Orta əsr Azərbərbaycan memarlıq məktəblərindən biri. Təqr. 8-9 əsrlərdə təşəkkül tapmış, 11-15 əsrlərdə ən yüksək inkişaf dövrünü keçirmişdir. Şirvanşahlar dövlətinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən memarların üslub xüsusiyyətlərini birləşdirirdi. Şirvanda yonulmuş daşdan binalar tikilməsi, eləcə də yerli ictimai-iqtisadi şərait Ş.-A.m.m.-nin inşaat quruluşu və memarlıq ayrıntılarında yerli xüsusiyyətlərin təzahürü üçün zəmin yaratmışdır. Qədim müdafiə tikililərindəki ağır kütləli memarlıq formalarının tədricən yüngülləşməsi və cilalanması Ş.-A. m.m.-nin səciyyəvi xüsusiyyətlərindəndir.
Bakıdakı Sınıqqala minarəsi (1078) bu təkamül prosesinin əhəmiyyətli mərhələsini əks etdirir. Bu abidənin ümumi quruluşunda müdafiə tikilisinə xas olan ağırlıqla bərabər, ayrıntıların və kitabələrin işlənməsində Ş.-A.m.m. üçün səciyyəvi olan xüsusiyyətlər əksini tapmışdır. Ş.-A.m.m.-nin Şamaxıdakı qiymətli abidələri dağılmış, 12-15 əsrlərdə yaradılan və yüksək bədii-memarlıq keyfiyyətlərini özündə əks etdirən binalar Bakıda və onun ətrafında, Dərbənddə, indiki Qəbələ rayonunun Həzrə k.-ndə, Mərəzədə qalmışdır. Bakıdakı Şirvanşahlar sarayı kompleksi, Bayıl qəsri (1235), Qız qalası, Mərəzədəki Diribaba türbəsi Ş.-A.m.m.-nin yaratdığı incilərdəndir. Şirvanşahlar sarayı ansamblı (15 əsr) Ş.-A.m.m.-nin zirvəsidir. Ansamblın memarlıq quruluşunda və daşdan oyma ornament kompozisiyalarında Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri əyani təzahür etmişdir. Ş.-A.m.m.-nə mənsub sənətkarların adları imzalı abidələrdə “Şamaxi”, “Şəmaxi”, “Şirvani” təxəllüsləri ilə qalmışdır.
Əd.: ASE, X cild, Bakı-1987, s.541