Şamaxı r-nu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin yamacındadır. Əhalisi 1127 nəfərdir (2009), 249 təsərrüfatı var. Kənddə Hacıbaba, Verdili, Eynəddinli, Hapıtlı, Abdullalı, Qocamanı, Pirməmmədli, Səfərli, Seyidli, Rəhimuşağı, İsmayıluşağı, Hüseynuşağı, Fərhadlı, (Əhməd) uşağı adlı tirə və nəsillər vardır. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 148
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.72