(15.5.1944, Hacıqabul r-nunun Atbulaq k.) – Azərbaycan kinorejissoru, ssenarist və aktyor. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı (1986). Əslən Şamaxıdandır. Azərbaycan Dövlət İncəsənət İnstitutunu və Ali Rejissorluq və Ssenaristlər Kursunu (Moskva) bitirmişdir. Kinoya uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmlərilə gəlmişdir. 1966 ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi çalışmışdır. Bir müddət kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olmuşdur. “Axırıncı aşırım” (Bəylər), “Yeddi oğul istərəm” (Qasım), “Nəsimi” (Dərviş) və s. filmlərdə yaddaqalan rollar yaratmışdır. Bədii kinoda ilk ən böyük işi “Qanlı zəmi” (“Qaçaq Nəbi”) filmidir. Bu film üzərində o, dostu və sənət yoldaşı Həsənağa Turabovla birlikdə işləmişdir. “Firəngiz” (1975), “Üzü küləyə”(1977), “Şəhərli biçinçilər” (1985), “İki sahil” (1989), “Gecə qatarında qətl” (1990) filmlərinin rejissorudur.
Məlumat Ə. Mahmudovdan alınmışdır.