(16.6.1864, Şamaxı – 30.7.1928, Bakı) – maarif xadimi. İlk təhsilini Şamaxıda almış (1871-73), Bakıda realnı məktəbdə oxumuşdur (1873-81). Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır (1883-87). Rusiyanın maarif naziri qraf İ.D.Delyanovun müsəlmanları ali tipli xalq məktəblərinə buraxmamaq haqqında sərəncamına əsasən, digər azərbaycanlı həmkarları ilə birlikdə təyinatdan kənarda qalmışdır. 1887 ildə Bakıda Sultanməcid Qənizadə ilə birlikdə ilk xüsusi “rüs-müsəlman” məktəbinin əsasını qoymuşdur. Sonralar İçərişəhərdə açılan birinci “rus-müsəlman” məktəbinə müdir təyin olunmuş, on dörd il ona rəhbərlik etmişdir. 1905-16 illərdə ikinci dərəcəli Bakı Şəhər məktəbinin müdiri işləmiş, yoxsul uşaqlarının təhsilə cəlb olunmasına çalışmışdır. Mahmudbəyov Bakı Şəhər Dumasında məktəb komissiyasının üzvü, Azərbaycan müəllimlərinin 1-ci qurultayının nümayəndəsi olmuşdur. 1916 ildə pedaqoji sahədən uzaqlaşmış, Azərbaycan Xalq Cümhuriyyəti illərində Bakı lombardında, Sovet hakimiyyəti illərində xalq maarifinin yenidən qurulmasında fəaliyyət göstərmiş, Ali Pedaqoji İnstitutda direktor müavini (1921-27) işləmişdir.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2005, s. 170