik, psixoloji dərinlik və temperamentlə oynamışdır. Şərifzadə Hamlet, Otello və Makbet rollarının mahir ifaçılarından biri kimi tanınmışdır. Azərbaycan və Moskva mətbuatlarında Şərifzadənin Hamlet rolundakı çıxışı yüksək qiymətləndirilmişdir.
Yaradıcılığında xalqın mənəviyyatı, arzuları, öz parlaq ifadəsini tapan Şərifzadənin sənətkarlığı Azərbaycan səhnə mədənyyətinin yüksək inkişaf pillələrindən idi. 1928 ildə Bakıda Şərifzadənin səhnə fəaliyyətinin 20 illiyi təntənəli surətdə qeyd edilmişdir. Yubileydə ölkəmizin görkəmli mədəniyyət xadimləri iştirak etmişlər. Sovet repressiyasının qurbanı olmuşdur. Bakı küçələrindən birinə, eləcə də Aktyorlar Evinə Şərifzadənin adı verilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 514-515