Böyük Qafqazın cənub-şərq batımında yerləşir. Sahədə çoxlu palçıq vulkanı var. Geoloji quruluşunda Orta Yuradan (Mezozoy) Üst Pliosenədək (Kaynozoy) olan çöküntü kompleksi öyrənilmişdir. Sahə eyniadlı sinklinoriumu əhatə edir. Beş böyük tektonik zonaya ayrılır: Şimal, Mərkəz, Cənub-Qərb, Cənub-Şərq və ya Ceyrankeçməz depressiyası və Әlət-Ləngəbiz. Bu zonaların, xüsusilə Şimal tektonik zonasının quruluşu olduqca mürəkkəbdir. Şimal zonası böyük ölçülü uzununa, eninə qırılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmişdir.
Әlət-Ləngəbiz tektonik zonasında uzununa istiqamətdə 100 km-dən artıq məsafədə izlənən böyük qırılma müşahidə edilmişdir. Bu qırılma nəticəsində Üst Pliosen çöküntülərinin Orta Pliosen və Miosen çöküntüləri ilə kontaktı yaranmışdır. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına baxmayaraq tektonik quruluşun mürəkkəbliyindən yalnız iki yataq aşkar edilmişdir: Umbakı neft yatağı, Duvannı qaz-kondensat yatağı. Sahənin neft-qazlılıq perspektivi Üçüncü sistem və Tabaşir çöküntüləri ilə əlaqədardır.
Əd.: ASE, X cild, Bakı, 1987, s.461