Qafqaz, o cümlədən Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kolliziya (toqquşma) təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Azərbaycan ərazisində dəfələrlə böyük dağıntı və insan itkilərilə müşayiət olunan güclü zəlzələlər baş vermişdir. Azərbaycanda baş vermiş ən güclü zəlzələlər haqqında ilk məlumatlara əlyazmalar, salnamələr və səyahət qeydlərində rast gəlinir.
Azərbaycanda məlum olan ən qədim zəlzələ bizim eranın 427 ilində baş vermişdir. Arxiv materialları əsasında toplanmış makroseysmik (zəlzələnin Yer səthində təzahürü xüsusiyyətləri) məlumatlar zəlzələnin Gəncə yaxınlığında baş verdiyini müəyyən etməyə imkan vermişdir. Digər qədim Gəncə zəlzələsi 1139 ildə baş vermiş və bu zəlzələ böyük dağıntılara və insan itkilərinə səbəb olmuş, torpaq sürüşmələri nəticəsində indiki Göy-göl əmələ gəlmişdir.
Azərbaycanda zəlzələlər daha çox Şamaxı bölgəsində baş verir. Bizə məlum olan ən qədim Şamaxı zəlzələsi 1192 ilə təsadüf edir. Bu zəlzələnin maqnitudu M~4,5, intensivliyi 12 ballıq MSK-64 şkalası ilə İ0 = 7-8 bal qiymətləndirilir. Onlardan ən güclüləri və intensivlikləri 8-9 bal qiymətləndirilən 1667, 1859, 1872 və 1902 il zəlzələləri hər dəfə Şamaxını tamamilə yerlə yeksan etmiş, minlərlə insan həlak olmuşdur.
Şamaxı bölgəsində məlum olan fəlakətli zəlzələlərdən (8-9 bal və daha yuxarı intensivlikli) ən qədimi 1667 il zəlzələsidir. Səyyah yazılarında bu zəlzələnin çox güclü və davamlı olduğu qeyd edilir. Həmin mənbələrə görə Şamaxı şəhəri və ətraf kəndlərdə on minlərlə insan həlak olmuş, əksər evlər dağılmış, torpaq sürüşmələri baş vermiş, Yer səthində uzun və enli çatlar yaranmışdır. Səyyahların qeyd etdiyi zəlzələnin davamlı olması fikirləri göstərir ki, bütün güclü zəlzələlər zamanı olduğu kimi 1667 il zəlzələsi də çoxsaylı afterşoklarla müşayiət olunmuşdur. Həmçinin məlum olur ki, afterşokların xeyli hissəsi nisbətən güclü olmuş və Yer səthində kifayət qədər yüksək intensivlikli titrəyişlər yaratmışdır.
Zəlzələ kataloqunda 1667 il Şamaxı zəlzələsinin maqnitudu (Rixter şkalası ilə intensivliyi) M=6,9, Yer səthində intensivliyi isə 12 ballıq MSK-64 şkalası ilə 9 bal göstərilir. Bu zəlzələ çox güclü və nəticələrinin fəlakətli olması səbəbindən alim və mütəxəssislər tərəfindən dəfələrlə araşdırılmışdır. A.A. Nikonov çoxsaylı tarixi, memuar və s. formalı əlyazmaları toplayaraq zəlzələnin makroseysmik sahəsini və maqnitudunu dəqiqləşdirməyə cəhd edir. Topladığı məlumatlar əsasında A.A. Nikonov həmin seysmik təkanın maqnitudunun M=8 olması və çox dərində (H=50-60 km) baş verməsi qənaətinə gəlmişdir.
1667 il Şamaxı zəlzələsinin digər tədqiqatçısı B.A.Borisov öz məqaləsində yazır ki, A.A. Nikonovu bu qənaətə gətirən onun həmin dövrlərdə Dağıstan ərazisində də olan güclü zəlzələlər haqqında informasiyaları əldə edərək, onları Şamaxı zəlzələlərinin effekti kimi qəbul etməsi olmuşdur. Bu məlumatlara əsaslanaraq, A.A. Nikonov həm yüksək intensivlikli sahələrin, həm də zəlzələ ocağının dərinliyinin (10 ballı zonanın uzunluğu 80 km, 9 ballı zonanın uzunluğu 270 km, ocağın dərinliyi H=50-60 km) ölçülərini böyütmüş olur. B.A.Borisov bununla yanaşı, A.A. Nikonovun nəticələri ilə razılaşmayaraq, Qafqazda seysmotektonik şəraitin analizinə əsasən bu regionda ümumiyyətlə maqnitudu M=6,0-6,5-dən yüksək olan zəlzələlərin baş verməsini mümkün saymır.
Hər iki məqalənin analizi göstərir ki, A.A. Nikonovun topladığı 1667 ildə baş vermiş Şamaxı zəlzələsinin makroseysmik məlumatları Dağıstan ərazisinə aid məlumatlarla birləşdirilməzsə, həmin zəlzələnin normal dərinlikdə (Щ=10-15 km) baş verdiyi və pleystoseyst zonasında (zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu zonada) 10 bala yaxın intensivliklə təzahür etdiyi qənaətinə gəlmək olar.
B.A.Borisovun Qafqazda maqnitudu M=6,0-6,5-dən yüksək olan zəlzələlərin baş verməsi üçün seysmotektonik şəraitin olmaması haqqında fikrinə gəldikdə isə çox da qədimdə olmayan, parametrləri makroseysmik məlumatlar əsasında kifayət qədər yaxşı təyin edilmiş 1902 il Şamaxı, yaxın keçmişdə – 1988 ildə baş vermiş Spitak zəlzələsinin məlumatları Qafqazda nəinki M= 6,0-6,5 olan, hətta M~7,0 və 10 bala qədər intensivliklə təzahür edə bilən zəlzələlərin mümkünlüyünü söyləməyə əsas verir.
Son dövrlərdə Azərbaycanda seysmik müşahidə şəbəkəsinin genişləndirilməsi və rəqəmsal seysmik cihazlarla modernləşdirilməsi respublika ərazisində minlərlə zəif seysmik təkanı yüksək dəqiqliklə qeydə almağa imkan yaratmışdır. T.Məmmədli tərəfindən işlənib hazırlanmış, zəif seysmiklik əsasında aktiv qırılma və ya potensial güclü zəlzələ ocaqları zonalarının müəyyənləşdirilməsi metodunun əsasında Azərbaycanda seysmik cəhətdən ən təhlükəli zonaların yeri, həmin zonalarda mümkün olan zəlzələlərin maksimum təhlükə səviyyəsi təyin edilmişdir. Məlum olmuşdur ki, respublika ərazisində ən yüksək seysmik təhlükə (M~7,3-7,4 və İ0 = 10 bal) Şamaxı-İsmayıllı bölgəsində mümkündür. Bu nəticə 1667 ildə baş vermiş Şamaxı zəlzələsinin 10 bala yaxın intensivliklə hiss olunduğunu, çox böyük itkilərə və dağıntılara səbəb olduğunu təsdiqləməyə əsas verir.
Şamaxıda növbəti güclü və böyük dağıntılarla müşayiət olunan zəlzələ 1859 ildə baş vermişdir. Bu zəlzələnin maqnitudu M=5,9, Yer səthində intensivliyi isə 12 ballıq MSK-64 şkalası ilə 8-9 bal qiymətləndirilir. Arxiv sənədlərindən məlum olur ki, əsas seysmik təkandan bir qədər öncə zəif, az adamlar tərəfindən hiss olunan forşok olmuşdur. Zəlzələnin özü isə şəhərdə çox saylı evləri dağıtmış, yüzlərlə insan uçqunlar altında həlak olmuşdur. Dağıdıcı zəlzələdən sonra xeyli sayda afterşoklar baş vermişdir.
Zəlzələdən sonra Rusiya İmperatoru Şamaxının bərpası üçün maliyyə yardımı ayrılmasına əmr vermişdi. Lakin bir qədər sonra Şamaxıda gələcəkdə güclü zəlzələlərin təkrarlana biləcəyi ehtimalı nəzərə alınaraq quberniya mərkəzini Bakıya köçürmək haqqında təkliflər meydana gəlir. Məşhur geoloq German Abix Şamaxıya dəvət olunur və ona bu ərazilərin seysmik xüsusiyyətləri haqqında məruzə hazırlamaq tapşırılır.
İlk dəfə olaraq zəlzələlərin tektonik qırılmalarla əlaqəsi ideyasını irəli sürən G.Abix, Şamaxı zəlzələlərinin ümumqafqaz istiqamətli tektonik qırılma zonalarındakı qırılıb-qalxma tipli hərəkətlərlə bağlı olduğunu düşünür və gələcəkdə burada güclü zəlzələlərin təkrarlanma ehtimalının olduğunu qeyd edir. G.Abixin hazırladığı rəy quberniya mərkəzini Bakıya köçürülməsində əsas rol oynayır.
Şamaxı bölgəsini yüksək intensivliklə titrədən güclü zəlzələlərdən biri də 1872 ildə baş vermişdir. Bu zəlzələnin maqnitudu M=5,7, Yer səthində intensivliyi isə 12 ballıq MSK-64 şkalası ilə 8-9 bal qiymətləndirilir. Zəlzələ zamanı şəhərdə çoxlu evlər dağılmış, yüzlərlə insan həlak olmuşdur. 1872 il Şamaxı zəlzələsini tədqiq edən Q.Q.Tsulukidze ərazidə şimal-qərbdən cənubi-şərqə doğru uzanan çatlar müşahidə etmiş və onları bölgənin seysmikliyi ilə əlaqələndirmişdir.
Şamaxı rayonunda sonuncu güclü və dağıdıcı zəlzələ 1902 ildə baş vermişdir. Yeraltı təkan nəticəsində şəhər və ətrafdakı kəndlərdə evlərin əksəriyyəti, məktəblər, hamamlar, məscidlər yerlə yeksan olmuş, minlərlə insan tələf olmuşdur. V.N. Veber öz materialları və G.Abix, G.Tsuklidze və başqalarının məlumatlarına əsaslanaraq 1859, 1872, 1902 il Şamaxı zəlzələlərinin yayılma sahələrini əhatələmiş və bu episentrlərin Basqal-Şamaxı-Mərəzə (indiki Qobustan) xətti boyunca yerləşməsi qənaətinə gəlmişdir. 1902 il zəlzələsindən sonra Azərbaycanda ilk dəfə olaraq “Şamaxı” seysmik stansiyası açılmışdır. Bundan əvvəl isə 1899 ildə güclü Axalkalaki zəlzələsindən sonra “Axalkalaki” stansiyası açılmışdı. Daha sonra qısa müddət ərzində (1903-08 illər) Qafqazda “Bakı”, “Balaxanı”, “Batumi”, “Borjomi”, “Zurnabad”, “Dərbənd” və “Pyatiqorsk” seysmik stansiyaları fəaliyyətə başladı. Stansiyalarda quraşdırılmış seysmoqrafların böyütmələri yüksək olmadığından (V=15÷50) ancaq güclü zəlzələləri qeydə almaq mümkün idi. Lakin alınan məlumatların analizi Qafqazın seysmikliyi haqqında ümumi təsəvvür yaratmağa imkan verirdi.
Zaman keçdikcə Qafqazda, o cümlədən Azərbaycanda seysmik müşahidə şəbəkəsi daha da genişlənmiş və təkmilləşdirilmişdir. Hazırda Azərbaycanın seysmik müşahidə şəbəkəsi nəinki Qafqazda, hətta dünyada ən qabaqcıl şəbəkələrdən hesab olunur. Bu, respublika ərazisində seysmikliyin müfəssəl öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edən ən zəif zəlzələlərin qeydə alınmasına şərait yaradır.
Respublika ərazisinin seysmikliyinin analizi göstərir ki, Şamaxıda çoxlu sayda güclü zəlzələlərin baş verməsi təsadüfi deyildir. Bu bölgə respublikanın ən seysmik aktiv ərazisidir. Burada seysmik stansiyalarla ildə bir neçə yüz zəif zəlzələ qeydə alınır. Tədqiqatlar belə qənaətə gəlməyə əsas verir ki, Şamaxıda gələcəkdə də güclü və orta güclü zəlzələlərin baş verməsi istisna deyildir. Qeyd edək ki, güclü zəlzələlərin baş verməsi ehtimal olunan bölgə yalnız Şamaxı deyildir. Azərbaycanda çoxlu sayda potensial güclü zəlzələ ocaqları zonaları mövcuddur. Bu potensial güclü zəlzələ ocaqları gələcəkdə Azərbaycan ərazisinin ayrı-ayrı sahələrini bu və ya digər intensivliklə titrədəcəkdir.
Zəlzələnin qarşısını almaq mümkün deyildir. Lakin onunla mübahisə etmək olar. Bu səbəbdəndir ki, hazırda dünyada seysmoloq alimlər seysmik cəhətdən təhlükəli zonaları müəyyənləşdirmək, həmin zonalarda geodinamik proseslərin inkişafını qiymətləndirmək, seysmikliyin Yerin dərinlik quruluşu ilə əlaqələrini öyrənmək və s. ilə yanaşı, həmçinin seysmik təhlükəli zonalarda seysmik riskin qiymətləndirilməsi və onun səviyyəsinin minimuma endirilməsi yollarının araşdırılmasına xüsusi diqqət ayırırlar. Seysmik təhlükəli zonalarda mülkü və sənaye obyektlərinin tikintiləri zamanı tikinti norma və qaydalarına ciddi əməl olunması ilə seysmik dayanıqlığın təmin olunması, dayanıqlığı aşağı olan bina və qurğuların dayanıqlığının artılması və ya sökülməsi, seysmik təhlükəli zonalarda məskunlaşmış insanlara zəlzələ zamanı davranma qaydalarının aşılanması və s. zəlzələnin əmələ gətirə biləcəyi fəsadların qarşısının alınması və ya onun azaldılması üçün zəruri olan tədbirlərdəndir.
Tahir Məmmədli,
geologiya-mineralogiya elmləri doktoru
Əd.: Никонов А.А. Сильнейшее землетрясение Большого Кавказа 14 января 1668г // Изд. АН СССР, Физика Земли, 1982, № 9, с. 90-106.
Борисов Б.А. Сильные землетрясения на Восточном Кавказе: интерпретация исторических данных и анализ геологической обстановки // Изд. АН СССР, Физика Земли, 1982, № 9, с. 107-122.
Борисов Б.А., Рейснер Г.И., Шолпо В.Н. Выделение сейсмоопасных зон в альпийской складчатой области (по геологическим данным). М.: Наука, 1975. 139 с.
Маммадли Т.Я. Новая методика выявления очаговых зон сильных землетрясений и определение их максимальных магнитуд (Mmax) по слабой сейсмичности (на примере территории Азербайджана). ПРОБЛЕМЫ СЕЙСМОТЕКТОНИКИ Материалы XVII Всероссийской конференции с международным участием. Воронеж-Москва, 2011, С.337-341
Абих Г.В. Землетрясения в Шемахе и Эрзуруме в мае 1859г. // Зап. Кавк. отд. Русск. геогр. общества, т.5, Тбилиси: 1862, 50 с.
Цулукидзе Г.Г. Шемахинские землетрясения // Изв. Кавказ отд. Русск. географ. общества т.I. Тбилиси, 1872, с. 3-5.
Вебер В.Н. Шемахинское землетрясение 31 января 1902г /Труды геол. ком-та СПб., 1903, 73 с.