(21.8.1930, Ağdaş r-nunun Üçqovaq k. – 15.3.2012, Bakı) – Azərbaycan ədəbiyyatşünası, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Azərbaycan SSR Əməkdar elm xadimi (1990). Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-47). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947 – 49). Azərbaycan Dövlət Universitetini bitirmişdir. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 4 noyabr 1951 il tarixli sayında çap edilən “Dama-dama göl olar” rəyi ilə başlamışdır.
Universiteti bitirdikdən sonra “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-57). “Kommunist” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri olmuşdur (1959-61). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-71), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-86), Azərbaycan Ədəbiyyat Fondunun sədri vəzifələrində çalışmışdır (1982-86). AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003-12). “Çoxmillətli sovet ədəbiyyatı tarixi”nin, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin müəlliflərindən və redaktorlarından biri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin baş redaktoru olmuşdur. Ali məktəblərdə mühazirələr oxumuşdur. Bakıda bədii ədəbiyyatda realizm (1966), romantizm (1972) məsələlərinə, Moskvada, Kiyevdə, Tbilisidə, Alma-Atada, Düşənbədə qarşılıqlı ədəbi əlaqələr problemlərinə həsr edilmiş simpoziumlarda (1978, 1980, 1983, 1986, 1989) məruzəçi olmuşdur. Şamaxı əsilli şairlər – Ə.Xaqani, S.Ə.Şirvani, M.Hadi, A.Səhhət haqqında tədqiqatların, “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” (Bakı, Ozan, 2012) kitabının müəllifidir. Xalqlar Dostluğu (SSRİ) və Azərbaycan Respublikasının İstiqlal, Şöhrət ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmişdir. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Məlumat AMEA Ədəbiyyat İnstitutunun (http://www.literature.az) saytından götürülmüşdür.