Şeyx Əyyub Şeyx Bayram oğlu, (1730, Şamaxı, Ərəbqədim k. – 1796, Acıdərə k.) – övliya, İslam ehkamlarının, “Qurani Kərim”in, dini ayinlərin coşqun təbliğatçısı. Haşimi nəsilli ruhani ailəsində anadan olmuşdur. Atası Şeyx Bayram ilk böyük İslam şəhidlərindən Həzrəti Həmzə ibn Əbdülmütəllibin (Məhəmməd peyğəmbərin əmisi) törəmələrindəndir. Ərəbqədim kəndi 8 əsrdə Dərbənd yaxınlığındakı Haşimi ərəblərə məxsus olmuş, 10 əsrdə əhalisi əvvəlcə Abşerona, az sonra isə indiki yurdlarına köçmüşdür. Şeyx Əyyubun ata-babaları şafii məzhəbli sünni ruhaniləri, şeyxləri olmuşdur. Hələ gənc ikən öz dini görüşləri, zəkası ilə tanınmış və sevilmişdir. Dini görüşlərində müəyyən qədər “Nəqşbəndi” təliminə yaxın olmuşdur. 1790 illərdə Şamaxı xanı Mustafa xan onun söhbətlərinə qulaq asmağa gəlmişdir. Məclis bitdikdən sonra Mustafa xan Şeyxlə görüşərək nəyə ehtiyacı olduğunu soruşmuşdur. Şeyx Pirsaat çayı yaxınlığında suyu olan yerdən yurd istəmişdir. Mustafa xan Pirsaat çayının sağ tərəfində Çıraqlı və Təsi kəndləri arasında kiçik Acıdərə çayının kənarında böyük bir sahəni Şeyxə bağışlamışdır. O zamandan Şeyxin ailəsi Ərəbqədim kəndindən ora köçmüşdür. Baba dağındakı “Həzrət baba” ziyarətgahını, Beşbarmaq dağındakı “Xıdır Zində” pirini tapan, ilk ziyarət edən şəxsdir. “Şeyx Əyyub məktəbi” deyilən bir məktəb yaratmışdır. Acıdərədəki türbəsi indi də ziyarətgahdır.
Əd.: B.Niyazlı “Şamaxı xanlığı”, Bakı, “Nurlar”, 2014, s.275-276