(31.7.1926, Bakı – 24.4.2012, Bakı) – neft və qaz yataqlarının işlənilməsi sahəsində Azərbaycan alimi. Azərbaycan MEA-nın akademiki (1980), SSRİ EA-nın müxbir üzvü (1984), SSRİ fəxri neftçisi (1975), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982), SSRİ Qaz Sənayesinin fəxri işçisi (1984), Azərbaycan SSR əməkdar elm xadimi (1990). Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1949). 1952-53 illərdə pedaqoji fəaliyyət göstərmişdir. 1954-58 illərdə Azərbaycan SSR EA neft ekspedisiyasının rəis müavini, 1965-71 illərdə Azərbaycan SSR EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, 1971-2003 illərdə direktoru, 1976-90 illərdə Azərbaycan SSR EA Yer elmləri bölməsinin akademik-katibi, 1990-97 illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1991-92 illərdə Azərbaycan Respublikasının dövlət katibi vəzifələrində işləmişdir. 2003 ildən AMEA Geologiya İnstitutunun baş elmi işçisi və neft-qaz yataqlarının işlənilməsi problemləri üzrə elmi rəhbəri olmuşdur. SSRİ EA-nın neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə elmi şurasının sədri (1982-92), 1986-92 illərdə SSRİ EA geologiya, geofızika, geokimya və dağ-mədən elmləri bölməsinin büro üzvü, dünya neft konqreslərində iştirak etməyə dair neft üzrə SSRİ Milli Komitəsinin, SSRİ Geoloqları Milli Komitəsinin, SSRİ Dövlət Elm və Texnika Komitəsinin neft və qaz problemləri üzrə elmi şurasının, SSRİ Neft Sənayesi Nazirliyinin neft yataqlarının işlənilməsi üzrə mərkəzi komissiyasının, SSRİ Qaz Sənayesi Nazirliyinin texniki şurasının, SSRİ Nazirlər Sovetinin yanacaq-enerji kompleksi üzrə bürosunun elmi-texniki şurasının, Lenin və Dövlət mükafatları üzrə SSRİ Komitəsinin dağ-mədən elmləri şöbəsinin üzvü kimi fəaliyyət göstərmiş, SSRİ Neft Sənayesi Nazirliyində SSRİ EA-nın daimi nümayəndəsi olmuşdur. Rusiya EA-nın geologiya və neft-qaz yataqlarının işlənilməsi problemləri üzrə elmi şurasının sədr müavini, AMEA-nın neft-qaz- çıxarma problemləri üzrə elmi şurasının rəhbəri olmuşdur.
A. neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində elmi məktəbin yaradıcısıdır. Onun rəhbərliyi altında neft və qaz yataqlarının işlənilməsinin yeni üsulları təklif olunmuş, onların layihələndirilməsinin əsas prinsipləri inkişaf etdirilmiş, qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin nəzəri əsasları və üsulları yaradılmışdır. İlk dəfə olaraq qaz- kondensat qarışığının süzülməsinin binar modeli tənlikləri alınmış və belə yataqların işlənilməsinin hidrodinamiki üsulları yaradılmışdır; çökmüş kondensatın “quru” qazla buxarlandırılmasına məsaməli mühitin təsiri müəyyən olunmuşdur. Neft və qaz yataqlarının, o cümlədən ilk dəfə olaraq çoxlaylı yataqların istismarı zamanı işlənilmənin texnoloji göstəriciləri təyin edilmişdir. Layların süzülmə-tutum və həndəsi parametrlərini təyin etməyə imkan verən yeni yüksəkeffektivli hidrodinamiki tədqiqat üsulları yaradılmış, kollektor süxurlarının süzülmə-tutum parametrləri və mexaniki xassələri öyrənilmişdir. Neft veriminin artırılması və intensivləşdirilməsi üsullarının təkmilləşdirilməsi və yeni üsullarının işlənilməsi sahəsində A.- un böyük rolu olmuşdur. Onun rəhbərliyi ilə neft və suya görə faza keçiriciliyinə temperaturun təsiri ilk dəfə eksperimental yolla tədqiq olunmuş, neft və qaz yataqlarının işlənilməsinin yetkin mərhələsində effektivliyi artırmaq üçün yeni yanaşmalar təklif edilmiş, Azərbaycanda yeni perspektivli neft-qaz yataqlarının aşkar edilməsinin elmi istiqamətləri əsaslandırılmışdır. A. informasiyanın qeyri-müəyyənliyi, risk, çoxvariantlılıq və çoxmeyarlılıq şəraitində neftçıxarmanın müxtəlif texnoloji proseslərinin effektivliyinin artırılması üzrə analiz və qərarların qəbulu metodlarını inkişaf etdirmiş, neft-qaz yataqlarında neft-qazçıxarmanın müxtəlif proseslərinin proqnozlaşdırılması və effektiv idarə edilməsinin iqtisadi-riyazi modellərini təkmilləşdirmiş, yeni modellərini yaratmışdır. A. dayanıqsızlıq konsepsiyası və qeyri-klassik xəttiləşdirilmiş yaxınlaşma əsasında litosferin struktur inkişafının yeni modelinin qurulması istiqamətində mühüm işlər görmüş, Azərbaycanda bir neçə karbohidrogen yatağının kəşf olunması, eləcə də bir çox iri neft və qaz yataqları ehtiyatlarının hesablanması və işlənilməsi layihələrinin hazırlanmasına rəhbərlik etmişdir.
Yüksəkixtisaslı kadrların hazırlanmasında xidmətləri var. 700-ədək elmi əsərin, o cümlədən 19 monoqrafıyanın müəllifıdir. 1977-87 illərdə “AMEA-nın Xəbərləri” jurnalının Yer haqqında elmlər seriyasının baş redaktoru, “AMEA- nın məruzələri” jurnalının redaksiya heyətinin (1979-93) və Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının (1976-87) üzvü olmuşdur. SSRİ Ali Sovetinin (12 çağırış) xalq deputatı seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, SSRİ EA-nın Qubkin ad. mükafatına layiq görülmüşdür.
Əd.: Azərbaycan Milli Ensiklopediyası, 1 cild, Bakı, 2009, s.8-9