(1850, Şamaxı – 1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, şəriəti, islam tarixini öyrənmişdir. Şamaxıda xüsusi məktəb açmış (1882-87), oğlanlara əlifba və şəriət qaydalarını tədris etmişdir. 1887 ildə Bakıya köçərək, burada da Şamaxıdakı kimi məktəb açmışdır. 1892 ildə Bakı realnı məktəbində və Cənubi Qafqaz şiə ruhani idarəsində xüsusi komissiya qarşısında imtahan verərək, şəriət və Azərbaycan dili müəllimi dərəcəsi almış, uzun müddət Bakı məktəblərində şəriətdən dərs demişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji fəaliyyətini davam etdirmişdir. Həsən bəy Zərdabi ilə dost olan M.Mövsümov onun millətin oyanmasına kömək edən nəğmələr yazmaq çağırışına cavab olaraq, “Əkinçi”də təbliğ olunan fıkirlərin məzmununa uyğun yazdığı şeirləri 1901 ildə Bakıda “Türk nəğmələrinin məcmuəsi” adı ilə kitab halında nəşr etdirmişdir. H.Zərdabi “Türk nəğmələri”nin əhalinin siyasi düşüncəsinin oyanmasına təsirini yüksək qiymətləndirmiş və müasir şairlərə M.Mövsümovun yolunu davam etdirməyi məsləhət görmüşdü.
M.Mövsümovun uşaq şeirlərindən ibarət “Hədiyyeyi-ətfal” (1911) kitabı da nəşr olunmuşdur. 20 əsrin əvvəllərində “rus-müsəlman” məktəbləri üçün “Təcvid” (1909), “Şəriət kitabı” (1909), “Tarixi müqəddəs” (1911), “Əhaili-islam” (1914), “Yeni təlimül-şəriə” (1916) və s. dərsliklər yazıb çap etdirmişdir.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı,“Lider Nəşriyyat”, 2005, s. 207