(15.3.1932, Şamaxı r-nunun Təklə k. – 3.6.2010, Bakı) – geoloq, geologiya-mineralogiya elmləri namizədi (1970). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Bir sıra elmi idarələrdə bölmə və laboratoriya rəhbəri, Azərgeofizika ETİ-nin aparıcı elmi işçisi olmuşdur. Tədqiqatları əsasən hidrogeologiya, regional geologiya, neftli-qazlı rayonların geoloji quruluşunun araşdırılmasına aiddir.Naxçıvan Muxtar Respublikası, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran zonalarında kompleksli geoloji-hidrogeoloji tədqiqatlar aparmış, yeraltı suların balans və ehtiyatını öyrənmiş, Kür çökəkliyi üzrə ümumiləşdirmələr etmiş, Bakı şəhərinin su təchizatı üçün Quba-Xaçmaz zonası yeraltı sularının istismar ehtiyatını hesablamışdır. 150-dən çox əsərin, o cümlədən 80-dən artıq dərc olunmuş elmi işin müəllifi, 2 kollektiv monoqrafiyanın həmmüəllifidir. Medallarla, “Yer təkinin kəşfiyyatı əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
Əd.: Əliheydər Babayev “Nizami Gəncəvinin əsərlərində geologiya məsələləri”, Bakı,”Nafta-Press”, 1999