Şamaxı qədim və orta əsrlər tarixi dövründə özünün bir çox abidələri ilə, o cümlədən qalaları ilə tanınmışdır. Müxtəlif tarixi dövrlərdə inşa olunan bu qalalar Şamaxı tarixinin canlı şahidi kimi çıxış edir. Burada bütün respublika miqyasında tanınan qalalarla yanaşı, yerli əhəmiyyət daşıyan, eyni zamanda hələ də tədqiqini gözləyən qalalar da mövcuddur. Təsadüfi deyil ki, Şamaxı ərazisinin hər guşəsində zəngin mədəniyyət qalıqlarına rast gəlmək olur.
Şirvan hökmdarlarının xilafətə qarşı müstəqillik meylləri, Şirvan ərazisinə müxtəlif tayfaların (sərir, şandan, deyləmi və b.) hücumları, habelə daxildə hakimiyyət uğrunda gedən mübarizələr şirvanşahları daha ehtiyatlı siyasət yürütməyə, müxtəlif müdafiə xarakterli tikililərin inşasına üstünlük verməyə məcbur edirdi. Həmin müdafiə tikililəri arasında qalalar üstünlük təşkil edirdi.
Azərbaycan ərazisində qalaların üç əsas tipi müəyyən edilmişdir: 1.məbəd və din xadimlərinin əmlakını qorumağa xidmət edən; 2. feodal şəhərlərinin yaranması ilə meydana gələn şəhərtipli və 3. sığınacaq tipli qalalar. Şamaxı ərazisində hər üç tip qalalara rast gəlinir.
Bu qalalardan bilavasitə şəhəri müdafiə etmək üçün inşa edilmiş Şamaxı qalasını göstərmək olar. Belə ki, antik dövrdən başlayaraq bütün orta əsrlər dövründə qədim Şirvan torpağında yerləşən şəhərlər, o cümlədən Şamaxı çox böyümüş və inkişaf etmişdir. Bu inkişaf xüsusilə Şamaxıda 11-12 əsrlərdə daha çox diqqəti cəlb etmişdir. İqtisadi baxımdan əldə olunmuş nailiyyətlərin saxlanılması, eyni zamanda Şirvanşahlarla hərbi rəislər arasında çəkişmələrdən qorunması, oğuz-səlcuq türkləri tərəfindən gözlənilən təhlükənin aradan qaldırılması məqsədilə Şirvanşah Qubad ibn Yəzid (1043-1049) h.437 (1045)-cı ildə paytaxtı Şirvanın baş şəhəri Şamaxının ətrafına yonulmuş ağ daşdan yeni, güclü və möhkəm qala divarları hördürmüş və dəmir qapılar qoydurmuşdur. Məhz həmin qala divarlarının qalıqları arxeoloqlar tərəfindən aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı tapılan və 2,5 m enində olan bu divar təqribən dairəvi formada şəhərin mərkəzi hissəsini əhatə etmişdir. Bəzən divar qalıqları yalnız Şamaxı İçqalasının (yerli əhali onu Bala qala da adlandırırdı) qalıqları hesab olunur. Bala qalada Şirvanlara məxsus saray kompleksi inşa edilmişdir. Belə bir möhtəşəm müdafiə qurğusu, qala, saray kompleksinin inşa olunması təsadüfi xarakter daşımamış, Şərqin ən qədim mərkəzlərindən olan Şamaxının sənət, ticarət və mədəniyyət mərkəzi kimi fəaliyyəti ilə bağlı olmuşdu. Ona görə də Şamaxıya müxtəlif məqsədlərlə gələn bir çox səyyah, diplomat və b. bu qədim şəhərin abidələri, insanları, mədəniyyəti, təsərrüfat həyatı və məişəti ilə maraqlanmış və bu gün də öz əhəmiyyətini itirməyən məlumatlar toplamışdılar. Həmin məlumatlar Şamaxının müdafiə istehkamlarının, o cümlədən qalalarının öyrənilməsi baxımından qiymətli mənbələr hesab olunur.
Türk səyyahı Evliya Çələbi Azərbaycana birinci səyahəti zamanı (1646/1647) Azərbaycan torpaqlarını gəzmiş, bir çox yerlərdə, o cümlədən Şamaxıda olmuşdur. Şamaxı haqqında dəyərli məlumatlar verən müəllif onun qırx sultanlıq, qırx səkkiz qazılıq, qırx nahiyə, yetmiş qala, min üç yüz şəhərə bənzər qəsəbəsinin olduğunu bildirmişdir.
Tarixi mənbələr içərisində məhz E.Çələbi Səyahətnaməsində Şamaxı ərazisində 70 qalanın mövcud olması faktına rast gəlmək mümkündür. Öz əsərində E.Çələbi dəfələrlə “Şamaxı qalası” terminini işlətmişdir: “ ….[1548] il tarixində Süleyman xan vəzirlərindən Ülama paşa və Qaraman paşası Piri paşa Süleyman xanın məktubu ilə Şamaxı qalasına varıb bütün Şirvanın sünni əyanlarının bir cəm olub, Şamaxı qalasının açarlarını Piri paşaya təslim etdiyi və bütün Şirvan əyalətinin tabe olaraq, əvvəllər olduğu kimi, ələ keçirdiyi Süleyman xanın məlumu olub idarəsi Üləma paşaya verildi. Şah Təhmasib yeddi ay Şamaxı qalasını mühasirə edib… Lələ Mustafa paşa 955 ildə [1548] bu Şamaxı qalasını fəth edir. İçinə əvvəl olduğu qədər əsgər və cəbbəxana qoyub qalanı təmir və bərpa etdi… O əsrdən bəri Şamaxı qalası Əcəm əlində qalıb… Qalası Kür sahilində bir yüksək təpə üzrə möhkəm, mətin daşdan bir qaladır. İndi iç qalası qayət güclü müdafiə olunan və abad qaladır. Amma aşağı bayır qalası bəzi yerlərindən uçuq idi. Dizdarı və dizçökən ağası, minə qədər qala nəfərləri vardır”. E.Çələbi dördüncü səyahəti zamanı (1666) məlumat verirdi ki, “Şamaxı qalası hələ də Əcəmdədir…. Dəmirqapı, Bakı və Şamaxı qalaları Şirvan əyalətinin hökmündədir ki, yuxarıda adı çəkilən bu qalalar Ali-Osmanın əlində olub. Özdəmirzadə Osman paşanın əlilə fəth edilib”.
Qeyd etdiyimiz kimi, Şirvanşah Qubadın bu siyasəti sonrakı hökmdarlar tərəfindən davam etdirilmişdir. Bu zaman yalnız Şamaxının bir qala kimi möhkəmləndirilməsinə deyil, eyni zamanda öz mövqelərini qorumaq üçün yeni müdafiə qalalarının tikintisi və qalaların möhkəmliyinə xüsusi diqqət yetirilirdi. Ondan təqribən bir il sonra hakimiyyətə gələn Salar ibn Yəzid Şirvanşah dövlətinin qalalar vasitəsilə öz təhlükəsizliyini təmin etmək siyasətini davam etdirmişdir.
Belə ki, Münəccimbaşının məlumatına görə, Yəzidilər nəslindən olan, Şəddadilər, Şam (Suriya) və Məyyafariqin (Diyarbəkir elinə bağlı Silvan ilçe mərkəzinin qədim adı) hökmdarları ilə sıx əlaqə saxlayan Şirvanşah Sallar h.445 (1053) ildə Malu (Maluq) qalasını tutmuşdur. Qalanı möhkəmləndirən Şirvan hökmdarı burada özünün hərbi hissələrini, ərzaq ehtiyatını və silahlarını yerləşdirmişdir. Qalanın strateji əhəmiyyəti isə Salları qala ətrafında möhkəmləndirilmiş şəhərcik salmağa, orada mühüm əhəmiyyətli tikililərin inşasına və burada öz adamlarını yerləşdirməyə vadar etmişdi. Şirvanşah məhz bu məntəqədən “kafir”lərin üzərinə hücumlar edir, onların ölkəyə müdaxiləsinin qarşısını alır və Şirvanı onların basqınlarından qoruyurdu.
Alman alimi və səyyahı Adam Oleari 1636-1637 illərdə Şamaxıda olmuş və Şamaxı qala divarları haqqında qiymətli məlumatlar vermişdir. O, göstərirdi ki, Şamaxı dağda yerləşir və ona görə də şəhərə çatana qədər onu görmək olmur… Əvvəllər o, çox böyük idi və burada beş min ev vardı. Sonralar Şah Abbasın hücumları nəticəsində azaldı. O, iki hissədən ibarətdir və hər iki hissəsi qala divarları ilə əhatə olunub. Şah Abbas gördü ki, türklər əsasən qalanın möhkəmləndirilmiş və yaxşı müdafiə olunan yerinə hücum edirlər. Ona görə də şah qala divarlarının cənub hissəsini sökdürdü və indi də ora açıq yer kimi qalmaqdadır. A.Oleari qalanın şimal hissəsinin bir qədər kiçik olduğunu yazaraq göstərirdi ki, “o təpədə yerləşir və əhatəsi o qədər böyükdür ki, lap Leypsiqə oxşayır. O, çox pis divarlarla əhatə olunmuşdur. Belə ki, hətta qapı bağlı olanda belə şəhərə müxtəlif istiqamətlərdən girmək mümkün idi. Şəhərin beş qapısı vardır. Bu dövrdə Şamaxı şəhəri Gülüstan qalasına yaxın yerləşirdi. Bunu A.Olearinin çəkdiyi qrafik rəsm də təsdiq edir.
Moskvalı tacir F.Kotov (1613) Şamaxının güclü və hündür qala divarlarına, şəhərin ətrafında xəndəklərə, dəmir vurulmuş qapılara malik olduğunu göstərirdi. Rus alimi və ictimai xadimi, səyyahı A.P.Volınski (1715) yazırdı: “Şamaxı Gülüstan dağının ətəyindədir. Tikililərin çox hissəsi yonulmuş daşdandır. Şəhərin ortasında … qala vardır. Onun bəzi bürcləri və divarı dağıdılmışdır”.
Monqol hücumu zamanı Şamaxı güclü müqavimət göstərmiş, işğalçılar çox böyük çətinliklə şəhər divarlarını aşa bilmişdilər. Güman edilir ki, aşkar olunan istehkam məhz həmin bürc və divarın aşağı hissəsidir. Bürc və divarın quruluşundan onun azı 10-12 m. hündürlükdə olduğu güman edilir. 20 əsrin 60-70-ci illərində memar K.Məmmədzadə 18-19 əsrlərdə rus mühəndislərinin Şamaxı qala divarı qalıqlarından çəkdikləri plan əsasında şəhərin qala divarlarını bərpa etmişdir.
1562 ildə ingilis səyyahı A.Cenkinson Şirvana gəlir. Cenkinson Azərbaycanda olarkən Dərbənd, Şamaxı, Cavad və digər şəhərlərə gedir. O, Şirvana gəldiyi vaxt (1562) şəhər və qalaların inkişafında tənəzzülün olduğunu qeyd edir və bunun Azərbaycan mallarının Rusiyada az satılması, Xəzər dənizində gəmilərin az olması və s. ilə əlaqələndirir. Cenkinson Türkiyə ilə Səfəvilər arasındakı mübarizəni ticarət yolları, xüsusilə Şamaxı ipəyinin Avropaya aparıldığı yollar üstündə mübarizə kimi təsvir edirdi.
Şamaxı kimi bir şəhərin yalnız şəhər qala divarları ilə müdafiə olunması kifayət olmamışdı. Buna görə də ikinci mühüm qala və Şirvanşahların əsas iqamətgahlarından biri hesab olunan Gülüstan qalasından istifadə edilirdi. Gülüstan qalası daha qədim dövrlərdə inşa olunsa da, tarixi mənbələr artıq 9-11 əsrlərdə “Yəzidiyyə” – Şamaxının Gülüstan qalası ilə müdafiə olunduğunu bildirirlər. Qala şəhərin şimal-qərbində ətraf sahədən 200 m hündürlükdə sıldırım qayalı bir dağın zirvəsində inşa olunmuşdu. Qeyd olunan mərhələdə Gülüstan qalası yalnız müdafiə istehkamı deyil, eyni zamanda Şirvan hökmdarlarının iqamətgahı funksiyasını daşıyırdı. El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin “Şamaxı Gülüstanın ətəyindədir” və Arif Ərdəbilinin ”Şamaxı Gülüstanında bir qala var” deyimləri də bu fikri təsdiqləyir.
Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində möhkəm və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, “gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir.” Bu qalanın tikintisində Şirvanşahların tanınmış saray memarları, bənna və daşyonanları çalışmışlar.
Gülüstan qalası adi müdafiə tikilisi deyildi. Şirvanşahlar sülaləsinin uzun müddət yay iqamətgahı, dövlət əhəmiyyətli güclü qalası kimi ikili yüksək status daşıması onun bitkin quruluşunda və yüksək səviyyəli memarlığında öz əksini tapmışdır. Səlcuqlar dövründə gərgin tarixi hadisələrlə bağlı bu qalanın möhkəmləndirilməsinə böyük diqqət ayırmışlar. Tarixçi və şairlərin əsərlərindən bilinir ki, 11 əsrin sonları ilə 12 əsrin başlarında hakimiyyət sürmüş Şirvanşah II Mənuçöhrün bacısı Şahbanu Xatun “Gülüstan qalasını yenidən tikdirmiş”, Şirvanşah I Axsitan isə 12 yüzilin sonlarında onu yenidən möhkəmləndirmişdir.
Dəfələrlə Şirvanşahların sığınacağı olan bu qala orta əsrlərdə Şirvan uğrunda gedən saysız tarixi savaşlarda əsas rol oynamışdı. Onun divar və bürcləri müxtəlif çağlarda xəzər, ərəb, səlcuq, gürcü, monqol, Səfəvi, Osmanlı yürüşlərinin gücünü görmüşdür. Tarixi Azərbaycanın Mənuçöhr, Axsitan, Xəlilullah, Şah İsmayıl, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan Gülüstan qalasının tarixi dəyəri çox böyükdür. Gülüstan qalasının inkişafında 16 əsrin ortalarında I Şah Təhmasib mənfi rol oynamış və “dünyanın ən qədim qalalarından sayılan” (A.Cenkinson) Gülüstan qalası dağıdılmışdır.
Qiymətli tarixi mənbələrdən biri olan “Hüdud əl-aləm”də Şirvanşahın yaşadığı Şamaxıdan bir fərsəxlik (6 km) məsafədə yerləşən ordugahdan danışılır. Mənbənin verdiyi təsvir əsasında Şirvanşahın bu ordugahı Qız qalası adı ilə tanınan Gülüstan qalasına uyğun gəlir. Onun xarabalıqları Şamaxıdan üç km şimal-qərbdə indiyədək qalmaqdadır. Qalada aparılan arxeoloji qazıntılar zamanı qala divarlarının, müxtəlif binaların qalıqları aşkar edilmişdir. Habelə, 9-11 əsrlərə aid materiallar – başlıca olaraq Gülüstanın təkcə müdafiə qalası yox, həm də Şirvanşah və onun ailəsinin iqamətgahı olduğunu göstərən keramika, saxsı, çini və seledon qablar və digər məişət əşyaları aşkara çıxarılmışdır.
Şamaxıda və ya Gülüstan qalasında yaşamalarından asılı olmayaraq Şirvanşahlar xəzinələrini bilavasitə öz yaşadıqları ərazidə və ya şəhərdə saxlamırdılar. Bunun üçün bilavasitə onlara tabe olan xüsusi qalalar mövcud idi. Orta əsr mənbələrində bu qalalar barədə məlumat verilir. Onlardan biri Girdiman ərazisində Niyaldağ ərazisində yerləşən əlçatmaz Niyalqala qalasında yerləşdirilmişdir. Əl-Məsudi Şirvanşahın Qabh dağındakı Niyal adlanan qalasını xatırladır və onun “dünyada misli-bərabəri olmayan qala” olduğunu göstərir. Niyalqaladan bir fərsəx aralı, ondan 7-8 km şərqdə şah zindanının yerləşdiyi daha bir möhkəm qala, ehtimal ki, Sulut qalası yerləşirdi.
11-12 yüzilliyin əvvəllərində yaranmış siyasi vəziyyət Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün başlanmasına səbəb oldu. Bu dövrdə baş verən səlcuq yürüşləri bəzi şəhərlərin dağılmasına gətirib çıxarsa da, şəhər həyatının ümumi inkişaf meylinin qarşısı alınmadı, əksinə bu dövr Azərbaycanda şəhərlərin və şəhər mədəniyyətinin çiçəklənməsi, bununla bağlı olaraq memarlığın inkişafı ilə səciyyələnmiş oldu.
Bu dövr memarlığımızın əsas üç üslub istiqamətindən birini əks etdirən və yaranması 8-9 əsrlərə aid olunan Şirvan-Abşeron memarlıq məktəbi orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyən etməkdə mühüm rol oynamışdı. Əsas tikinti materialı əsasən yerli əhəngdaşı olan Şirvan-Abşeron memarlıq məktəbi üçün daha dayanıqlı, sadə və çox vaxt assimmetrik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur. Memarlıq binalarının daş hörməsinin xarakter və quruluşu ilə müəyyənləşən bədii obrazının bütövlüyü, hörgünün hamar fonunda relyeflə işıq-kölgə effekti yaradan plastik cəhətdən zəngin ünsürlərinin yerləşdirilməsi Şirvan – Abşeron memarlıq məktəbinin xüsusiyyətlərindəndir.
Bu dövrün müdafiə qurğularının əsas hissəsini şəhər qala divarları və qalalardan ibarət iki qrupa bölmək mümkündür. Yuxarıda qeyd etdiyimiz Şamaxı şəhərinin qala divarlarının bu dövrdə inşa edilməsi (və ya bərpa olunması) təsadüfi xarakter daşımamışdı. Bunu arxeoloji tədqiqatın nəticələri də sübut etmişdir. 1970-1972 illərdə aşkar edilmiş qala bürcü və divarı bu cəhətdən maraqlıdır. Həmin bürcün diametri 7 m.-dir. Onun şərq tərəfində dördkünc formalı kontrfors tikilmişdir. Qala divarı şərq tərəfə davam etdikcə eyni formalı kontrforslar hər 3,5 m-dən bir təkrar olunur. Dördüncü kontrforsdan sonra isə divar 6,5 m. davam edərək trapesiya formalı bürc ilə qarşılaşır. Həmin divar 11-12 əsr mədəni təbəqəsi üzərində 12-13 əsrlərdə tikilmişdir. Geniş quruculuq işlərindən sonra güclü paytaxt şəhərinə çevrilən Şamaxını orta əsr müəllifləri dəmir qapılı, daş divarlı alınmaz qala və çox gözəl bir şəhər kimi təsvir edirdilər. Eyni zamanda Gülüstan qalası da 12 əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir.
14-15 əsrlərə qədər Şamaxı qala divarları ilə yanaşı Gülüstan qalası da Şirvan hökmdarlarının əsas müdafiə məntəqəsi rolunu oynayırdı. 14 əsrdə Şirvanşah Kavusun oğlu Hüşəngin tərbiyəçisi olmuş Arif Ərdəbili Gülüstan qalasının divarında daşdan yonulmuş insan surətlərinin olması barədə məlumat verir və qalanı Axsitan qalası adlandırır. Alman alimi və səyyahı Adam Oleari 1636-1637 illərdə Şamaxıda olmuş və Şamaxı qala divarları haqqında qiymətli məlumatlar vermişdir. O, göstərirdi ki, şəhər divarlarında daş üzərində yonulmuş iki kişi başı görüb, heç kəs bunun nə demək olduğunu aydınlaşdıra bilmədi.
12-13 əsrin əvvəllərində istedadlı memar və sənətkarların yaşayıb yaratdığı Şirvanda memarlıq inkişaf edirdi. Mənbələrdə Şamaxının yaxınlığındakı 12 əsrdən xeyli əvvəl tikilmiş və o vaxtlar inşası başa çatdırılan Gülüstan qalası, Buğurt qalası və bir sıra digər qala və bürclər qeyd olunur. Zəkəriyyə əl-Qəzvini Şirvan vilayətində möhkəmləndirilmiş Buğurt qalasından danışır: “Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumət evi (dar əl-imarə) var. Onun qapısında yazılmışdır: “Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır”.
Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır. Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.
Monqol istilasından sonra (təqribən 1239 il) Şirvanda 13 əsrin sonlarınadək əhəmiyyətli tikililərə rast gəlinmir ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində dağıntılara məruz qaldığını göstərir. Lakin artıq 14 əsrin əvvəllərindən bütün ölkədə yenidən iri müdafiə tikililəri, ibadətgahlar inşa edilməyə başlayır.
Şamaxı qalasının orta əsrlərdə ikiqat qala divarları ilə əhatə olunması və təhlükə vaxtlarında Gülüstan qalasının etibarlı müdafiə qalasına çevrilməsi baxmayaraq, 15, xüsusilə də 16-17 əsrlərdə odlu silahların, xüsusilə topların meydana çıxması və istifadə edilməsi Şirvan şahlarının müdafiə probleminə yenidən qayıtmasına səbəb oldu. Onlar dövləti və paytaxt şəhəri daha əlverişli bir qala vasitəsilə müdafiə etmək üçün nə Şamaxı qalası, nə də Gülüstan qalasından artıq istifadə edə bilmirdilər. Daha möhtəşəm və alınmaz qala kimi bu dəfə Buğurt qalası çıxış etməli idi. Məhz buna görə 16 əsrdən sonra Buğurt qalası tarixi mənbələrdə daha çox xatırlanırdı.
Buğurt qalası Şamaxı şəhərinin şimal-qərbində, ondan 20 km. məsafədə hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Qala yerləşən dağ cənubdan Qız qalası və Cənqu (cəngi) dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. Bu isə Buğurt qalasının strateji mövqeyinin əlverişli olduğunu göstərir. Qala yerləşən dağ hər tərəfdən uçurumla əhatə olunur. Qalaya çıxmaq üçün nisbətən əlverişli yol yalnız qərb tərəfdəndir. Burada dağın döşü boyu meşəlik içərisində ön istehkamlar tikilmişdir. Bu maneələri ötüb keçdikdən sonra dağın lap zirvəsində yerli əhalinin «Şah evi» adlandırdığı narınqala tipli başqa bir istehkam vardır. O, hər tərəfdən uçurumlu qayalarla əhatə olunur. Buğurt qalası istər yerləşdiyi mövqeyinə, istərsə istehkamlarının quruluşuna görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir dağ və ya təpənin üzərində tikilmişlərsə, Buğurt qalasının istehkamları bir-birinə bitişik olan, təbii aşırımlar vasitəsi ilə birləşən dağ silsilələrinin zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və əlçatmaz olur. Şirvanın bir çox qalaları kimi Buğurt qalası da əsasən müxtəlif ölçülü daşlar və qum-əhəng qarışdırılmış məhlul ilə tikilmişdir. Qalanın ön istehkamı həmin silsilənin qərb döşü və şərq tərəfdən dağın zirvəsi istiqamətində təqribən düzbucaq formada 1800×250 m. sahəni əhatə edir. Bu əzəmətli divarın eni təqribən 5 m-dir. Onun bir çox hissələrini hazırda müşahidə etmək mümkündür. Bəzi yerlərdə isə divarın yalnız izləri qalmışdır. Həmin istehkam ilə əlaqədar bir sıra tikintilər də vardır ki, onların xarabaları hazırda qalmaqdadır. Bunlardan biri qalanın cənub-qərb küncünü təşkil edən Qız qalası adlı dağın zirvəsindədir. Bu dağ qalanı cənub tərəfdən qoruyan təbii maneələrdən birisi hesab edilir. Burada əlverişli strateji bir mövqedə dairəvi bürc tikilmişdir. Bürcün diametri təqribən 3,5 m-dir. Onun arxasında 15×5 m. ölçüsündə dördkünc tikinti qalığı vardır. Bura yəqin ki, qalanın əsas gözətçi bürclərindən biridir. Həmin bürcə bitişik olan divar 10-12 m. şimala doğru davam etdikdən sonra dağın relyefinə müvafiq olaraq düzbucaq formada şərqə tərəf əyilir, sonra yenə də dağın yuxarı döş hissəsi ilə şimal istiqamətində təqribən 240-250 m. uzununda davam edərək başqa bir dairəvi bürcə çatır. Həmin bürcün yaxınlığında, ona bitişik düzbucaq formalı başqa tikinti vardır. Bu tikinti divardan təqribən 20 m. qərbə tərəf davam etdikdən sonra düzbucaq formada cənuba doğru əyilir. Buranın da iki dağarası gözətçi məntəqəsi olduğunu söyləmək mümkündür. Həmin tikintidən yenə də 250 m. şimala doğru divar davam etdikdən sonra (burada divarın yalnız izi qalmışdır) çox mürəkkəb formalı bir tikintiyə təsadüf etmək olur.
Üç gözdən ibarət olan bu tikintinin qərb tərəfində, təqribən 15-20 m. uzunluqda, 5 m. enində divar qərbə tərəf uzanır. Buradan vaxtı ilə hərbi hissələr yerləşdirmək üçün istifadə edildiyi ehtimal olunur. Eyni əhəmiyyətə malik başqa bir tikinti, divarın 200 m davam edib sona çatdığı yerdə də vardır. Bürc formasında olan bu tikinti 35-40 m qərb tərəfə doğru çəkilmiş divarın qurtaracağındadır. Həmin divar və bürc Qala dərəsini nəzarət altında saxlamaq üçün ən əlverişli məntəqə hesab edilə bilər. Burada yarımdairəvi bürcün arxasında eni 1,40 m., hündürlüyü 4 m. və uzunluğu təqribən 6 m olan dəhliz formalı yer vardır. Qala dərəsinə baxan divarda gözətçi deşikləri düzəldilmişdir. İstehkamın şimal divarının ancaq izləri qalmışdır. Burada heç bir tikinti qalığı yoxdur. Qalanın qərb divarı kimi şərq divarının, yəni dağın zirvəsi ilə çəkilən divarın içəri tərəfində bir sıra tikintilər vardır. Şah evi qalada yerləşən dağların ən yüksək zirvəsindədir. Narınqala vəzifəsini ifa etmiş bu bina hər tərəfdən uçurumla əhatə olunur. Bina qayaların arxasında gizlənmişdir. Belə ki, tam zirvəyə qalxmayınca onu müşahidə etmək olmur. Burada bir-birinə bitişik üç otaq qalığı vardır. Otaqların tavanları və şimal divarları dağılmışdır. Buna görə onların ölçülərini müəyyənləşdirmək mümkün deyil. Binanın salamat qalmış cənub küncləri oval formadadır. Şah evinin şimal tərəfində dağın yamacları istiqamətində bir-birindən təqribən 200-250 m. aralı qoşa divar çəkilmişdir. Bu divarlardan başqa, dağın əlverişli çıxış yerlərində də müxtəlif sədd və maneələr tikilmişdir. Bunlar şimal tərəfdən şah evini müdafiə edən istehkamlardır.
Buğurt qalası öz tikintiləri və istehkamları etibarilə olduqca nəhəng və mürəkkəb bir quruluşa malikdir. Başqa orta əsr qalaları kimi bu qala da öz istehkamlarına görə iki hissədən: ön istehkam və narınqaladan ibarətdir. Birincinin tikilişində çay daşı və böyük həcmli yonma daşlardan istifadə edilmişdir. Narınqala isə ancaq yaxşı yonulmuş daşlarla tikilmişdir. Ön istehkam öz tikinti xüsusiyyətinə görə Gülüstan qalasına, narınqala isə Bakı Şirvanşahlar sarayı tikintisinə uyğun gəlir.
12-13 əsrlərdə Şirvanda dekorativ və plastik sənət xeyli inkişaf etmişdi. Sənətkarların abidələr üzərində qalmış adları bir sıra istedadlı daş üzərində həkkaklıq ustalarının, heykəltəraşların olduğunu gostərir. Bakı buxtasında, 14 əsrdə su altında qalmış uzunsov düzbucaqlı formalı qala tipli tikilinin yerində (Bayıl daşları deyilən yerdə) üzərində ərəb əlifbası ilə kitabələr həkk olunmuş səkkiz yüzədək sal daş tapılmışdır. Fars dilindəki bu kitabələr vaxtilə abidənin divarlarını yuxarıdan dövrələyən frizdə yerləşdirilmişdir. Salların kitabələrdən boş qalan yerlərində qabarıq şəkildə müxtəlif heyvan, əfsanəvi varlıq, bəzilərində tac olan insan başları təsvir olunmuşdur. Bu qabartmaların bir çoxu böyük sənətkarlıqla, realist səpkidə işlənmiş, bu və ya digər heyvana məxsus hərəkətlər düzgün təcəssüm etdirilmişdir. Zəkəriyyə əl-Qəzvininin 1275 ildə yazdığına görə, Şirvanşahın Şamaxı yaxınlığındakı Buğurt qalasındakı iqamətgahının divarlarında insan heykəl təsvirləri var idi. 14 əsrin ikinci yarısının müəllifi Arif Ərdəbili xəbər verir ki, Şirvanşah Axsitan (12 əsr) Şamaxı yaxınlığında daş hasarla dövrələnmiş əlçatmaz Gülüstan qalasını tikdirmişdi. Qalanın yuxarı hissəsində daşdan yonulmuş çox qabarıq insan üzləri təsvir olunmuşdur. 17 əsrdə Şamaxıda olmuş səyyah Adam Oleari qala divarında daşdan yonulmuş insan üzləri gördüyünü yazırdı. Görünür, bu nadir bəzək abidələri Şirvan-Abşeron memarlıq məktəbində islamaqədərki qədim ənənələr əsasında yaradılırdı. Bu üslubun meydana çıxmasını Sasanilər dövrünə və daha əvvələ aid etmək olar. Bu surətlər isə, güman ki, şəhərin simvolu və ya simvolik nişanı olmuşdur.
Şirvanşah Şahrux hakimiyyətə gəldiyi dövrdən Osmanlı xanədanı ilə əlaqəyə girərək Sultan I Süleymana məktub göndərmiş ona sadiq olduğunu bildirmişdi. Şirvanşah Şahruxa qarşı üsyanların baş verdiyi bir dövrdə Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah I Təhmasib əlverişli bəhanə tapdı. h.945 (1538) ilin baharında Əlqas Mirzə, Qorçubaşı Padarın müşayiətilə Kürü keçərək Şirvana girdi, Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə aldı. Eyni zamanda Buğurt qalası da mühasirəyə alındı. Şirvanşah Şahrux doqquz ay Buğurt qalasında mübarizə apardı. Cənnabinin məlumatına görə, Buğurta gələn şah Təhmasib Şahrux, sonra isə Şamaxının bütün sərkərdə və rəislərinə hər cür nemətlər vəd edərək onlara xəyanət etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və Şirvan əmirləri hədiyyələrlə Təhmasibin hüzuruna gələrək saraylar və xəzinələrin açarlarını şahın vəkillərinə təqdim etdilər. Şirvanşahların hələ 13 əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə I Təhmasib sahib oldu. H.945-ci il cəmadiyüləvvəl ayının 3-də (27 sentyabr 1538 il) Gülüstan qalasının kütvalı Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam olundu. Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi. Bu hadisə Səfəvilərin Şirvanın əsas qalalarını tutmasına xüsusi diqqət yetirməsinin səbəbinə aydınlıq gətirməklə yanaşı, Şamaxı qalası, Gülüstan və Buğurt qalalarının Şirvanşahlar dövlətinin tarixində mühüm rolundan səbər verir.
Şirvanşahlar dövlətinin ərazisində Qız qalaları ayrıca bir qrup təşkil edir. Bu qalalara Şamaxı ilə yanaşı, orta əsrlər Şirvanşahlar dövlətinin tərkibində və ya asılı vəziyyətdə olan Bakı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı və b. ərazilərdə rast gəlmək mümkündür. Türk xalqlarının yaşadığı böyük bir regionda yayılan Qız qalaları ümumi xüsusiyyətlərə malik olduqları kimi, eyni zamanda hər bir regionun özünəməxsus təbii-coğrafi xüsusiyyətləri, tarixi inkişafı, memarlıq ənənələri və s. cəhətləri onların fərdi xüsusiyyətlərini formalaşdırmışdır. Azərbaycanın bir çox regionunda olduğu kimi, Şamaxıda Qız qalası ilk növbədə dağ adıdır və Qız qalası onun ən yüksək nöqtəsində inşa edilir.
Qədim dövrlərdə Qız qalası kimi möhtəşəm abidənin yaranması müxtəlif ideoloji fikirlərlə əsaslandırılmış, qalanın simvolu kimi çıxış edən qız bu və ya başqa dərəcədə həmin abidə ilə mütləq əlaqələndirilmişdi. Eyni zamanda odla qız obrazının eyniləşdirilməsi baş vermişdi. Bu prosesə qədim Şərq ölkələrinin bəzilərində də rast gəlinmişdi. Yalnız Azərbaycanda deyil, bir çox dünya xalqlarının inamlarında qız/qadın obrazları “ocağ”ın əsasını təşkil etmiş və bu əsasda yaşayış evlərində yaranan ibadət özəkləri tədricən bütxana, məbəd və qalalara çevrilmişdir. Azərbaycan dilində “qız” sözünün birbaşa mənası ilə yanaşı “qızarmaq”, “qızınmaq” və s. kimi sözlər bu gün də isti və od ilə əlaqələndirilir. Qız sözünün ilkin mənasının od olmasına əsaslanaraq demək olar ki, yarandığı erkən dövrlərdə Qız qalası həm də Od qalası (məbədi) hesab olunmuş və dövrünün dini-ideoloji sistemini əks etdirmişdir. Bu qalalar odla və oda sitayişlə bağlı olduqlarına görə erkən dövrdə onlara “ocaq” kimi də yanaşılmış, çox hallarda dağların zirvəsində inşa edilmişdilər.
Od qalası kimi yaranan Qız qalaları tədricən ilkin məqsədini dəyişmişdi. Məzdəizmin formalaşdığı dövrdə onlar əsas ilahi fövqəlbəşər qüvvə kimi çıxış edirdisə, sonradan onları Hörmüzd və Əhriman əvəzləmişdi. Həmin qalalar xüsusilə Əhəmənilər və Sasanilərin hakimiyyəti dövründə zəngin məbədlər hesab olunurdu.
Antik və orta əsrlər dövründə Azərbaycanın-maddi mədəniyyət abidələrinin arasında xüsusi mövqe tutan Şamaxı Qız (Gülüstan) qalası cənub yamacı istisna olmaqla sərt eniş, uçurumlu dərə və keçilməz yollarla əhatə olunmuşdur. Qalanın yazılı mənbələrdə ilk dəfə 8 əsrdə xatırlanmasına baxmayaraq, inşa texnikası və ərəb işğalları dövründə Şirvan şahının möhkəm bir qalada yerləşərək güclü müqavimət göstərməsi faktı onun Sasanilər dövründə, bəlkə də, daha erkən inşa olunması fikrini ortaya qoyur. Sasanilər Azərbaycanı işğal etdikdən sonra burada öz hərbi qüvvələrini saxlamaq, sərhəd məntəqələrini qorumaq və mərkəzi hakimiyyətdən narazı kütlələrin üsyanlarının qarşısını almaq zərurəti ilə rastlaşdılar. Bu baxımdan yanaşdıqda Gülüstan (Qız) qalasının yalnız istehkam məqsədi ilə inşa edilməsi daha inandırıcı görünür. Ərəb istilası ərəfəsində Şirvanda hakimiyyətdə olan Şəhriyar məhz qalada möhkəmlənərək istilaçılara qarşı mübarizə aparmışdır. Bac vermək şərtilə Şirvan əhli tabe olsa da, bir müddət sonra yenidən üsyan qalxır. Ona görə 733 ildə xəlifə Hüşam Müslüm ibn Əbdülməliki böyük bir ordu ilə üsyançılara qarşı göndərir və ərəblər Şirvanşahın da olduğu qalanı tuturlar. 10 əsr müəllifi Təbəri bu hadisəni təsvir edərkən üsyançıların məhz Qəlaye-düxtəranda (Qızlar qalasında) möhkəmləndiklərini və buna ərəb sərkərdəsinin bu qalanı mühasirəyə aldığını bildirirdi.
Lakin orta əsr mənbələrinin Gülüstan qalasını Qız qalası kimi tanıması, digər tərəfdən Buğurt qalasının cənub qurtaracağında yarımdairəvi bürcü olan digər bir Qız qalasının mövcudluğu məsələnin daha qədim köklərə dayandığını göstərir. Buğurt qalasındakı Qız qalası enli bir divar vasitəsi ilə qalanın ön istehkamı ilə birləşdirilmişdir. Tikintidə arxaik elementlər üstünlük təşkil etmişdir. Bu isə Buğurt qalasının inşasından əvvəl Qız qalasının mövcud olması və dini məqsədlə istifadə edilməsi fikrinə gətirib çıxarır. Bu Qız qalası Buğurt qalasının ümumi sistemindən aralı inşa edilmişdir.
Buğurt qalası Şamaxı və Şirvanşahların əsas müdafiə qalasına çevrildikdə isə Qız qalası əsas qalaya gedən yolun qorunması funksiyasını daşımışdı. Bu abidənin daha qədim tikili qalıqları üzərində qaldırılması memarların bütün məharətinə baxmayaraq, ümumi müdafiə sistemində əsasən müdafiə qalasına gedən yola nəzarət funksiyası daşıması onun Buğurt qalasına nisbətən daha qədim bir tikili olmasını göstərir. Daha qədim tikili üzərində ucaldılmış bu Od qalasının tikinti xüsusiyyətləri və inşa texnikaı onun yüksək hərbi və inşa səviyyəsindən xəbər verir.
Şirvanda yayılan əfsanələrin xarakterik xüsusiyyətlərindən biri Şirvan hökmdarlarının taxt-tacının Qız qalasında yerləşməsi ilə bağlı idi. Eyni zamanda Şamaxı ərazisində Qız qalası ilə yanaşı, Qız meydanı, Qızsevən, Qız köşkü, Qızlar düzü, Qızlar bulağı, Qızlar dağı və s. adlı yerlər qalmaqdadır.
Şamaxı şəhərinin şimal-qərbində 35 km. məsafədə 1810 m. ucalığı olan Fit dağının zirvəsində Fit qalası yerləşir. Bu qalaya insanların uzun müddət gələ bilməməsi nəticəsində Fit qalası 19 əsrin sonu-20 əsrin əvvəllərinə qədər coğrafi xəritələrdə qeydə alınmamışdır. Coğrafi mövqeyinə baxmayaraq, qala divarlarla da əhatə edilmişdir. Eni təxminən 3 m. olan divarlar yıxıldığı üçün onların hündürlüyünü müəyyən etmək olmur. Qala divarlarındakı bürclərin qalınlığı əsasında onların dördkünc və yarımdairəvi şəkildə olması müəyyən edilmişdir. Qalanın içindəki bütün binalar dağıdılmışdır. Dağın ən hündür nöqtəsində Xan evi adlanan böyük bir bina mövcud olmuşdur. Əhali onu Mustafa xanın qalası adlandırırdı.
Fit qalası və onun ətrafında aparılan tədqiqat işləri burada artıq Sasanilər dövründən yaşayışın olduğunu göstərmişdir. Fit qalası və onun ətrafında 6-7 əsrlərdən yaşayış olsa da, qalanın dəqiq inşa tarixi bəlli deyil. Bu ərazidə əsasən 11 əsrdən müdafiə xarakteri daşıyan qalanın tikilməsi güman edilir. Fit qalası daha çox xanlıqlar dövrü və 19 əsr hadisələri ilə əlaqədar xatırlanır. A.Bakıxanov Şirvan xanı Mustafa xanın Fit qalasına üç arşın enində divar çəkdirmək üçün üç min adam cəlb etməsi, Məhəmməd Qacarın hücumu (1795) zamanı xanın Fit qalasına çəkildiyini və Ağsu şəhərini buraya köçürdüyünü yazırdı. Eyni hadisə Abbas Mirzənin hücumu zamanı da təkrar olunmuşdur. Bəhs olunan dövrdə Fit qalası kimi möhkəmləndirilmiş istehkam məhz güclü hücumlara tab gətirə bilərdi.
Hazırda Şamaxıda Şirvanşahlar dövründə inşa edilən çoxsaylı abidələr, o cümlədən “Gündəyməz” müdafiə istehkamı, Qusçu, Başıbağlı kimi qalalar mövcuddur.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev respublikada turizmin inkişafına xüsusi önəm verməsi nəticəsində Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxıda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılır. Bu baxımdan Azərbaycan Respublikası MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı və Şamaxı-Ağsu ekspedisiyaları müxtəlif abidələrdə, o cümlədən Şamaxı qalası, Gülüstan qalası və s. uğurla tədqiqat işləri aparırlar. Məhz bu tədqiqat işləri nəticəsində qədim və orta əsrlər Şamaxısının bir çox abidələri, o cümlədən müdafiə istehkamları, qalalar və s. haqqında yeni materiallar əldə edilir.
Aytən Mehdiyeva
Tarix üzrə fəlsəfə doktoru, dosent
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Abdulla Fazili. Atropatena e.ə. IV – e. VII əsri. Bakı: 1992
2. Aşurbəyli S. B. Şirvanşahlar dövləti VI-XVI əsrlər. Bakı: 2006
3. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı: 1987
4. Azərbaycan Sovet Ensiklopediyası. III c. Bakı: 1979
5. Azərbaycan tarixi. Yeddi cilddə. İkinci cild (III-XIII əsrin I rübü). Bakı: 1998
6. Bakıxanov A. Gülüstani-İrəm. Bakı: 1970
7. Ciddi H.Ə.Buğurt qalası. Bakı: 1973
8. Ciddi. Gülüstan qalası (Şamaxı Qız qalası). Bakı: 1967
9. Cümşüdlü Ə., Məmmədov A. Müdafiə tikililəri haqqında orta əsr səyyahlarının məlumatları. Mədəni-maarif, 2006, № 5
10. Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Bakı: 2012
11. İbn əl-Əsir.Əl-kamil fi-t-tarix. Bakı: 1959
12. Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı: 1991
13. Mehdiyeva A.Ə.Azərbaycanda Qız qalalarının tarixi. Bakı: 2000
15. Mинopcкий Ф. Иcтopия Шиpвaнa и Дepбeндa. Mосква: 1963
16. Olearius Adam. Moskowitische und persische Reise: die holsteinische Gesandtschaft 1633-1639. Schleswig: 1656
17. www.anl.az
18. www.haqqinda.az
19. www.istclub.ru
20. www.mediapost-az.com
21. Александрович –Насифи Дж. Девичья башня в Баку. Баку: 1927
22. Английские путешественники в Московском государстве в XV веке. Москва: 1937
23. Ахундов Д.А. Архитектура древнего и раннесредневокого Азербайджана. Баку: 1986
24. Бyниятoв З. Maтepиaлы из coчинeний Зaкapийи aл-Kaзвини oб Aзepбaйджaнe. “Изв. AH Aзepб. CCP”, cepия иcтopии, филocoфии и пpaвa, 1976, № 3
25. Керимов В.И. Оборонительные сооружения Азербайджана эпохи Низами. Баку: 1991
26. Олеарий А. Описание путешествия в Московию /Пер. с нем. А. М. Ловягин. Смоленск: 2003