VI əsr – 1538
ŞİRVANŞAHLAR DÖVLӘTİ
Azərbaycan feodal dövləti. Şirvanşahlar sülaləsi idarə edirdi. Әsasən, Şirvan tarixi vilayətini, ayrı-ayrı vaxtlarda isə şm.-da Dərbənd, q.-də Şəki—Gəncə, c.-da Beyləqan əyalətlərini, ş.-də isə Xəzər dənizi sahilindəki əraziləri əhatə edirdi. Paytaxtı Şamaxı (bir müddət Bakı) ş. olmuşdur. Mühüm şəhərləri: Şamaxı, Bakı, Dərbənd, Şabran və s. Şirvan ərazisi neft, müxtəlif filiz yataqları, şor göllər və s. ilə zəngin idi. Ölkədə əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. təsərrüfat sahələri inkişaf etmişdi. Şirvanşahlar dövləti 6-cı əsrin 1-ci yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şm. sərhədlərini qorumaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlardan hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında Şirvanşah da var idi. Şirvanşahlar tarixini dörd dövrə bölmək olar; ilk Şirvanşahlar, Məzyədilər, elmi, ədəbiyyatda səhvən Kəsranilər adlandırılan 11—14 əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onların müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.
Әrəb işğalının (7 əsr) əvvəllərində ilk Şirvanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Cənubi Qafqazda möhkəmləndikdən (8 əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. 9-cu əsr ərəb tarixçisi Bəlazuri 797—798-ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Әbvabın (Dərbənd) hakimi təyin olundu. Xəlifə Mütəvəkkilin [841—861] ölümündən sonrakı qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm ibn Xalid ibn Yəzid Şirvanşah titulu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Tədricən assimilyasiya olunan Məzyədilər sonralar öz ərəb mənşələrindən imtina etdilər.
Hələ Sasanilər dövründən Şirvanşahlara tabe olan Dərbəndi irsi mülkləri sayan Məzyədilər bir neçə dəfə onu ələ keçirsələr də orada möhkəmlənə bilmədilər. Dərbəndi Haşimi ərəb sülaləsi idarə edirdi. Sasanilər kimi ərəblər də sərhəddə yerləşən Dərbəndə böyük əhəmiyyət verirdilər. Dərbənddə saxlanılan ərəb qarnizonuna xeyli vəsait sərf edilirdi. Bu xərc Abşeronun neft quyularının və şor göllərinin duzundan əldə edilən vəsait hesabına ödənilirdi. Şirvanşah Məhəmməd ibn Yəzidin dövründə Xursan və Dərbənd Şirvana birləşdirildi. Təbərsəran əyaləti də Şirvanşahların irsi mülkləri kimi Şirvanın tərkibinə daxil idi. İlk Məzyədilər dövrünə, islamın geniş yayılmadığı Dağıstanın bir sıra «kafir» xalqları üzərinə basqınlar edilmişdi. Şirvanşah Məhəmməd ibn Әhmədin dövründə [981— 991 ] Qəbələ, Bərdə və s. şəhərlər Şirvanşahlar dövlətinə qatıldı. 983-ci ildə Şabranın ətrafına müdafiə hasarı çəkildi. 1030-cu ildə gəmilərlə Xəzərdə üzən ruslar Abşerona gəlib çıxdılar. Bakı yaxınlığında ruslarla döyüşən Şirvanşah Mənuçöhr ibn Yəzid [1027—34] ağır məğlubiyyətə uğradı. 1031-ci ildə ruslar yenidən Xəzər sahillərində göründülər. Şəddadi hökmdarı Әbül Fəth Musa onları Bakı yaxınlığında məğlubiyyətə uğrada bildi. 1032-ci ildə sərirlilər və alanlar Yəzidiyyəni tutub ölkəni qarət etdilər. Lakin onlar geri qayıdarkən Dərbənd yaxınlığında əmir Mənsur tərəfindən darmadağın olundular.
9-cu əsrin 2-ci yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyyədilər əvvəllər Xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) toplanılmasına nəzarət edirdilər. Lakin Şirvanşahlar tarix boyu, hətta bu və ya digər işğalçının hakimiyyəti altına düşüb vassal kimi ona bac versələr də öz müstəqilliklərini saxlaya bilmişdilər.
11-ci əsrin sonlarından Şirvanın siyasi yüksəlişi başladı. Şirvanşahlar dövlətinin çiçəklənmə dövrü olan bu yüksəliş monqol işğalınadək davam etdi. I Axsitan dövründə Şirvanda iqtisadi həyat, ticarət və sənətkarlıq inkişaf edirdi. 1192-ci ildə baş vermiş güclü zəlzələ nəticsində Şamaxı dağıldı; xeyli əhali, o cümlədən I Axsitanın ailə üzvləri həlak oldu. Şirvanşah öz iqamətgahını Bakıya köçürdü. 1220-ci ildə monqollar Azərbaycana soxuldular. Monqol qoşunu Şamaxını mühasirəyə alaraq onu dağıtdı və əhalini qılıncdan keçirdi. 1231-ci ildə ikinci dəfə yürüş edən monqollar tezliklə bütün Cənubi Qafqazı, o cümlədən Şirvanı işğal etdilər. Monqol işğalının ilk dövründə Şirvanşahın asılılığı nominal xarakter daşıyırdı. Bütün titulları ilə III Fəribürzün adından kəsilmiş sikkələrdə böyük monqol xanının adının çəkilməməsi də bunu sübut edir. Şirvanşah monqollara xərac verməklə kifayətlənirdi. III Fəribürzün dövründə 1234/35-ci ildə Bayıl buxtasında müdafiə tikintisi başa çatdı. 1258-ci ildə Hülakü xan Azərbaycanı tutduqda Şirvan Elxanilər dövlətinin tərkibinə qatıldı. Şirvan ərazisi təqr. yüz il Elxanilər və Qızıl Orda xanları arasında döyüş meydanına çevrildi. Lakin Şirvanşahlar dövləti öz mövcudluğunu davam etdirirdi. Şirvanşah Keykavus dövründə Şirvan iqtisadi böhran keçirirdi. Bunu Məhəmməd Ölcaytunun Bakı Cümə məsci dindəki kitabəsi də sübut edir. Kitabədə Bakı və Şirvan əhalisindən alınan bir sıra ağır vergilərin ləğv edilməsi göstərilir. 14-cü əsrin əvvəllərindən başlayaraq Qazan xanın islahatları sayəsində Şirvanda da iqtisadi həyat nisbətən dirçəldi. Lakin Әbu Səid və Arpa xan dövründə Şirvan ərazisində Qızıl Orda ilə aparılan döyüşlər ölkənin yenidən talan və qarət edilməsinə səbəb oldu. 14—15-ci əsrlərdə formal olaraq Elxanilər sülaləsinin sonuncu nümayəndələrinin hakimiyyətlərini tanıyan Şirvanşahlar əslində müstəqil hakimiyyət sürürdülər. Şirvanşah Keyqubad hələ öz sağlığında dövlətin idarəsini oğlu Kavusa tapşırmışdı. Şirvanşahların 11—14 hakimiyyət dövrü bir sıra xüsusiyyətlərlə səciyyələnir. Әrəb mənşəli Şirvanşah Məzyədilər yerli feodal nəsilləri ilə qohumluq əlaqəsi yaradaraq tədricən Şirvan əsilzadələri ilə qaynayıb-qarışıb yerli hakim sülaləyə çevrildilər. Məzyədilər 11-ci əsrin 1-ci rübündən başlayaraq Әnuşirəvan, Mənuçöhr, Fəribürz və s. kimi fars adları qəbul etdilər. Bu onların öz mənşələrini Sasanilər sülaləsi ilə bağlamaları ilə izah olunur. Şirvanşahlar elm, incəsənət və ədəbiyyatı himayə edirdilər. Şirvanşahlar müdafiə istehkamları, qüllələr, dini və ictimai binaların tikintisinə xüsusi fikir verirdilər. Şirvanşahlar öz övladlarının tərbiyə və təhsilinə məşhur şair və alimləri cəlb edirdilər. I Axsitan və Huşəng də şair idilər. Faktiki olaraq ölkəni müstəqil idarə edən Şirvanşahların müxtəlif dövrlərdə asılılığı formal xarakter daşıyırdı. 12—13-cü əsrin əvvəllərində Şirvan şəhərləri iqtisadi cəhətdən xeyli inkişaf etdi. Bu dövr k.t.-nın, məhsuldar qüvvələrin yüksəlişi, sənətkarlıq və ticarətin çiçəklənməsi, əmtəə-pul münasibətlərinin güclənməsi dövrü idi.
Teymurun işğalçılıq müharibələri ilə əlaqədar Yaxın Şərqdə mürəkkəb siyasi vəziyyət yarandı. Şirvanı şm.-dan Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Teymur hücum edərsə ona ciddi müqavimət göstərə bilməyəcəyini qabaqcadan görən I İbrahim Teymurun düşərgəsinə gələrək ona tabe olduğunu bildirdi. Teymurun hüsn-rəğbətini qazanan I İbrahim Şirvan hakimi kimi saxlanıldı. O, bir neçə dəfə Şirvana hücum edib böyük dağıntılar törətmiş Toxtamışa qarşı mübarizə aparan Teymurun müttəfiqi oldu. Şirvana yiyələnməyə çalışan Cəlairilər, Qaraqoyunlular və Ağqoyunlular, Qızıl Orda xanları və Teymurilərlə mübarizə şəraitində hakimiyyət sürən I İbrahim çevik siyasət yürüdərək öz müstəqilliyini qoruyub saxlaya bildi. Teymura tabe feodallar arasında I İbrahim xüsusi mövqe tuturdu. O, qiymətli hədiyyələrdən başqa heç bir xərac vermirdi. Teymurun ölümündən (1405) sonra onun varisləri arasında hakimiyyət uğrunda gedən çəkişmələrdən istifadə edən I İbrahim tam müstəqil siyasət yürütdü.
1406-cı ildə Təbrizdə Teymurilər əleyhinə üsyan baş verdi. Azərbaycan ərazisini bir dövlət ətrafında birləşdirməyə çalışan I İbrahim heç bir müqavimətə rast gəlmədən Təbrizə daxil oldu. Lakin o, Cəlairi Sultan Әhmədin Azərbaycana gəlməsini eşidərək Təbrizi tərk etdi. I İbrahim qonşu Gürcüstan, Şəki və s. ilə müttəfiqlik və dostluq əlaqələri saxlayırdı. Onun dövründə Dərbənd, eləcə də Cənubi Dağıstan siyasi cəhətdən Şirvandan asılı idi. Görkəmli dövlət xadimi, cəsur sərkərdə və mahir siyasətçi olan I İbrahim Şirvanı qüdrətli və müstəqil bir dövlətə çevirə bildi. Onun dövründə geniş quruculuq işləri aparıldı.
I İbrahimin ölümündən sonra hakimiyyətə oğlu I Xəlilüllah [1417— 62] keçdi. Teymuri hökmdarı Şahrux 1420-ci ildə Qarabağda qışlayarkən onun düşərgəsinə qiymətli hədiyyələrlə gələn I Xəlilüllah Teymurilərlə daha da yaxınlaşdı. Bir müttəfiq kimi Şirvanın öz müstəqilliyini saxlaması Qaraqoyunlulara qarşı mübarizə aparan Şahruxun mənafeyinə cavab verirdi. 1421-ci ildə Alaşkert yaxınlığındakı vuruşmada Qaraqoyunlu İsgəndəri məğlubiyyətə uğradan Şahruxun müttəfiqlərindən biri də Şirvanşah idi. I Xəlilüllah xeyli abadlıq işləri aparmış, Bakıda Şirvanşahlar sarayı kompleksini tikdirmişdir.
1500-cü ildə Səfəvi İsmayılın başçılığı ilə qızılbaşlar yenidən Şirvana hücum etdi. Cabanı vuruşmasında Şirvan qoşunları məğlubiyyətə uğradı; Şirvanşah öldürüldü.
I Təhmasib 1538-ci ildə Şirvana 20 minlik qoşun göndərdi. Şirvanşahın təslim olmasından sonra, Şirvan iqta kimi I Təhmasibin qardaşı Әlqas Mirzəyə verildi. Şirvanşahlar dövlətinə son qoyuldu; Şirvan Səfəvilər dövlətinə birləşdirildi. Sonralar Bürhanəli Sultan, Mehrab Mirzə, Әbu Bəkr Mirzə və başqalarılarının Ş.-d.-ni bərpa etmək cəhdləri boşa çıxdı.
XVIII əsrin ortaları – 1820
ŞAMAXI XANLIĞI
Şirvan xanlığı—XVIII əsrin ortalarında Azərbaycanda feodal dövləti. Bakı, Quba, Şəki, Qarabağ, Cavad xanlıqları və Salyan sultanlığı ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və Şamaxı, sonralar isə Şamaxı şəhəri olmuşdur.
Şamaxı xanlığında əhali əkinçilik və maldarlıqla məşğul olurdu. İpəkçilik, bağçılıq və arıçılıq da inkişaf etmişdi. Düzən rayonlarında süni suvarmadan geniş istifadə olunurdu. Toxuculuq və sənətkarlıq (xam ipək, xalçaçılıq, dəri məmulatı istehsalı, misgərlik, dulusçuluq, dəmirçilik və s.) xüsusilə inkişaf etmişdi. Nadir şah Şamaxı əhalisini indiki Ağsu ərazisinə köçürdükdən sonra şəhər əvvəlki əhəmiyyətini demək olar ki, itirmişdi.
Nadir şahın öldürülməsindən (1747) sonra hələ onun dövründən Şirvanda ərzaq toplamaqla məşğul olan Hacı Məhəmmədəli 1748-ci ildə Yeni Şamaxıda hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Xançobanı tayfa başçısı Әsgər bəyin oğulları Ağası xan və Məhəmmədsəid xan öz hakimiyyətlərini möhkəmlətdilər. 1749-cu ildə Әhməd xan Şahsevənin başçılıq etdiyi qoşun Şirvana soxuldu. Şamaxı əhalisi şəkili Hacı Çələbi xanın və Qarabağlı Pənahəli xanın köməyi ilə düşməni məğlubiyyətə uğratdı.
1755-ci ildə Şəkili Hacı Çələbi xan Yeni Şamaxını mühasirəyə aldı. Lakin qubalı Hüseynəli xanın yardımı ilə Şirvanlılar Hacı Çələbi xanı geri çəkilməyə məcbur etdilər. Köhnə Şamaxını özünə paytaxt edən Məhəmmədsəid xan Şiraz hakimi Kərim xan Zənddən fərmanla xanlıq titulu aldı və Şamaxı xanı təsdiq olundu. 1765-ci ildə Ağası xan və Məhəmmadsəid xan Yeni Şamaxını ələ keçirib ikihakimiyyətliyə son qoydular. Şamaxı xanlığının təqr. 12 min nəfərlik qoşunu var idi. Qubalı Fətəli xanın dövründə [1758—89] xeyli güclənmiş Quba xanlığı Şamaxı xanlığının ərazisini ələ keçirməyə çalışırdı. XVIII əsrin 60-cı illərində Quba xanı bir neçə dəfə Şamaxı xanlığına hücum edib onu asılı vəziyyətə salmışdı. Bu asılılıq özünü bac vermək şəklində göstərirdi. Bir qədərdən sonra Məhəmmədsəid xan bac verməkdən imtina etdikdə Fətəli xan 1768-ci ildə hücuma keçib Şamaxını tutdu. Şamaxı xanlığı Quba xanlığına birləşdirildi. Fətəli xanın ölümündən sonra Manaf bəy Ağsuda özünü xan elan etdi. Lakin tezliklə yerinə Məhəmmədsəid xanın oğlu Әsgər bəy, sonra isə onun qardaşı Qasım bəy keçdi. Әdalətsiz və zülmkar bir şəxs olan Qasım xanı Şirvan zadəganları taxtdan saldılar. Hakimiyyətə Mustafa xan [1792—1820] keçdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şamaxıya hücum etdi. Mustafa xan Fitdağa çəkildi. General V. Zubovun komandanlıq etdiyi Rusiya qoşunlarının Zaqafqaziyaya hücumu Ağa Məhəmməd şah Qacarın geri çəkilməsinə səbəb oldu. Mustafa xan Fətəli şahın [1797— 1834] da İrana tabe olmaq təklifini rədd etdi. XIX əsrin əvvəllərində general P. D. Sisianovun başçılığı ilə çar qoşunu Azərbaycanın içərilərinə doğru hərəkət etdikdə dağa çəkilən Mustafa xan 1805-ci il dekabrın 27-də Rusiyanın hakimiyyətini qəbul etmək aktını imzaladı. 1820-ci ildə Şamaxı xanlığı çar fərmanı ilə ləğv olundu.
1841 – 1929
ŞAMAXI QӘZASI
çar hökumətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində yaradılmışdı (1841). Quba, Bakı, Cavad və Göyçay qəzaları ilə həmsərhəd olmuşdur. 1846-cı ildən Şamaxı, 1859-cu ildən isə Bakı quberniyasına daxil idi. Mərkəzi Şamaxı şəhəri idi. Sahəsi 6653 km2, əhalisi 123610 nəfər idi (1897). Təsərrüfatında ipəkçilik, əkinçilik, maldarlıq, üzümçülük, bağçılıq, arıçılıq və s. əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı. Şamaxı qəzasında çarizmin müstəmləkəçilik siyasətinə, yerli feodalların zülmünə qarşı dəfələrlə kəndli çıxışları baş vermişdi. 1929-cu ildə ləğv edilmişdir.
1840 – 1846
KASPİ VİLAYӘTİ
çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən yaradılmışdı (1841, 1 yanvar). Mərkəzi Şamaxı ş. olmuşdur. Kaspi vilayətinin tərkibinə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd, Quba qəzaları daxil idi. Vilayəti Zaqafqaziya Baş idarəsinə tabe olan vilayət ərzisi, xəzinə və dövlət mülkiyyəti palataları idarə edirdi. Qəzalar məntəqələrə bölünürdü. Məntəqələrin təşkili zamanı milli birlik və ərazi bütövlüyü prinsipləri qəsdən pozulurdu. Çar hokumətinin 1846-cı il dekabr inzibati islahatına əsasən ləğv olunmuşdur.1846 – 1859
ŞAMAXI QUBERNİYASI
çar hökumətinin 1846-cı il dekabr tarixli inzibati islahatına əsasən Zaqafqaziyada təşkil edilmiş 4 quberniyadan (Tiflis, Kutaisi, Şamaxı, Dərbənd) biri. Azərbaycan ərazisinin əsas hissəsi Şamaxı quberniyasının tərkibinə daxil idi. Mərkəzi Şamaxı şəhəri olan quberniyanın tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi. Şamaxı şəhəri zəlzələ nəticəsində dağılandan (1859) sonra quberniyanın inzibati mərkəzi Bakıya köçürüldü və o, Bakı quberniyası adlandırıldı.
Fotolar Bakı Kartoqrafiya Fabrikindən alınıb.
17.02.2015