Şamaxı rayonu Şamaxı şəhər i.ə.d.-də kənd. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Xınıslı çayının (Zoğalava çayının qolu) sağ sahilində, Meysəri silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Әhalisi 412 (2009) nəfərdir, 11 təsərrüfatı var. Doqquzillik məktəb, uşaq bağçası, kiçik kitabxana, orta əsrlərə aid yaşayış yeri var. 19 əsrdə əhalinin siyahıya alınmasında Şamaxı qəzasında Xınıslı kəndi (36 ailə, 208 nəfər), Xınışlı-Xalac köçü (20 ailə, 105 nəfər) qeydə alınmışdır.
Əvvəllər rayonun ərazisində Kiçik Xınıslı (və ya Dərə Xınıslısı) kəndi də olmuşdur. İndi bu kənd Şamaxı şəhərinin bir məhəlləsidir. Orta əsrlərdə Türkiyədə Xınıslı adlı şəhər və vilayət olmuşdur. Səlcuqilər, Səfəvilər dövlətlərinin siyasi həyatında mühüm rol oynamış xınıslıların adını daşıyır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 109
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.113