(9.6.1960, Türkiyənin Kayseri vilayətinin Hacılar qəs.) – alim, tədqiqatçı. Filologiya üzrə fəlsəfə doktoru (2005), professor (2013). Ərzurum Atatürk Universitetini bakalavr pilləsi, Səlcuq Universiteti Sosial Elmlər İnstitutunun ilahiyyat fakültəsini magistr pilləsi üzrə bitirmişdir. 1997 ildən Qafqaz Universitetində (Bakı) çalışır. 2006 ildən Qafqaz Universitetinin nəzdində təsis edilmiş Qafqaz Araşdırmalar İnstitutunun təsisçisi və direktorudur. 20-dək əsərin müəllifi və naşiridir, Azərbaycanda və xaricdə 100-ə yaxın elmi məqaləsi dərc olunmuş, beynəlxalq və respublika simpoziumlarında iştirak etmişdir. Azərbaycan tarixi və mədəniyyəti, xüsusən Şamaxı bölgəsinin irfan mühiti əsas tədqiqat sahələrindəndir. Seyid Yəhya əş-Şirvani əl-Bakuvi, İsmayıl Siracəddin Şirvani, Mir Həmzə Nigari kimi irfan böyüklərinin irsinin tədqiqatçısıdır. Şamaxıda dünyaya göz açan və Xəlvətilik irfan məktəbini yenidən təsis edərək adını dünyanın dörd bir tərəfinə yayan Seyid Yəhya Şirvaninin irsinin üzə çıxarılması alimin əsas xidmətlərindəndir. Şamaxının Kələxana kəndindəki Doqquz Günbəz qəbir-abidə kompleksindəki günbəzlərin xəlvəti sufilərinə aid olduğunu təsbit emiş, Şamaxıda Yeddi Günbəzdən qaib olan birinin Şeyx İzzəddinə aid olduğunu üzə çıxarmış və bu abidənin önəminə diqqət çəkmiş, Xəlvətilik məktəbinin qurucusu Pir Ömər Xəlvətinin qəbrini Şamaxının Avaxıl kəndində, tarixi qaynaqlara əsasən təsbit etmişdir.
Məlumat F.Qurbansoy tərəfindən təqdim edilmişdir.