(28.11.1892, Şamaxı – 15.2.1956, Bakı) – hərbi xadim, general-mayor (1944). Tiflis hərbi məktəbini bitirmişdir (1914). Hərbi xidmətə rus ordusunda başlamış, Birinci dünya müharibəsində (1914-18) Şamaxı polku tərkibində rota və batalyon komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o, Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasında məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edərkən T.Əlyarbəyov podpolkovnik rütbəsində idi.
Aprel çevrilişindən (1920) sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik olduğu üçün Tərlan bəy Əlyarbəyov yüksək hərbi vəzifələrdə işləmiş, 1923-29 illərdə Azərbaycan Sovet Sosialist Respublikası hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1927 ildə M.V.Frunze adına Hərbi Akademiya (Moskva) yanında Ali komanda heyəti kursunu bitirmişdir. 1930-38 illərdə Cənubi Qafqazın müxtəlif hərbi məktəblərində işləmişdir. M.V.Frunze adına Hərbi Akademiyanı bitirmişdir (1941). Əlyarbəyov Böyük Vətən müharibəsi (1941-45) illərində 416 atıcı diviziyanın komandiri, Azərbaycan SSR xalq maarif komissarının müdafıə işləri üzrə müavini, 402 atıcı diviziyanın komandiri, 58 korpusun komandir müavini, 1946-48 illərdə Azərbaycan SSR maarif nazirinin müdafıə işləri üzrə müavini olmuş, 1948 ildə istefaya çıxmışdır. 1925-31 illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2 çağırış) deputatı olmuşdur. Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı-2004, “Lider Nəşriyyat” səh 360.