Şəmsəddin Məhəmməd oğlu Bədr Şirvani (1387, Şamaxı – 1450, Şamaxı, yaxud Bakı) – Azərbaycan şairi. Mükəmməl təhsil almış, klassik Şərq ədəbiyyatını dərindən öyrənmişdir. Azərbaycan, fars, habelə ərəb dillərində yazmışdır. 10-11 yaşlarından şeir yazmağa başlayan Bədr Şirvani, on ilə yaxın Xorasan, Gilan, Qarabağ, Təbriz, Qəbələ, Ərdəbil, Dərbənddə olmuşdur. Vətənə qayıtdıqdan sonra Şirvanşahların sarayında yaşamışdır. Ədəbi irsindən Azərbaycan və fars dillərində 12500 beytdən ibarət olan divanı (əlyazması Özbəkistan EA Şərqşünaslıq İnstitutunun kitabxanasında saxlanılır) məlumdur. Əsasən qəzəl və qəsidələr yazmışdır. Onun Şirvanşah I Xəlilüllaha yazdığı 29 beytlik qəsidə Xaqaninin məşhur “Qəsideyi-şiniyyə”sinə nəzirədir. Şair öz dövründə nəinki Azərbaycanda, hətta İran və Orta Asiyada qüdrətli sənətkar kimi tanınmışdır. Ana dilində yazdığı şeirlər 15 əsr Azərbaycan ədəbi-bədii dilini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 3 cild, Bakı, 2011, s.547