Şamaxı rayonu Qurdtəpə kənd i.ə.d.-nin mərkəzi. Qurdtəpə yaylasındadır. Əhalisi 804 nəfərdir (2009), 139 təsərrüfatı var. 1874 ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitrovka adlandırılmışdır. 1886 il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitrovka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır. 1918-1920 illərin Azərbaycan Respublikasına aid xəritədə Şamaxı qəzasında Novodmitrovka kəndi ilə yanaşı, ondan az aralı, cənubda, Meysəri kəndindən şimali-qərbində Qurdtəpəsi (Kurd təpəsı yazılış formasında) adlı kəndin olması göstərilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra kəndin əvvəlki Qurdtəpə adı bərpa edilmişdir.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.103