Şirvanda – Şamaxıda yerli ipək parça istehsalı şərbaflıq ev peşəsi və karxana toxuculuğu (əmtəə istehsalı) olmaqla iki formada təsadüf edir. İpək bilavasitə toxuma prosesinə daxil olmazdan əvvəl bir sıra emal və texniki istehsal prosesindən keçirdi. Əvvəlcə barama boğulur, sonra sabunlu suda qaynadılaraq “mancılıq” vasitəsilə açılırdı. Bundan sonra o “çarxto” adlanan dəzgahda tovlanaraq “kələf”, yaxud “tovlu” halına salınırdı. Bu, “xam ipək”, yaxud “xama” adlanırdı. Dağılmamaq üçün xam ipək kələfləri “bağ” halına salınırdı. Əsrlər boyu barama sadə xalq üsulu ilə boğulmuşdur.
Baramanı həsir, yaxud palaz üzərinə sərərək bir neçə gün qızmar günəşin altında qurutmaqla boğurdular. Boğulmuş baramanı seçib safından ipək teli çəkir, xarabından pilə hazırlayırdılar. Baramanı bişirib pilə hazırlayır, əl iyi vasitəsilə pilədən sap düzəldilirdi. Buna “keci” deyilirdi. Qadınlar keci sapdan yer hanasında müxtəlif çeşiddə ipək məmulatı − cecim toxuyurdular. Cecim “həmiyan”, “obagəzər”, “saya” olmaqla üç növdə toxunurdu. Şirvanda karxana şərbaflığının əsas mərkəzlərindən biri Şamaxı şəhəri idi. 1841- ci ilə aid sənədlərin birində Şirvan qəzasında 74 ipək karxanasının olduğu xəbər verilir. İpək parça mütəhərrik toxuculuq aləti olan şərbaf dəzgahında toxunurdu. Şamaxıda darayı, tafta, atlaz, qanovuz, habelə kəlağayı, hələbi, çadra və s. kimi müxtəlif ipək məmulatı toxunmuşdur.
Əd.: Mustafayev A.N. Şirvanın maddi mədəniyyəti. Bakı, 1977. s. 64-65.