Söz azadlığını qorumaq məqsədilə yaradılmış qeyri-hökumət təşkilatı. 2004 ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatıçılığı ilə bir sıra iri həcmli layihələr gerçəkləşdirmişdir. 2007 ildə söz azadlığının qorunmasına həsr olunmuş beynəlxalq konfrans, “Reklamlarda və istehlak mallarının üzərindəki etiketlərdə Azərbaycan dilinin qorunması” ilə bağlı layihə, seçki proseslərində medianın monitorinqi, “Mətbuat xidmətlərinin fəaliyyətinə həsr olunmuş” sorğu SAMF-ın həyata keçirdiyi layihələrdəndir.
SAMF AVCİYA-nın təşkilatçılığı ilə “Həsənbəy Zərdabi və “Əkinçi”, “Medianın secki prosesində rolu”, “Azərbaycan media kataloqu”, “Dəbistan” uşaq jurnalının xatirə nömrəsini nəşrə hazırlamışdır. SAMF Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Qarabağ mövzusunda üç layihə həyata keçirmişdir. Bu sıraya “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” , “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” və “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi daxildir.
AVCİYA və SAMF Şamaxıda böyük satirik şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ənənəvi bədii qiraət müsabiqəsi keçirir. Bədii qiraət müsabiqələri 2011-15 illərdə keçirilmşdir.
Məlumat Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından alınmışdır.