Şamaxı r-nunun Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalisi 630 nəfərdir (2009), 113 təsərrüfatı var. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Nüydü 1-ci kəndi (13 ailə, 97 nəfər), Şamaxı qəzasının Qəbiristan sahəsində Nüydü 2 kəndi (49 ailə, 329 nəfər) qeydə alınmışdır. Qoşun sahəsində qeydə alınan Nüydü kəndi Ağsu rayonundakı eyniadlı kənd, Qəbiristan sahəsindəki isə müasir Şamaxı rayonundakı Nüydü kəndidir. Kəndin adı tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Yaşayış məntəqələri köhnə kənd yerlərinin yaxınlığında olduğu üçün belə adlandırılmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 140
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.150