Mahmud ibn İlyas (? – ?) – alim, təbib. 13 əsrdə yaşamış Mahmud ibn İlyasın “Elmi təbabət kitabı” zəmanəmizə qədər gəlib çatmış və 18 əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsərin 1260 ildə yazıldığı məlumdur. Bu, Mahmud Şirvaninin eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Onun təcrübi fəaliyyəti də Azərbaycan təbabəti tarixində elmi fəaliyyəti kimi iz qoymuşdur. Elxani hökmdarı Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçi və islahatçısı, həmçinin məşhur həkimi Rəşid əd-Dinin təşəbbüsü və Mahmudun yaxından iştirakı ilə çağdaş klinik mərkəzlər anlamına gələn “Sağlamlıq evləri” – “Dar-üş-şafa”lar yaradıldığı məlumdur. Burada səhiyyə sahəsinin təşkili, tibb elminin inkişafı və tibb kadrlarının hazırlanması məsələlərində Mahmud ibn İlyasın böyük elmi və təşkilatçılıq bacarığı mühüm rol oynayırdı. Təsadüfi deyil ki, Rəşid-əd Din Mahmud ibn İlyası “öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu” adlandırmışdı.
Məlumat www.shamakhi-encyclopedia.az saytından götürülmüşdür.