(? – ?) – Şiravanşah [1317/18 – 1347/48], II Fərruxzadın oğlu, Kəsranilər sülaləsindən idi. Zambaur və Bartold Keyqubad ibn Fərruxzadın hakimiyyətə başladığı tarixi 1317/18 il göstərirlər. Onların bu tarixi hansı mənbədən götürdükləri məlum deyil. Numizmatik və epiqrafik məlumatların olmaması Keyqubadın hakimiyyət dövrünün müəyyənləşdirilməsində çətinlik yaradır. Hası Xəlifəyə görə, Keyqubad ədaləti ilə şöhrət qazanmışdı. Ehtimal ki, Keyqubada ədalətli təşbihi verilməsi Şirvan əhalisinin feodallar tərəfindən istismarının zəiflədilməsi və ölkənin təsərrüfat həyatının dirçəlişi ilə bağlı idi.
Əd.: S.Aşurbəyli “Şirvanşahlar dövləti”, Bakı, “Avrasiya Press”, 2006, s.196-198